04 Dekabr 2023 10:26
6119
MÜSAHİBƏ

"Mavi gözlüm, sənə görə, qürur hissi keçirirəm!" - Şəhid anası ilə MÜSAHİBƏ

Nübar xanım telefonun o başında ard-arda verdiyim suallarıma rəğmən susur. Nəfəs almasından hiss edirəm ki, xatirələrin hansını demək istədiyini düşünür, seçir, seçir, amma bir qərara gələ bilmir.

Telefonun bu biri başında səbrlə gözləyirəm... Bilirəm içi doludur, bilirəm içində nə təlatümlər, nə fırtınalar başlayıb. 3 ildir ki, deyə biləcəklərini demir, eləcə içinə atıb susur. Sanki gözləyir ki, qapı açılsın, Elvin gülə-gülə o qapıdan içəri girsin Nübar xanım da gileyli-gileyli onu qınasın, şikayətlənsin, desin ki, Elvin sən bilmirsən ki, məktəbdən evə 10 dəqiqə gec gələndə özümə evdə yer tapa bilmirdim? Sən unutmusan ki, azacıq kədərli, qayğılı, yaxud xəstə olanda mən uçum-uçum uçalanırdım, üzərində yarpaq kimi əsirdim? Bilmirdin ki, gözümdən 1 saat uzaq olanda az qala havalanırdım, içəri girirdim, çölə çıxırdım, gözüm qapıda qalırdı? Bilmirdin?

Bilirdisə, niyə gəlmir qadasın aldığım, başına dolandığım? Ananı bu qədər gözlədərlər? Sızıltılı səsi, səsindəki, sakitlik, təmkin, ağır yük, acı dərd, qapanmayacaq yaranın qan izləri telefonun o başından qulaqlarımı dəlir, beynimə axır , ürəyimə süzülür: "18 yaşına qədər balamın hər günü, hər saatı, hər anı, ovcumun içində, gözlərimin qarşısında oldu. Bilmirəm axı, hardan başlayım, hansı günümüzü, hansı xatirəmizi danışım".

Sonuncu cümləsindən sonra telefonu özündən aralı saxlayaraq hönkürdüyünü eşidirəm...Kömək eləmir, peşə soyuqqanlılığı, təmkin, səbr kömək eləmir... Qoşuluram Nübar xanıma...

Nübar xanımın "mavi gözlüm" dediyi Elvin Eldəniz oğlu Məmmədov 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub: "Ailədə 1 bacı   2 qardaş olublar. Evin çətinliyini böyük oğlum Elgünün boynuna düşürdü. Elgün diribaş , emosianal idi , amma Elvin tam onun əksinə idi, sakit, danışdırmayınca dinməyən, heç bir istəyini dilinə gətirməyən, ailəyə çətinlik verməyə çəkinən bir xarakterə malik idi.  Atası da, mən də işləyirdik, Elvin balaca bacısına da baxırdı, dərslərindən yaxşı qiymətlər də alırdı, buyrulmaq gözləmədən evin işlərinə də əl yetirirdi.  O qədər sakit təbiətli idi ki, elə bilirdim, yolda -rizdə onu döysələr, vursalar, Elvin buna etiraz edə, cavab verə bilməz.

Bu üzdən hər zaman nəzarətim altında olardı. Hələ yadıma düşmür ki, hansısa bir tapşırığımı yerinə yetirməsin,  etiraz etsin, desin ki, ana mən bunu bacarmıram.... Demirdi, deməzdi! Ağıllıydı mənim balam... Görürdü onları yaxşı dolandırmaq üçün ata-anası fəhləlik edir, nə çətinliklərə qatlaşır.  Buna görə, çox zəhmətkeş idi.

