adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Mart 2023 11:06
1007
KRİMİNAL

Kriminalist Rövşən Əliyevin naməlum qətli: 21 illik sirr...

Bu gün kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmiş Rövşən Əliyevin qətlindən 21 il keçir.


Adalet.az xəbər verir ki, Rövşən Əliyev 1972-ci ildə orta təhsilini Ağstafada başa vurub.Elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olub və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlib.
R.Əliyevin bu qədər yüksək vəzifələrə irəliləməsinin əsas səbəbi təbii ki, onun yüksək bilik, dərin zəka və işguzar fəaliyyətə dayanan zəngin təcrübə sahibi olan bir kadır olması idi. O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru kimi bu qurumun formalaşdırılmasında müstəsna xidmətlər göstərmiş biri idi (1992–1993).
R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.

 

Qətllə bağlı versiyalar 
 

Hüquqşünas Adil İsmayılov məsələ ilə bağlı belə bir hadisə danışıb:” Rövşən Əliyevin qətlə yetirilməsi ilə əlaqədar yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubovla görüşdüm. O vaxt Usubov idarə rəisi idi. Mən Usubova Rövşən Əliyevin ölümündə Hacı Məmmədovun iştirak etməsi versiyasının olub-olmadığını soruşdum. Usubov dedi ki, onların da bəzi şübhələri var və bunu yoxlayacaqlar. Usubovla görüşümüzdən iki gün sonra mənim iş yerimə bir vəkil gəldi, o indi də kollegiyanın, həm də intizam komissiyasının üzvüdür. Vəkil mənə dedi ki,onu məndən incidiyi üçün Hacı göndərib, çünki mən prokurorluğa Rövşəni Hacının öldürməsini demişəm. Doğrusu, o vaxt mən buna xüsusi əhəmiyyət vermədim və prokurorluğa Hacının Rövşəni öldürməsini yox, bu işdə şübhəli ola biləcəyini dediyimi təsdiq etməklə kifayətləndim. Bir neşə gün sonra həkim dostumla Rövşənin cümə axşamı mərasiminə getdik, dostum Rövşəni mənə görə tanımışdı və hüzürə onu da aparmağımı xahiş etmişdi. Məclisdə Hacı Məmmədov gəlib stolda bizimlə üzbəüz oturdu, ordan burdan söz salıb, sonda dedi ki, Adil İsmayılov pivzavodun direktorunun ölüm işindən aldığı pulları ömrünün axırına kimi xərcləsə qurtarmaz. Onun danışığı dostuma xoş gəlmədi, çıxanda soruşdu ki, bu adam niyə belə danışır. Mən ona Hacı barədə prokurorluğa dediklərimi söylədim. 2005-ci ildə Hacı həbs edildikdən sonra onu televiziyada görən dostum, çox həyacanlanmış vəziyyətdə mənim yanıma gəlib soruşdu ki, bu Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib”.

Jurnalist Aida Eyvazlının araşdırması: “Oğlu Rain isə anasına deyib ki, “ana, atamızı tanıdığı adam vurub. Kriminalistikanın qanunlarını bilirəm. Çünki atamın üzündə narazı bir ifadə var idi. Onu geri çağırıblar, dönüb baxıb, vuran adamı tanıyıb”. İradə xanım onu da deyirdi ki, “Rövşən müəllim, tanıdığı adamla görüşə gedibmiş. Əks halda, o belə görüşlərə silahsız getməzdi”.

...Azərbaycanda baş tutan növbəti terrorun motivini dəyişsinlər deyə, Rövşən Əliyevi əməliyyat məlumatı almaq üçün getdiyi bir qadının qapısı ağzında vurmuşdular. Və nə yazıqlar olsun ki, yaman əllər onu qətlə yetirəndən sonra, yaman dillər qətlinə don geydirmək istədilər. Onu əvvəlcə “Svetlananın evinə gedərkən”, daha sonra isə “Lyudmilanın qonağı olarkən qətlə yetiriblər” kimi heç bir etik normaya sığmayan şayiələrlə ləkələmək istədilər. Rövşən istintaqçı idi. Onun çox sayda gizli əməliyyatçıları var idi. İstintaq təcrübəsindən isə qadınların bu işə daha yaxşı yaraması məlumdur. Bu isə əslində cinayətin izinin azdırılaraq məişət zəmininə yönəldilməsi üçün işlənən versiya idi. Nə yaxşı ki, bu yalan nə ayaq tutdu, nə də yeridi.
Onu sevməyənlər həqiqəti sevməyənlər idi. Rövşəni qətlə yetirən bandanın üzvləri də elə mart ayında ifşa olundu. 3 il sonra 2005-ci ildə. Cinayətlərin baş fiqurantı olan qatil Hacı Məmmdəov deyib ki, Rövşəni vurdurandan sonra, oturub işin-için ağlayıb. Daha sonra qeyd edib ki, “...mən və dəstəmin 5-6 nəfər üzvləri bu “osminoq”un bir barmağıdır. Mən burada olduğum müddətdə “osminoq” böyüyüb, artıb məndən də böyük barmaqları var. Rövşənin qətlinin səbəbini bilirəm, bu “osminoq”un başqa və daha böyük ayağıdır”.

 

SON olaraq


Əslində ictimaiyyət də, media da belə qətllərin tez-tez baş verməsini həyəcanla izləyib. General Eduard Hüseynov, parlamentin sədr müavini Afiyyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov, akademik və deputat Ziya Bünyadov(Ziya Bünyadovun nəvəsi ölümündən təxminən bir il sonra Amerikada qətlə yetirildi.), deputat Əli Ansuxski, Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkin ( Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü.), AFFA-nın vitse-prezidenti, polkovnik Fətulla Hüseynov, «Monitor» jurnalının redaktoru Elmar Hüseynov və nəhayət, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayev.
Beləcə  Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilən Rövşən Əliyev 2002-ci il 13 martda Bakıda dəfn edildi.


Əntiqə Rəşid