21 Dekabr 2020 16:59
106678
RUBRİKA

“Həkim personalı yetərincə deyil” - Pandemiyadan danışdılar

Artıq 1 ilə yaxındır ki, pandemiyadan danışırıq. O, müxtəlif sahələrə, xüsusən də, sosial həyatımıza hansı təsirləri bağışlayıb? Bax bunları çox zaman müzakirə edirik. Səhər gözümüzü açan kimi ilk baxdığımız və öyrənmək istədiyimiz məlumat rəqəmlərdir. Statistika nə deyir bizə? Yoluxma sayı çoxalır, sağalanların sayı azalır, yaxud çoxalır? Bu isə bizim panikaya düşməyimizə səbəb olur. Biz reallıqda həyatımızı necə qururuq, pandemiyaya uyğunlaşa bilirikmi? “DƏYİRMİ MASA”da müzakirə mövzumuz “Pandemiyanın sosial həyatımıza təsirləri”dir. Qonaqlarımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov, konfliktlərin idarə edilməsi üzrə mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Roman Məmmədov və sosioloq Əhməd Qəşəmoğludur.

-Pandemiya sosial həyatımıza necə təsir edib, hansılardır bu təsirlər?

E. Rüstəmov: “Müasir insanın ən böyük problemi, böyük maddi-texniki imkanlara malik olmasına baxmayaraq problemlərə, zamanın çağırışlarına adekvat cavab verə bilməməsidir. Biz iş və ya məktəb stressiylə məşğul oluruq, amma orqanizmimiz bu stressə sanki qarşımıza qorxulu bir heyvan çıxıbmış kimi reaksiya verir, bizi qaçmağa, yaxud mübarizə aparmağa sövq edir. Düzdür, son dövrlər bu istiqamətdə mühüm dəyişikliklər yaşayırıq. Artıq sadəcə orqanizmimiz deyil, problemimiz də primitivləşib: bu gün biz daha çox sağ qalmağa çalışırıq! Və bu cəhd sadəcə insanların daxili dünyasını deyil, onların sosial həyatlarını, davranışlarını və nəticədə ictimai strukturu da dəyişir.  

Pandemiya bütün dünyanı bürüyüb və bəşəriyyətin yeganə gündəm mövzusu olub. Amma bu bəşər tarixinin indiyə qədər yaşadığı nə ilk, nə də son pandemiyası deyil. Belə ki, 1918-ci ildə başlayan "İspan qripi” pandemiyasında 50 milyon, "Qara Ölüm" kimi dəyərləndirilən 14-cü əsrdə baş verən “Vəba” pandemiyasında isə 200 milyona yaxın insanın öldüyü tarixi mənbələrdə qeyd olunur. İllər öncə yaşanmış hadisələrin insanların psixologiyasına təsiri real qəbul olunmasa da, tarix boyunca yaşanan pamdemiya halları ictimai strukturları və mədəniyyətləri kökündən dəyişdirmişdir, hətta bununla bağlı müxtəlif tədqiqatlar da mövcuddur”. 

“Virusla birgə yaşamağa öyrəşməliyik”

R. Məmmədov: “İnsan elə bir varlıqdır ki, eyni halın uzun müddət davam etməsi ona həm bioloji, həm psixoloji, həm də sosioloji olaraq təsir edə bilir. Daha çox oturaq həyat tərzi yaşayan insanların artıq çəki problemlərinin olması. Bu bioloji fəsadlardan biridir. Psixoloji olaraq təsirdən danışarkən isə qeyd edim ki, belə bir ifadə var: “Bir insana 40 dəfə dəli desən, dəli olar”. Bu nə deməkdir? “O insan özünün dəli olduğuna inanacaq” deməkdir. Və inandığı zaman da bunun psixoloji özünü göstərməsi labüd olacaq. Sosioloji olaraq insanların bir-birlərini anlamaması, anlamaqda çətinlik çəkməsi, fikirlərin dağınıqlığı  və s.-i qeyd etmək olar”.

