adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Fevral 2024 11:59
1900
MƏDƏNİYYƏT

Kino, rəssam, musiqi, ədəbiyyat birlikləri bu dövlətin Qarabağ uğurunu görmür?

Xəbər verdiyimiz kimi,  Erməni-Rusiya Universitetində erməni jurnalist və rejissor Aşot Jazoyanın “Ararat dağının yamaclarında” sənədli filminin premyerasından sonra ermənilər daha geniş tərkibdə tədbirlər hazırlayıb, rusiyalılara sərgiləyir. 

Adalet.az xəbər verir ki, Moskvada Ermənistan Rəssamlar Cəmiyyətinin sərgi salonunda dörd moskvalı rəssam Albert Atoyan, Albert Balayan, Ruben Ovanesov və Conni Tajinovun “Maslovkada görüş” adlı sərgisi açılıb. Açılış fevralın 26-da baş tutub və martın 9-dək açıq olacaq.

 P.S.Yenə də təəssübkeşlıik hisslərim şahə qalxdı və  Google- axtarış sistemində  sonuncu  dəfə bir qrup rəssamımızın Moskvada sərgi açıb açmadığını soraqlamağa başladım. Çox axtardıdan  sonra məlum oldu ki, bizdə bir qrup rəssamın Moskvada sərgi açması 2016-ci ilə təsadüf edir. Beləki, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib. 

Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir. Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kəmalə Əhmədova, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir. Sonuncu dəfə 2021-ci ildə Moskvada -M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında   Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi açılıb. 

 O gündən bu günə qədər Moskvada  Azərbaycanlı rəssamlarının ümumi  sərgisinə rast gəlinməyib. Düzdür, tək-tək rəssamlarımız öz sərgisini Rusiyada aça bilib. Məsələn, tanınmış azərbaycanlı rəssam Müseyib Əmirovun  "Günəşli küləyin blyuzu" adlı fərdi sərgisi  2019-cu ildə Zurab Sereteli qalereyasında nümayiş olunub. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi 2021-ci ildə,  rəssam İnci Vəliyevanın “İnam. Ümid. Sevgi” adlı sərgisi 2023-cü ildə açılıb.

Amma mənə elə gəlir ki, papağımızı qabağımıza qoyub ağıllı bir fikrə gələnə qədər  düşünməliyik. Düz 4 ilə yaxındır Qarabağı erməni işğalından xilas etmişik. Bu 4 ildə bu mövzuda heç bir yaradıcılıq işi görülməyib. Axı,  bu mövzu hazırda bizim dövlətçiliyimiz və xalqımız üçün böyük əhəmiyyətə malikdir.... Düşündürücü sualdır, erməni təbliğatının qarşısını almağı yox , lap bu təbliğatı azacıq yüngülləşdirməyi, yumşaltmağı nəzərdə tutan heç bir sənət əsəri niyə  yaranmayıb, dünyanın heç bir yerində sərgilənməyib. Nə kinomuz,  nə rəssamlarımız, nə musiqimiz , nə ədəbiyyatımız sanki bu dövlətin uğurlarını görmür.

Əntiqə Rəşid