24 Iyun 2024 09:04
1467
ƏDƏBİYYAT

"Kişilərə dur deyin!" - Aygün Cəfərova yazır

Müasir dövr insanı həm də zamansızlıqdan şikayətlənir. Zamansızlığı yaradan ən vacib amil informasiya bolluğudur. Vaxtımıza (ömrümüzə) iznsiz daxil olan gərəksiz məlumatlar, şəxslər, məfhumlar özümüzə zaman ayırmağa, öz düşüncələrimizlə baş-başa qalmağa imkan vermir. Nəticədə insan yelkənsiz qayıq kimi informasiya dalğalarında öz sahilindən ayrılır və budur, gün bitdi. Bu info-seldən imtina etmək kimi seçimi olsa da, insan XƏBƏRDAR olmağı üstün tutur. Buna görə də, qarşısına çıxan saysız-hesabsız informasiyaların hər birinin "dadına baxmaq" istəyən müasir insan lakonik mətnlərə üstünlük verməli olur. Lakonizm əsrinin paradoksu isə özünü bədii ədəbiyyatda göstərir: Həcm etibarilə ən iri janr olan roman çiçəklənməyə davam edir.

Azərbaycan ədəbiyyatında da son dövrlərdə romanın maraqlı nümunələri yaranmaqdadır.

Belə diqqətəlayiq əsərlərdən biri yazıçı, publisist, tərcüməçi Günel Natiqin "Kişilərə dur deyin!" romanıdır.

Günel Natiqin müsahibələri hər zaman mənə bədii mətn kimi zövq verib. Bu, onun ifadə etmə bacarığı və intellekti ilə əlaqəli olmaqdan başqa, həm də yazıçı ruhu ilə ilgilidir. Bu dəfə isə qarşımda məhz həmin ruhun yazdığı detektiv əsərə Günel Natiqin publisist-araşdırmaçı tərəfi dəstək olub. Nəticədə belə inandırıcı, ilginc detektiv əsər ərsəyə gəlib.

Günel xanımın 2015-ci ildə hekayə, esse, portret yazılar və araşdırmalardan ibarət “Kağız gəmilər” kitabı işıq üzü görüb. 2019-cu ildə “Məhəbbət quşları” adlı hekayələr kitabı çapdan çıxıb. “Aktrisa”, “Ayaqyalın gəzən rəssam”, “Ömür”, “Epidemiya”, “Gözəl günlər naminə”, “Yazarın intiharı”, “Darıxmaq ağrısı” və s. hekayələri xüsusi rəğbət və müsbət rəy qazanıb. 2021-ci ildə “Azərbaycan” jurnalı və “Aydın yol” qəzetində yayınlanan məqalələrdən ibarət “Ədəbi talelər” kitabı çap edilib. Bu kitabda Günel Natiqin dünya yazarlarının həyatı və yaradıcılığı barədə araşdırma yazıları toplanıb. Ciddi axtarış və yaradıcılıq prosesindən keçən bu məqalələr nadir müsahibələrin, məktubların əsasında qələmə alınıb, bəzi fraqmentləri də öz tərcüməsində təqdim edib.

2015-ci ildən “Kulis” ədəbiyyat portalında köşə yazılarıyla çıxış edib. “Azərbaycan” jurnalının “Ədəbi talelər” rubrikasında silsilə məqalələr müəllifidir. 2022-ci ildə nəşr olunmuş “Siz səfehsinizmi?” adlı 4-cü kitabında Günel Natiq cəmiyyəti narahat edən ictimai-sosial mövzulara toxunub. Kitabda müəllifin 2015-2020-ci illərdə saytlarda yayımlanan köşə yazıları toplanıb. Bu yazılarda daha çox qadın hüququndan, cəhalətin törətdiyi fəsadlardan, hüququ tapdalanmış insanların dramından bəhs edilir. Nəhayət “Kişilərə dur deyin!” (2023) kitabı da eyni problemə bədii yanaşma kimi müəllifin ilk romanı olaraq ərsəyə gətirilib.

