adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2020 16:12
9482
MƏMLƏKƏT

Koronavirusla bağlı yalan məlumat yayan qadın tutuldu - FOTO

"WhatsApp”la koronaviruspandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, "WhatsApp” messencerinin istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsilə koronaviruspandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstanın Marneuli rayonundan Azərbaycana gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Sözügedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla E.Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətiimkan tədbiri seçilib.