adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2024 16:27
2052
ELM VƏ TƏHSİL

Laçında ilk dəfə buraxılış imtahanı keçirildi

Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.

Adalet.az xəbər verir ki, Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb.

4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

Lamiyə Nəcəfli Laçında təşkil edilən ilk buraxılış imtahanında iştirak etdiyi üçün fəxr etdiyini bildirib: “Bu gün ilk dəfə olaraq doğma yurdumuzda imtahan keçirildi. Bizim üçün fəxrvericidir ki, öz torpaqlarımızda imtahan verdik. İmtahan yaxşı keçdi. Həyəcanlanmadım, çox rahat oldu”.

Buraxılış imtahanı Zabux kənd tam orta məktəbində də uğurla başa çatıb.