Roman bir qətl hadisəsinin törədilməsi, cinayətin izlərinin araşdırılması, cinayətkarın tapılması xəttinin üzərində qurulub. Lakin roman janrının imkanlarından istifadə edilərək bir neçə müxtəlif  hadisənin, kiçik xətlərin ümumi süjet xəttinə xidmət etdirilməsi vasitəsilə əsər zənginləşdirilib, nəticədə “yeraltı çaylar dənizə axıb”.

"Hadisələr Qaradivar şəhərinin gender bərabərliyi uğrunda savaşan feminist qadınlarının mübarizəsi fonunda baş verir. Şəhəri feminizm dalğası bürüyəndə mesenantlığı ilə tanınan sahibkarın cəsədi aşkar edilir. Qətlin sirləri çözüldükcə, hadisələr daha fərqli, fantastik məzmun alır. Roman kişi- qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir".

Dilavər adlı kişi Nihal, Begüm, Ayla, Nara adlı qadınlarla eyni vaxtda eşq macəraları yaşayır. Nihal qanuni həyat yoldaşıdır. Sevib evləniblər, bir neçə ildən sonra isə eşqdən əsər-əlamət qalmayıb və əksinə nifrət ediləcək bir münasibətlərə gəlib çıxıblar. Kişi Nihala qısqanclıq sərgiləyərək, onu mənəvi cəhətdən aşağılamaqla yetinməyərək Begüm adlı əhli-kef, kişilərə yalnız özünü xoşbəxt hiss etdirən vasitə kimi baxan bir qadınla xəyanət edir. Daha doğrusu, Begüm da ona "Ərim" deyə biləcək qədər həyatında yer alır. Zamanla Begümdə də axtardığını tapmayan Dilavər, qızı yaşda Ayla adlı feminist qızla münasibət qurur. Ayla hamilə qaldıqda ondan imtina edir, qızın ölümcül duruma düşməsinə səbəb olur. Dilavərin qətlini isə cəmiyyətin məhv etdiyi, lakin Dilavərin ümidləndirib sonra yenidən tərk etmək  istədiyi başqa bir bədbəxt qadın - Nara törədir. Əsər feminizm dalğasının Qaradivar şəhərində yaratdığı dəyişikliklər, kisilərlərlə qadınların nəhayət müəyyən qədər ortaq mövqeyə gəlməsinin təsviri ilə başa çatır. Məzmunundan az qismini qeyd edə bildiyim romanda hadisələrin ardıcıllığı, kompazisiyası, hər bir nüansın ümumi məqsədə xidmət etməsi, süjet xəttinin "ilmə-ilmə toxunması" və düyünlərin lazımi məqamlarda aram-aram açılması, sadə, anlaşıqlı, doğma dilimizin ədəbi normalarına uyğun ifadə tərzi oxucunu kitaba bağlayır.

Yazıçılar möcüzəli varlıqlardır. Bir insan içində neçə-neçə fərqli insanın xarakterini, düşüncəsini, "niyə"sini, "çünki"sini daşıya bilərmiş. Fərqli sənət sahiblərinin, fərqli aləmlərin adamlarını özündə birləşdirə bilərlər əsl yazıçılar. Bunun üçün onlara zəngin dünya görüşü, dəqiq müşahidə bacarığı, empatiya duyğusu, ən müxtəlif peşələrin spesifikasını bilmək, ən ülvi və ən alçaldıcı duyğuları yaşamaq və səbirlə təsvir etmək istedadı lazımdır. Müxtəlif məkanlarda– polis bölməsində, məhkəmə meydanında, xəstəxanada, parkda təsvir olunan hadisələri, müxtəlif sənət sahiblərinin – hüquqşünas, müğənni, biznesmen, evdar qadın, satıcı, müstəntiq, həkim və s. kimi müxtəlif statuslu adamları gerçəkliyi ilə yaza, təsvir edə bilməsilə bu məziyyətlərin hər birini yazıçı Günel Natiqdə gördüm.

"– Bəli, cənab kapitan. Əgər feministlər bilsə, qiyamət qoparacaqlar.

– Deyirsən, o ağızdanyava pozğun arvadlardan qorxub-çəkinək?

– Cənab kapitan, üzr istəyirəm, amma onlardan bir-ikisini şəxsən tanıyıram, namuslu qadınlardır. Sadəcə, aqressivdilər.

– Namuslu? Qoy oturmuşuq. Yaxşı, bu sahibkarın arvadı da feminist olub?"

Kapitan Lələyevlə digər istintaqçı əməkdaşın dialoqunda eyni obyektə iki fərqli yanaşma görürük.

Və yaxud digər dialoqda:

“– On­lar de­yir ki, ki­şi­lər ol­ma­sa, mü­ha­ri­bə­lər də ol­maz.

– Mü­ha­ri­bə is­tə­mir­lər, am­ma fa­teh­lə­rin şə­ni­nə nəğ­mə qo­şur­lar. Ar­vad tay­fa­sı hər şe­yi öz xey­ri­nə dü­züb qo­şa bi­lir”. – Və bunu bir qadın yazır. Çox maraqlıdır.

Bundan əlavə, romanın müxtəlif qadın qəhrəmanlarının bir-birindən tamam fərqli dünya görüşündə verilməsi də əsərə səmimilik, həyatilik verir. Nihal xaraktercə sakit görünən, ərinin qadağalarına daim baş əyən, özgüvənsiz biri idi. Begüm isə Nihalın əksi idi: sanki dünyanın mərkəzi özüdür.

Özünə verdiyi öncəliyi onu xəyanətə uğradıqda da yıxılmağa qoymur. Qətiyyən fədakarlıqla arası yoxdur, xeyirxah ola bilər. Amma bir kişiyə qarşı heç zaman fədakarlıq etməz, əksinə özü fədakarlıq gözləyər.

Ayla  nə Nihal kimi müti və cəsarətsizdir, nə də Begüm kimi eqoist. O həm özgüvənli, həm də mübariz xanımdır. Nara isə cəmiyyətin yanlış baxışlarının qurbanı olmuş qadın kimi həyatı məhv edilmiş, öz çirkabında cəmiyyətdən qisas almaq hissi ilə yaşayan bir qadındır. Həqiqətən də, Naranın ilk yaşantılarını real həyatda tanıdığım bir gənc qızın da başına gətirildiyinin şahidiyəm. Qəzəbli Naranın hədəfinə  Dilavər tuş gəlmiş olur. Çirkabdan xilas ediləcəyinə ümidləndiyi vaxtda yenidən atılır və bu dəfə o, Dilavərin – son ümidini öldürən kişinin qatil olur.

Bu əsəri oxuduqdan sonra ətrafımdakı bütün qadınlara və elə özümə də daha fərqli baxmağa başladım. Doğrudan da, hər bir qadın fərqli bir planetdir. Qadınları tipikləşdirmək, ümumiləşdirmək olmur. Az qala var olan qadın sayı qədər fərqli xarakter var. Bunu əsərin bir hissəsində verilmiş sosial şəbəkədə qadın qrupundakı müzakirələrdə müxtəlif qadınların fərqli rəyləri ilə də görmək olar.

Maraqlıdır ki, bu qadınlar müxtəlif yaşda və "başda" olsalar da, hamısı bir kişinin könül əyləncələrinə inanırlar, onu kişi olaraq qəbul edirlər. Dilavərin həm yaraşığı, həm  pulu, həm də bu iki cəhətindən məqsədinə uyğun istifadə etmək bacarığı var idi: qadınları özəl hiss etdirə bilirdi. Demək ki, xarakterindən asılı olmayaraq bütün qadınlar özəl hiss etdirilmək istəyirlər. Bəs bunu kişilər istəmirmi? Əlbəttə, istəyirlər. Elə Dilavərin də müxtəlif qadınların ardınca düşməyinə səbəb məhz öz natamamlıq kompleksi idi ki, uşaq vaxtında anasının atasını daim aşağılaması səbəbindən yaranmışdı. Bir növ atası kimi nüfuzsuz ər olacağından qorxurdu və özü arvadının özgüvənli olmasının qarşısını almış, ona "Tükəzbansan", "Sən mənsiz  heç nə edə bilməzsən, heç nəyə yaramazsan" fikirləri təlqin edərək Nihalı, həqiqətən də, oyuncağa çevirməyi bacarmışdı.

Son zamanlarda gündəm olmuş “Qadın güclüdür ya kişi?” mövzusunun cəmiyyəti necə silkələdiyini müşahidə etdik. Sosial platformalarımız bir növ Qaradivara bənzədi son günlərdə. Cəmiyyətdə öz fəaliyyəti ilə seçilən ziyalılar, məşhurlar bu suala hərəsi bir cür cavab verməyi özünə borc bildi, verilişlərdə, talk-şoularda feminizm əsas mövzu oldu.

Təbiətin də, cəmiyyət qanunlarının da (dini kitablar və konstitusiyalar) qadınların zərif  yaradılışına əsaslanması sanki hüquq fərqliliyinə səbəb olur. Bu da zaman-zaman yanlış dəyərləndirilmələrə gətirir. Süni şəkildə qadınlar və kişilər arasındakı mübarizəyə cəlb olunmağa qədər gedib çıxan bu durumda bir qrup insanlar isə (elə mən də) düşünür(ük) ki, qadın və kişi müqayisə obyektləri ola bilməzlər. Onlar yalnız ikisi birlikdə var olmağa çalışdıqda, vəhdətdə ikən daha mükəmməl olurlar. Qadınlarla kişilərin mübarizəsi hər ikisini yarımçıq, natamam, yarıyolda qoyar. Xoş o ailəyə, cəmiyyətə, mühitə ki, orada qadınlarla kişilər qarşılıqlı hörmət və etimadla yaşayırlar, fəaliyyət göstərirlər. O zaman həmin yerdə inkişaf və bərəkət olar.

“Kişilərə dur deyin!” əsəri də bu münasibətlərin, müxtəlif baxışların bədii əsər müstəvisində sözlə çəkilmiş tablosudur. Günel Natiqin bu romanında diqqətimi çəkən maraqlı nüanslardan biri də yazıçının hadisələr, situasiyalar üzərindəki mənalandırmaları, fəlsəfi qənaətləri, bənzətmələri, təsvir üsullarıdır.

Məsələn, "Adətən, tərəflərdən biri sevməkdən vaz keçəndə, qarşı tərəfdə bu dəyişiklik qıcıq doğurur, aradan pərdəni götürür. Onlarda da belə oldu". – Gerçəkdir!

"Nihal nə vaxt ilk dəfə yalqızlığının fərqinə vardı? O vaxt ki, Dilavər ilk dəfə onu oxşamadan çevrilib üzü divara yatdı. Bəlkə də, "yorğundur, bəlkə də, dönər" dedi öz-özünə. Ümidlə gözlədi. Qürbətdən doğmasının geri dönməsini gözləyən kimi. Amma o dönmədi." – Şairanədir!

           Cidanı çuvalda gizləmək mümkün olmadığı kimi, bu münasibəti də uzun müddət gizli saxlamaq olmadı.

...Pərəstişkarlarının sayı isə durmadan artırdı. Onun qəlbini qazanmaq üçün cazı həyat tərzinə çevirənlər də vardı.

...dün­ya­da heç bir qüv­və onun­la özü ara­sı­na ni­faq sa­la bil­məz.Özü­nə olan say­ğı­sı onu hə­mi­şə yük­sək­də sax­la­yır.

    ...Bu qa­dı­na nə ya­raş­mır­dı ki! Am­ma ki­şi­lə­rə onu sev­mə­yə izn ve­rən yum­şaq xa­rak­te­ri ol­ma­say­dı, nə şıl­taq tel­lə­ri, nə də zə­rif qa­mə­ti gö­zə gö­rü­nə­cək­di. Elə qa­dın­lar var ki, aş­kar gö­zəl­li­yi il­lər­lə giz­li qa­lır.

    ...Be­güm onu is­tə­di­yi tem­pe­ra­tur­da sax­la­ya bi­lir­di.

...Kim de­yir, xə­yal­da­kı ob­raz­la­ra re­al­lıq­da var­maq ol­ma­z? Bəs bi­lir­si­niz­mi ki, re­al­lıq­da­kı qəh­rə­man gö­rün­tü­sü­nün al­tın­da ne­çə əzil­miş, ye­nil­miş xə­yal­la­rın qəh­rə­ma­nıya­tı­r? Onu da ta­nı­yan ol­ma­dı.

...San­ki xoş­bəxt ailə uğ­run­da mü­ha­ri­bə­də əri­nin son qa­lıq­la­rı­nı da itir­miş­di.

– “Biz” de­yər­kən baş­qa ki­mi nə­zər­də tut­du­nu­z? Axı si­zin ta­nış de­yil­si­niz, – Az­ra cəld de­di, san­ki bu fak­tın əlin­dən sü­rü­şüb çı­xa­ca­ğın­dan qorx­du.

– Gö­rür­sü­nüz, siz hə­ya­tı­nı­zı onun üzə­rin­də qur­mu­su­nuz, ya­nı­nız­da ol­ma­yan­da da nə edə­cə­yi­ni­zi bil­mir­si­niz. Öz yo­lu ol­ma­yan yal­nız baş­qa­sı­nın get­mək is­tə­di­yi qə­dər ge­dər.  ( Bu fikir çox gözəl bir aforizmdir!)

...Şə­hər qa­dın rən­gin­dəy­di. Am­ma bu rən­gə bə­ləd ol­duq­la­rı­nı sa­nan­lar da ar­tıq onun nə rəng­də ol­du­ğu­nu bil­mir­di.

 

-Yuxarıdakı cümlələrdə yazıçı Günel Natiqin məharətinə, dərin təfəkkürünə, bəzən şairanə, bəzən də filosofanə təsviretmə bacarığına heyran qalmamaq olmur. Obrazların xarakterini açan təsvirləri də çox maraqlıdır:

Begüm haqqında: “...ki­şi­lər onun ət­ra­fın­da pər­va­nə ki­mi fır­la­nır­dı. O da heç bi­ri­ni rədd elə­mir­di, pal­tar­la­rı­nı şka­fın göz­lə­ri­nə sə­li­qəy­lə yı­ğır­mış ki­mi, hər ki­şi­nin də öz ye­ri va­rıy­dı, bi­rin­dən özəl gün­lər­də,  bi­rin­dən adi gün­lər­də is­ti­fa­də edir­di. Çün­ki ki­şi­lə­ri se­vir­di, hər bi­rin­də yax­şı cə­hət­lə­ri gö­rüb üzə çı­xa­ra bi­lir­di. Əsas üs­tün­lük pul ki­sə­si qa­lın olan ki­şi­lə­rə ve­ri­lir­di. Bu sa­rı­dan bəx­ti gə­tir­mə­yən­lə­ri də təs­ni­fat­lan­dır­ma­ğı ba­ca­rır­dı. Ki­mi boy-bu­xu­nu­na, ki­mi əzə­mət­li du­ru­şu­na, ki­mi isə za­ra­fat­cıl ol­du­ğu­na gö­rə Be­gü­mün kön­lü­nü qa­za­nır­dı...

...Be­güm ona hər də­fə “ərim” de­yən­də tor­pa­ğa ba­ğış­la­dı­ğı hərb­çi ərin­dən qi­sas al­dı­ğı­nı hiss edir­di.

 

Kapitan Lələyev: “ Ay­dın mə­sə­lə­dir ki, əli­nə pul dü­şən hər bi­nə­va öz xoş­bəxt­li­yi­ni zə­rif cins­də ax­ta­rır. Qa­dın­la­rı əl­cək ki­mi də­yi­şən adam qa­dın qə­zə­bin­dən qorx­ma­ğı ağ­lı­na be­lə gə­tir­mir”.

 

Dilavər haqqında: “Əl­bət­tə, in­kar et­mir ki, hə­ya­tın­da hə­mi­şə qa­dın olub – ev­li­li­yi he­sab­dan de­yil­di, – am­ma Be­güm onun dü­şün­cə­lə­rin­də xü­su­si rol oy­na­yıb.

 

Tanışlıqarı barədə yalanları üzə çıxanda qadınların reaksiyası onların xarakterləri haqqında necə də aydın fikir yaradır:  

“Ni­hal ba­şı­nı aşa­ğı sal­dı, Be­gü­mün üzü­nün ifa­də­si də­yiş­mə­di və göz­lə­ri­ni müs­tən­tiq­dən çək­mə­di, Ay­la isə qaş­la­rı­nı ça­tıb:

– Biz is­tin­taq za­ma­nı ta­nış ol­duq, – de­di”.

Və ya : “Be­güm za­la da­xil olan­da ada­mın res­to­ra­nı məx­su­si onun üçün bağ­lat­dır­dı­ğı­nı an­la­yıb mə­yus ol­du – bu gö­zəl­li­yi baş­qa heç kim gör­mə­yə­cək­di”.

 

Romanda mənə qeyri-səmimi gələn və ya  yerinə düşməyən nüanslar da gördüm. Ləyaqətli şəxsiyyətini, təvazökar, nəcib təbəssümünü göz önünə gətirib bu barədə də qeyd etsəm, düşünürəm ki, yazıçı məndən inciməz. Məsələn, bir kişinin 3 sevgilisinin eyni vaxtda eyni parkda təsadüfən görüşməsi o qədər də inandırıcı deyil. Doğrudur, həyatda bundan da inanılmaz təsadüflər baş verir. Amma yenə də bu nüansda yazıçının hadisələrə məqsədli müdaxiləsi qabarıq hiss olunur.

Digər gözləmədiyim nüans isə bəzi kəlmələrin –“ bordo rəngində”, “flört etmək” və s. işlənməsidir. Bu kimi ifadələri dilimizdəki ekvivalentləri ilə əvəz etmək olardı. Və yaxud kobud ifadələrin belə gözəçarpacaq dərəcədə “ütülü” ifadəsi bəzən obrazın dilinin təbii alınmasına mane olur. Məsələn, satıcı ilə dalaşan qadının dialoquna baxaq:

“Həddini bilməyən KİŞİ!(Kursiv G.N)  

Ayarvadlar, açılın başımdan...Azğınlar!

  • Azğının yekəsi sənsən, köpək cinsindən olan əclaf!”            

İnanmıram ki, bir qadın hirsli ikən “köpək cinsindən olan əclaf!” kimi redaktəli söyə.  Çox az sayda hərf səhvlərini də əlavə edərək qeyd edim ki, bildiyim qədər kitablarının redaktəsini də özü edən Günel xanım illərin redaktoru olaraq bilir ki, redaktədə həmişə illah da nəsə gözdən qaçır. Yəqin ki, elə mənim bu yazımda da bir sıra redaktə səhvlərim gözümdən yayınmamış olmaz. Buna görə də, fərqli redaktorların yazılara nəzər yetirməsi labüddür. Amma buna bəzən vaxt və imkan icazə vermir.

“Kişilərə dur deyin!” kitabı barədə ən yığcam şəkildə bu qədər yaza bildim. Kitabı mənə hədiyyə edən gün Günel Natiq demişdi ki, bilmək istəyirəm bu əsər cəmiyyətə lazımdırmı, görəsən? Əsəri oxudum və bu sualınıza cavabım belədir:

  • Bəli, dəyərli Günel Natiq! Həm bu əsər, həm də SİZ bu cəmiyyətə çox, çox, həm də çox lazımsınız! Sizi həyatda tanıdığıma və şəxsən əlinizdən kitab hədiyyə aldığıma görə çox məmnunam