12 May 2025 15:15
121
MƏMLƏKƏT

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlara velosipedlər hədiyyə olunub - FOTOLAR

Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6–18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub.

Mütəmadi olaraq keçirilən, bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq,onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir. Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyatakeçirilir. Müxtəlif hədəf və yaş qruplarını əhatə edən bu təşəbbüslər insanların sosial rifahının yaxşılaşdırılımasına, onların həyat keyfiyyətinin yüksəldilməsinə, təbiətin və biomüxtəlifliyin qorunmasına, ekoloji tarazlığın bərpasına mühüm töhfələr verir. Bu layihələr yüz minlərlə insanın həyatına bilavasitə müsbət təsir göstərərək, həm cəmiyyətin rifahına, həm də planetimizin davamlı inkişafına xidmət edir.