Ə. Qəşəmoğlu: “Bir il bizim sosial həyatımızda çox böyük dəyişikliklər oldu. Bütün dünyada bu dəyişikliklər baş verdi, o cümlədən də, Azərbaycanda. Birincisi, səhiyyədə bəzi nüanslar özünü göstərdi, xəstələrin sayı çoxaldıqca məlum oldu ki, onlara qulluq edəcək həkim personalı yetərincə deyil. Bununla yanaşı əhalinin sağlamlığın qorunması üçün xəbərdarlıq edilən profilaktik tədbirlərə etinadsızlığı özünü biruzə verdi. İkinci böyük zərbə təhsil sisteminə oldu. Müəllim şagird, tələbə ilə üz-üzə ünsiyyətdə olanda tamamilə başqa bir tədris mühiti olur. Onlayn görüşdə isə arzuolunmayan bir vəziyyət formalaşır. Daha bir problemi qeyd edim, uşaq baxçalarının fəaliyyəti dayandı. Bu, təbii ki, uşaqların formalaşmasına mənfi təsir etdi. Digər tərəfdən yaxın qohumlar belə bir-biriləri ilə görüşmürlər. Kifayət qədər problemləri qeyd etmək olar. Amma insanlar ruhdan düşməməlidir. Mən dəfələrlə demişəm, yenə də qeyd edirəm, kəndlərdə insanlar ilanla birliklə yaşamağa öyrəşdikləri kimi biz də virusla birgə yaşamağa öyrəşməliyik”.

-İnsanlar bu gün psixoloji basqı altındadır, qorxu keçirirlər. Bax elə bundan danışaq...

Ə. Qəşəmoğlu: “İnsanlar çox böyük psixoloji basqı altında yaşayırlar. Bunun özü pisdir. Çünki bu birbaşa immunitetə ciddi zərbə vurur. Aydındır ki, bu xəstəlik başlayandan hər kəs çağırış edir ki, immuniteti gücləndirin. Amma təəssüf ki, insanların çoxsunda həddən artıq qorxu, stress var. Bu qorxunun özü psixoloji sarsıntı yaradır, imuniteti zəiflədir, yeni xəstəliklər yaradır. Bu sahədə ətraflı maarifləndirməyə ehtiyac var. İnsanlar bilsə ki, koronavirusla necə yaşamaq olar, hər şey qaydasına girər. İnsanlar bilməlidir ki, məsafə saxlamaq lazımdır, maska taxmaq lazımdır, əlləri, üzü təmiz yumaq lazımdır. Bax bunlara riayət etməklə özünü qorumaq olar”.

E. Rüstəmov: “Pandemiya zamanı əksər insanlarda müşahidə olunan davranış formalarından biri özünəqapanmadır. Ölüm təhlükəsi yaradan hallar özüməqapanma və “kənar insanlarla məsafə saxlamaq” davranışını artırır. Qrupdaxili münasibətlər çoxalır, "yadlarla" münasibətlər daha məsafəli olur. Bu isə kollektivist yanaşmanın ortaya çıxmasına səbəb olur. 

Təşviş, narahatlıq, təmizlik

Xəstəlik təşvişi ilə yaşadığımız bu günlərdə də normal halda iyrənmədiyimiz bir çox şeydən uzaqlaşmağa başladıq. Məhz başqaları da toxunur deyə liftin düyməsinə basmır, marketdəki məhsullara belə toxunmayırıq. Bütün bunlar isə həm özümüzə, həm də ətrafımıza güvəni sarsıdır. Covid 19-un mənfi tərəfləri olduğu kimi bizə qazandırdığı müsbət vərdişlər də oldu. Maddi təminatı aşağı olan, karantin şəraitinin mənfi təzahürlərinə məruz qalan insanlara qarşı yardım kompaniyaları başladıldı, insanlar bir-biri ilə münasibətdə daha empatik yanaşmağa başladılar.

