adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 May 2023 15:45
1882
MÜSAHİBƏ

""Kotayk"laşmış  Qırxbulaq obası, "Getar"laşmış Gedər çayı" - MÜSAHİBƏ + FOTOLAR

Ötən gün erməni mediasında bir sel fəlakəti haqqında yazı oxudumş Deməli, 1946-ci ilin mayın 25-dən 26 tarixlərində Getar çayında daşqın olub. Çayın şəhərə sürüyüb gətirdiyi daşların diametri 1-1,5 metrə çatıb. Şəhər böyük ziyan görüb, dağıntılar olub, ermənilər ölüb. Yazını oxuyanda ilk ağlıma gələn o oldu ki, görəsənbu hansı sa Azərbaycan çayıdır ki, sovet höküməti onu ermənilərə peşkəş edib. Odur ki, həmin çayın Azərbaycan versiyası olan adını axtarmağa başladım. Amma sonda qərara gəldim ki, ən yaxşı məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Adalet.az-ın oxucularına çatdıracaq.

-Zaur müəllim, əvvəlcə “Getar çayı”nın açmasını bildirməyinizi xahiş edirik...


- Ermənilər İrəvan ərazisinə 1813-1828-ci illərdə köçürüldüyünə görə, əlbəttə ki, yaşadıqları ərazilərin əsl sahiblərinin qoyduğu adları silməli idilər və sildilər. O, çay da Azərbaycanlıların sıx yaşadığı indi Ermənistan deyilən Qərbi Azərbaycandadır. Ermənilərə qədər o çayın öz adı olub. Bunu tək biz demirik, azərbaycanlı olmayan tarixçilər də dəfələrlə qeyd ediblər.

Məsələn Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist yazır: “...Bir çox şəhər və qəsəbələrdən keçib, şər qovuşanda İrəvana çatdıq... Tiflisdən İrəvana məsafə 48 lyödür. İrəvan böyük şəhərdir, lakin yöndəmsiz və çirklidir. Şəhərin böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Bircə dənə də olsun, gözəl binası yoxdur. Şəhər hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axır. Bu çaya bulaqlarının sayına görə həm də “Qırxbulaq çay” deyirlər”.
Qeyd edim ki, bəzi mənbələrdə Qırxıbulaq çayının adı Gedərçay kimi yazılır. Bu gün də işğalçı ermənilər onu “Getar” kimi tələffüz edirlər.
1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində Abbasqulu xan İrəvanskinin müstəsna rolu olmuşdu.

(1946-cı ildə selin şəhərə gətirdiyi daşlar)


- Bəzi tarixçilər deyir ki, Qırxıbulaq çayının (Gedər çayı) adı ora tək 40 bulaqdan su gəldiyi üçün deyil o ərazilər eyni adda olması ilə bağlıdır. Sizin versiyanız nədir?

-Qırxbulaq Göyçə mahalında qədim bir yaşayış yeridir. Osmanlı dönəmində Qırxbulaq nahiyəsinin davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Toponim Azərbaycan dilində “çoxlu” mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd Qırxbulaq adlandırılmışdır. Qeyd etmək lazımdır ki, XVI-XIX əsr erməni mənbələrində bu toponim bir çox hallarda Kotak şəklində əksini tapmışdır. Araşdırmalar göstərir ki, Kotak, Katak və ya Kotayk toponimi eramızın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış peçeneqlərin katayk tayfasının adından yaranmışdır. Sonra mahal ərazisində Ellər rayonu təşkil olmuşdu. Toponim türk dilində ”xalq, tayfa”, “tayfa birləşməsi, tayfa ittifaqı” mənasında işlənir.
Qırxbulaq İrəvan şəhərinin yaxınlığında yerləşən, çayları, bulaqları ilə məşhur olan bir mahaldır. Tiflis yolunun üzərində olan bu mahal da qədim körpüləri, məscidləri və türk xristianlığının izi olan məbədləri ilə məşhur idi.


- Görün, torpaqlar necə zəngin sərvətə malik olbdur ki, qədim insanlar, ulularımız buranı ta qədimdən yurd yeri ediblər.


-Ən kədərləndirici hal odur ki, hazırda Ermənistan adlanan Qərbi Azərbaycanın hər qarışı varidatdır, sərvətdir. Burada yaşayan əhali hələ qədim dövrlərdən dəvə təsərrüfatı ilə məşhur olmuşdur. Mineral ehtiyatlarının zənginliyi və boyaq bitkilərinin çeşidliliyi burada tarixi çox qədimə gedib çıxan boyaqçılıq sənətinin inkişafı üçün də əlverişli şərait yaratmışdır.
Qırxbulaq mahalında Ellər bölgəsinin Avdallar, Göykilsə, Cadqıran, Civriş, Ellər qəsəbəsi, Ərzni qəsəbəsi, Kənəkir, Nurnus və digər kəndlər xalçaçılıq məntəqələri olmuşdur.


-Zaur müəllim, heç bu kəndlərdən indiyənə qalanı var? Yoxsa, ermənilər hamısını erməniləşdirib...


- XIX әsrin birinci rübünә aid mәnbәdә Qırxbulaq mahalı artıq iki adla tәqdim olunur: Qırxbulaq mahalı vә Zәngibasar mahalı. İ.Şopen Qırxbulaq mahalına mәxsus 48 kәnd qeydә almışdır vә bu kәndlәrdәn 26-sının artıq dağıldığını qeyd edir. Mәhz bu mәlumata әsaslanan C.Bornoutyan mәrkәzi Kәnәkir olmaqla bu mahala 22 kәndin daxil olduğunu qeyd edir. İrәvan xanı Mәhәmmәd Hüseyn xan Qacara mәxsus olan mülklәrin siyahısından da mәlum olur ki, Zәngibasar kәndlәrinin çoxu Qırxbulaq mahalının içәrisindә verilmişdir.
Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. Mahal şərq tərəfdən onu Göycə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub-qərbdən Gərnibasar, qərbdən isə Körpübasar mahalı ilə həmsərhəd idi. Qırxbulaq yaylasının bulaqları İrəvan şəhərini içməli su ilə təmin edirdi. Şəhərin cənubundakı bağlar isə Gedər (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi.


- Adamın ürəyi az qalır partlasın...Bu ərazilərdə ermənilərin məskunlaşması konkret olaraq hansı illərdə həyata keçirilib. Hansı ölkədən gəliblər: Livan, İran, Türkiyə...


1831-ci ildən sonra bura Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilib. 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılmağa başlayıb. 1906-cı ildən sonra burda ermənilər yaşayıb.


- Erməni olan yer də erməni olar...


- Bəli, Qırxbulaq sovetlərin işğalından sonra, 1930-cu ildə Kotayk rayonu adı aldı. 1961-ci ildə Kotayk bölgəsinin adı Abovyan olaraq dəyişdirildi. 1990-cı ildə Abovyan bölgəsi yenidən Kotayk adlandırıldı.

 - Bu tip məlumatları, xüsusən erməniləşdirilmiş qədim yur yerlərimizin: dağlarımızın , dərələrimizin, düzənlərimizin, şəhər -kənd və qəsəbələrimizin,  çaylarımızın,  şəlalərimizin keçmişini və indisini araşdırmaq, yazmaq, yaymaq , o yurd yerlərinin bizə aid olduğunu təbliğ etmək elə özü də bir vətənə xidmətdir! Zaur müəllim, vaxt sərf edib Adalet.az-ın oxucularına zəngin məlumat və bilgilər verdiyiniz üçün  sizə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid