“Kinli insan deyiləm”- MÜSAHİBƏ

“Həmişə hər şeyi qədər və qismətə bağlamışam. Düşünmüşəm ki, nəsə mənim qismətimdədirsə, deməli, olacaq. Həmişə Allahdan xeyirlisini istəmişəm. Demişəm ki, nə xeyirlidirsə, onu mənə nəsib elə. Elə də olub. Nə xeyirlidirsə, Allah onu da mənə qismət edib”. “Ədalət” qəzetinin qonağı bəstəkar Pərviz Mahmudovdur.
-Həyat mücadiləniz nədir?
-Həyatda olan mücadiləm düzgün əqidədə olmaqdır. Eləcədə övladlarımı böyütmək, ailəm və əzizlərim üçün çalışmaqdır.
“Allaha minnətdaram, mənə istedad verib”
-İncəsənət nümayəndələri adətən duyğuların əsirinə çevrilirlər. Məntiq, yoxsa duyğu? Siz hansı ilə hərəkət edirsiniz?
-Heç vaxt duyğularımla hərəkət etmirəm. Və duyğuları ilə də hərəkət edən insanları sevmirəm. Yalnız düşünüb ağlımla, məntiqimlə hərəkət edirəm.
-Elə bir anlar olubmu ki, özünüzə inamı itirmisiniz?
-Heç bir zaman özümə inamımı itirməmişəm. Çox şükür Allaha. Buna görə də hər zaman Allaha şükür eləmişəm. Allaha minnətdaram ki, mənə belə bir istedad verib. Bu istedadı özümdə hiss edib onun arxasınca getmişəm. İstedadıma güvənərək inamımı itirməmişəm. Hər zaman bilmişəm ki, uğur məni gözləyir. Və o uğurun da arxasınca qaçmışam, beləliklə, onlara nail olmuşam.
-Hansısa bir situasiya olubmu ki, prinsiplərinizdən keçmisiniz?
-Həmişə hər şeyi qədər və qismətə bağlamışam. Düşünmüşəm ki, nəsə mənim qismətimdədirsə, deməli, olacaq. Həmişə Allahdan xeyirlisini istəmişəm. Demişəm ki, nə xeyirlidirsə, onu mənə nəsib elə. Elə də olub. Nə xeyirlidirsə, Allah onu da mənə qismət edib.
-Musiqi bəstələyən zaman hansı prinsiplərə əsaslanırsınız?
-Yeganə olaraq musiqi bəstələyəndə duyğularımla hərəkət edirəm. Heç bir prinsip düşünmədən. Musiqi elə bir şeydir ki, orada duyğular öz sözünü deməlidir. Necə hiss edirsənsə, elə də musiqi bəstələməlisən.
-Kinli insansınız?
-Qətiyyən kinli insan deyiləm. Kin saxlayan insanları da xoşlamıram. İnsanların mənə qarşı hansısa haqsızlıqları, bəyənmədiyim hərəkətləri belə olanda onlara şans verirəm. Mənə qarşı haqsızlıq edən insanı birdəfəlik həyatımdan silib atmıram. Bu hərəkətlər 2-3 dəfə təkrar olunduğu təqdirdə ona sərhəd qoyuram. Onları özümdən uzaqlaşdırıram.
-Xarakteriniz bəstələrinizə sirayət edirmi?
-Xarakterimlə bəstələrim arasında fərq var. Musiqilərim həmişə həzin olur, amma özüm təbiətcə sakit bir insan deyiləm. Çox çılğın və əsəbi birisiyəm.
“Allah heç bir bəndəsini çarəsiz qoymasın”
-Uğurlarınızı kimə borclusunuz?
-Uğurlarımı Allaha borcluyam. Bir az öncə də dedim, mənə bu istedadı Allah verib. Sənətə gəldiyim gündən heç kimdən dəstək görməmişəm. Bunu da bütün ətrafım bilir. 15 illik sənət fəaliyyətimdə özüm bir çox insanlara dəstək olmuşam. İstər müğənnilər olsun, istər öz sahəmdə, hər zaman çörəyimi bölən adam olmuşam.
-İnsan həyatda müxtəlif situasiyalarla üz-üzə qalır. Çarəsiz anlarla da belə. Heç olubmu ki, çarəsiz qalasınız?
-Heç bir zaman çarəsiz qalmamışam. Ona görə də Allaha şükür edirəm. Ən qorxduğum şeylərdən biridir. Allah qorusun. Allah heç bir bəndəsini çarəsiz qoymasın.
-Özünüzə hesabat verirsiniz?
-Düzü, özümə hesabat vermirəm. Bir şeyi edəndə o qədər düşünürəm ki, hətta düşünmək belə lazım olmayan xırda bir şeyi çox fikirləşirəm. Odur ki, hesabata ehtiyac qalmır.
-Kiməsə qarşı ədalətsiz olmusunuz?
-Ən sevmədiyim insana qarşı da heç bir zaman ədalətsiz olmamışam. Bunu ətrafımda kimdən soruşsanız, deyər ki, ədalətsiz insan deyiləm.
-Koronavirus pandemiyası çoxunun işini yarımçıq qoyub planını pozdu. Pandemiya sizin işlərə necə təsir elədi? İşləriniz yarımçıq qaldı, yoxsa xüsusi bir təsiri olmadı?
-Koronavirus mənim də işlərimə böyük zərər vurdu. Bir neçə bəstələrim olacaqdı, həmin mahnılar qaldı. Son günlərdə Şuşanın alınmasından sonra böyük həvəslə mahnı bəstələdim. 150-yə yaxın bəstəm var. Həmişə mənə sual olunurdu ki, niyə Vətənpərvər mahnılar bəstələmirsiniz? Mən də deyirdim ki, Allahın izni ilə o mahnını qələbə qazandığımız gün yazıb oxuyacam. Elə də oldu. Şuşa alınan gün o qədər sevindim, o qədər qürurlandım ki, həmin hisslərimi musiqi ilə bildirmək istədim. Və “Vətənim qayıdıb” mahnısını yazdım.
-Uğurlarınız bol olsun. Təşəkkür edirəm ki, müsahibə verdiniz.
-Mən sizə minnətdaram.
Rövşən Tahir
Digər Xəbərlər

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alındı

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Vüsal Murtuzəliyev əməliyyat olundu

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu

"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR
