adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2025 18:30
80
SİYASƏT
A- A+

Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Tamaş Şuyok tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.

Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı, əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyinə dair əminlik ifadə olunub.

Beynəlxalq platformalar - BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

*** 14:33

Macarıstan Prezidenti Tamaş Şuyok xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə Adalet.az-a XİN-dən bildirilib.

Görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi barədə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma təqdim edib.

Tərəflər strateji tərəfdaşlığın əsas sahələrdə, o cümlədən ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqələri, təhsil və mədəniyyət sahələrində genişləndirilməsini müzakirə ediblər.

Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoq və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.

Regionumuzdakı post-münaqişə reallıqları, Ermənistanla normallaşma prosesi, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma səyləri də müzakirə mövzusu olub.

Tərəflər regional və çoxtərəfli çərçivələrdə artan əməkdaşlığı vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ortaq öhdəliklərini qeyd ediblər.