Yaxınlığımızda  maşınların  yuyulması üçün "moyka" açmışdı. Tanıyanlar hamısı gəlib maşınını ona yudurdurdu. Qazancı olan o pulu özü üçün xərcləməzdi, qəpiyinə də əl vurmazdı, yığardı. Elgün əsgərlikdən gələndə yığdığı pulu da, Elgünü də götürdü Bakıya apardı, əyin-baş aldı, gəzdirdi. Elə  Elgün əsgərlikdə olanda da onu qayğısına ata kimi qalırdı. Ümumiyyətlə, Elvinlə Elgün qardaşdan əlavə həm də dost idilər, iş yoldaşı idilər, sirrləri, sözləri bir idi ".

 -Sonra Elvin də həqiqi hərbi xidmətə çağırıldı... Amma sizin  sakit, dinməz, "dava-şava" bilməyən, ana gözündə bəlkə də bir az da "mağmın" görünən Elvin  sən demə, doğmalarının yanında, el içində belə görünürmüş.Əslində isə ordu sıralarına qatıldığı gündən əsl kişi olduğunu, heç bir çətinlikdən qorxmayan, an içərisində düşdüyü çətin situasiyadan çıxış yolu tapmağı bacaran, cəld, qarşıdakı "şərti" düşmənə aman verməyən bir igid kimi tanınır. Məhz onun bu yetənəkləri və nizam intizamı komandirlərin diqqətini cəlb edir. Odur ki, Elvin ordumuzun can-damarı olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir. Azərbaycan xüsusi təyinatlıları, ümumilikdə, Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər.

Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər. Baxın, sizin oğlunuz  nə qədər hazırlıqlı qorxmaz "uşaq" olub ki, bu prosesləri keçmədən XTQ seçilib. Deməli, bu "uşaq"da anadangəlmə XTQ yetənəyi olub, sadəcə , siz onu görə bilməmisiniz! Halal olsun!

- O qədər "uşağım" deyib qorumuşam ki, heç fikir verə bilməmişəm ki, mənə inad başqa bir xarakterlə böyüyür. Bilirsiniz də, balanın neçə yaşı olur olsun, ana üçün körpə bir uşaqdan seçilmir. Sən demə, Elvin elə vətəni qorumaq üçün  böyüyürmüş. Hələ nümunəvi xidmətinə görə yanvarın 9-da (2020-ci ili nəzərdə tutur -red-Ə.R.)  məzuniyyətə buraxmışdılar. Yanvar ayının 10-u baçısının ad günü idi. Bir oyuncaq ağ dovşan da alıb gətirmişdi bacısına. Çox sevindik, şənləndik. Ən çox bacısı Dəniz sevinirdi. Dovşanı da əlindən yerə qoymurdu. Qışın o  günü bizim evimizdə  sonuncu dəfə şənlik, bayram əhval-ruhiyyəsi oldu.

- Müharibə xəbərini nə vaxt eşitdiniz?

 - Elə həmin gün...Eşidən kimi də ürəyim getdi...Elə bildim ürəyimdən bir  sim qopdu, bir damar qırıldı.  Məzuniyyətə gələndə aramızda bir söhbət olmuşdu. O söhbət qəfil, elə müharibə xəbərini eşidən kimi beynimdə yeniləndi, kino lenti kimi gözümün qarşısından keçdi. Demişdi ki, ana, mən bir gün o şərbəti içəcəyəm. Əvvəl anlamadım nə deyir, elə bildim  hansısa kampotu, şirin suyu nəzərdə tutur.Dedim Elvin, atam, hansı şərbəti deyirsən alım gətirim, birlikdə içək. Güldü. Dedi,  ana o şərbət sənlik deyil, o şərbət şəhidlikdir. Gözlərim böyüdü, dedim ana qurban, bu hardan ağlına gəldi? Niyə elə dedin?