Pandemiyanın səbəb olduğu təşvişli düşüncə təəssüf ki, koronavirusdan daha sürətlə yayılır. Bəzi insanlar Covid-19 və virusdan müdafiə yollarına ifrat fokuslanaraq şişirdilmiş və patoloji davranışlar sərgiləyirlər. Qorxu, təşviş, çarəsizlik, ümidsizlik, qeyri-müəyyənlik və aqressiv hisslər arasında dəyişiklik yaşayan insanın psixikasında da müxtəlif problemlər müşahidə olunur. "Karantin nə qədər davam edəcək?", "yenidən məktəblər açılacaq?", "xəstəliyə tutulsam necə olacaq?", "pandemiyanın nəticəsində yaranan iqtisadi problemlər hansı mənfi halların yaranmasına səbəb olacaq?" kimi bir çox qeyri-müəyyən suallar insanları narahat edir. Bütün bu narahatlıqlar isə psixoloji ədəbiyyata yeni bir termini daxil etdi: "koronafobiya".

Keçmiş dövrlərdə kütləvi ölümlərə yol açan yoluxucu və pandemik xəstəliklər böyük psixoloji problemlərin yaranmasına səbəb oldu. Koronavirus nəticəsində bəşəriyyət ən böyük qorxularından biri olan ölüm qorxusunu yaşayır. Ölüm insan üçün ən böyük qorxu mənbəyidir. Bütün qorxu və dram filmlərinin əsas sujet xəttini bilirsiniz ki, personajların tək-tək, yaxud ümumi fəlakət nəticəsində ölməsi ya da öldürülməsidir. Ölüm hamımız üçün baş verəcək, inkar olunmayan reallıqdır. Ölüm qorxusu ilə mübarizə aparmaq yollarını axtarmaq, qeyri-müəyyəni fərqli ssenarilərlə idarəolunan vəziyyətə gətirmək vacibdir. 

Son aylarda ölüm instinktinin artmasına səbəb pandemiyanın geniş yayılması və daha çox insanların bu virusdan həyatını dəyişməsidir. Bu gün yaşadığımız qorxu isə qorxmağımız üçün çəkilən filmlərin sanki reallığa çevrilməsidir. Hamımızı qorxudan ən böyük şey isə bunun film ssenarisi olmadığını bilməkdir.

Koronavirus pandemiyası bütün həyatımızı dəyişdirdi. 21-ci əsrdə elm və texnologiya dövründə görünməz qüvvə bütün həyatımızı alt-üst elədi və etməyə də davam edir. Psixoloji baxımdan hamımız mənfi təsirə məruz qaldıq. Bizi qorxudan və fobiyaya çevrilən şey yaşanılan hadisəni "fəlakətləşdirmək" və mübarizə apara bilməyəcəyimiz bir hadisə kimi qavramağımızdır. Əksər KİV-lər təəssüf ki, məhz "fəlakətləşdirməyə" xidmət göstərdi. Bəzi insanlar daha çox psixoloji təsirə məruz qaldı və bu da “koronafobiya” terminin yaranmasına səbəb oldu. Xüsusilə, bu situasiyadan çox mənfi təsirlənən insanlarda təşvişli-nevrotik pozunti və ya təmizlik obsessiyası müşahidə olundu. Bir çox hallarda ifrat təşviş hissinə koqnitiv təşvişə səbəb olan fəlakət ssenariləri və bunların nəticəsində ortaya çıxan psixosomatik əlamətlər də əlavə olundu.

Ona görə də pandemiya və postpandemiya dövründə psixoloji maariflənmə və psixoproflaktik işin geniş şəkildə həyata keçirilməsi olduqca vacib bir məqamdır”.

R. Məmmədov: “Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasında koronavirusun mutasiyaya uğramış formasının mövcudluğundan bəhs olundu. Hətta bütün ölkələrə daha sərt tədbirlər görülməsi üçün müraciət edildi. Bu anlaşılandır. Kütləvi xəstəliyin yayılması və səhiyyə sistemi müasir olan ölkələrdə belə bu xəstəliyin qarşısının alınmasında özünü göstərən çətinlikliklər var. Təbii ki, bu bir çox insanlarda panik halların yaranmasına gətirib çıxarır. Bu hər kəsə aid deyil. Amma bəzi insanlar virusun mövcudluğundan ciddi narahat olub qorxuya düşürlər. Bu insanın xarakteridən irəli gələn məsələdir. Düşünürəm ki, insanlar panikaya düşməməli, qayda-qanunlara riayət etməlidirlər”.

Rövşən Tahir