Dedi ana, mən şəhid olsam,  kimsə sizin xətrinizə dəyməz,  hamı sizə hörmətlə yanaşar, fotolarımı şəhərin hər yerindən asarlar...Bacım qardaşım, sən, atam mənimlə fəxr edərsiniz... Elə ağladım, dedim bir də o sözü dilinə gətirsən səni danışdırmayacağam. Mən nə bilim, arzuladığı "şərbət" taleyinə yazılıb! Məqsədi elə  ŞƏHİDLİK imiş! Bax, yadıma o söhbət düşdü deyə ürəyim getdi. 15 oktyabr  Xocavənd rayonu Tağlar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Ağdaşda dəfn olunub. Evdən getdiyinin heç bir ili də tamam olmadı...(Hönkürtü ilə ağlayır)

-Maraq məni bürüdü, bir söz soruşum: Doğrudanmı, Elvinin dediyi kimi hamı sizə hörmətlə yanaşır?

-Ruhuna qurban olduğum elə bil bu günləri əvvəlcədən görürmüş. Müharibədən əvvəl bizim ailəni öz ətrafımız, qohum əqrabamız tanıyırdı. Amma indi elə yerlərdən şəhid balamın adını tutub gəlirlər ki...Günün hər saatında Elvini ziyarət edirlər.  Hələ 2021-ci ildə Ağdaş şəhərində  Elvinin adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər biz ailəlikcə  iştirak etdik, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olundu. Xatirə bulağının açılışında balamın Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıldı, ruhuna dualar oxundu. İnanırsınız o qədər qürurlandım ki...Həmin gün üzüm güldü. Əslində inanırdım ki, Elvin hardansa, yarpaqların arasındanmı, göylərin ənginliklərindənmi bizə baxır və sevinir ki, həm, məqsədində olan Şəhidlik şərbətini içdi, həm də,  bizim ailəni hörmət və ehtiram göstərilməsinə nail oldu.

Harda oluram, hara gedirəm, deyirlər şəhid Elvinin anası gəlir! Məni də ailəmizi də Elvinə görə tanıyırlar,  ehtiram göstərirlər! "Mavi gözlüm, sənə görə, qürur hissi keçirirəm, bunu mənə sən yaşadırsan, ana qurban" deyə bağırmaq istəyirəm. Amma yüz faiz inanıram, Elvin bizi də yaşadığımız qürur hissini də görür , duyur! Ruhu şaddır! Bilirəm, zaman gələcək yaradılan bir gün torpağa gedəcək... Hamımız gedəcəyik. Amma Elvin də, Elvin kimi minlərlə şəhid balalar unudulmayacaq, yaddan çıxmayacaq, hər zaman anılacaq, məktəblilər, gənclər onlar kimi vətənpərvər olmağa çalışacaq. Bax, belə-belə fikirlərlə təsəlli tapıram, özümü ovuduram. Unutmamış deyim ki,  Elvinin işlətdiyi "moyka" vardı, indi onu qardaşı işlədir. Adını da "052" qoyub.  Bax, onun yanından ötəndə də qürurla ötürəm! 

 

- Dövlətimiz də Elvinimizi dəyər kimi qiymətləndirib:  "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" , "Cəsur döyüşçü" , "Kəlbəcərin azad olunmasına görə" medalları və, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib. 

-Mən anayam, Elvinin anasıyam, o Elvinin ki, "işə girim, ev tikim, ailə qurum" deyə arzular etmədi! Şəhidliyi özü seçdi, özü arzuladı, özü də öz arzusuna çatdı. Ana olaraq belə bir yükü çəkmək ağır dərddir, çəkiləsi dərd deyil.Uşaq ikən anamı itirmişəm, sonra atamı itirmişəm... hər yara sağalır, yumuşalır, amma bala dağı sağalmır, bu ağrını heç nə ilə xəfiflətmək olmur! Amma  yükümüzü, ağrı-acımızı xalqaımızın, dövlətimizin bizə qarşı, şəhid balama qarşı ehtiramı bizi ayaqda tutur, bizi sakitləşdirir! Nə deyim... mavi gözlüm, qurban olduğum özü seçdi şəhidliyi!Şəhidliyi mübarək!

- Mən də Elvinin simasında canını vətənə qurban vermiş, Şəhidlik şərbətini içmiş bütün igidlərimizin ruhu qarşısında baş əyirəm!

 Söhbətləşdi Əntiqə Rəşid