24 Iyun 2024 10:57
467
SİYASƏT

Kərkiyə görə ermənilər təxribata əl atacaq -TƏHLİL

Xəbər verdiyimiz kimi erməni mediası hazırda Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşmasından yazır, “Tiqranaşen” üçün SOS siqnalı çalır.


Əslində 1990-cı ildə Azərbaycanın işğal olunan Kərki kəndinin geri qaytarılması ilə bağlı məlumatlar tez-tez səsləndirilir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin- Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin azad edilməsi məsələsi də həll olunacağı xəbərləri erməniləri həyəcanlandıran məlumatlar arasındadır.
Bəlkə də elə bu səbəbdəndir ki, son günlər Azərbaycan - Ermənistan sərhəddində - Naxçıvan ərazisində ardıcıl atəş səsləri eşidildi, ermənilər təxribata cəhd etdi. Bununlar Ermənistan qarşı tərəfdə guya çaşqınlıq yaratmaq, Fransanın ard-arda verdiyi silahlardan ilhamlanaraq müharibəyə cəhd etmək kimi bir şou ortaya qoydu.
Hətta bu ilin əvvəlində Ermənistan ordusu yaranmasının 32-ci ildönümünü ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında “Ermənistan Silahlı Qüvvələri ilə güclü və artan qarşılıqlı əməkdaşlığımızı yüksək qiymətləndiririk” deməsi erməniləri xeyli cəsarətləndirmişdi.
Hazırda erməni ictimaiyyəti bərk narahatdır. Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldıqdan sonra Kərkinin də geri qaytarılacağına əmin olan ermənilər təxribatlar törətməklə dövlətlər arasında gedən delimitasiya və demarkasiya prosesini ləngitməyə çalışır. Təbii ki, Qərbə sülh yaradacağı ilə bağlı söz verən Ermənistan baş naziri N.Paşinyan sərhəddəki təxribatlarda maraqlı olmadığı faktdır. Hətta baş nazirparlamentin iclasında etiraf etdi ki, Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək istəmir:“Biz artıq döyüşmək, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır”.
Paşinyan bu fikirləri ilə həm də ordunun hələdə özünə gəlmədiyinə bir işarə vurub.

Amma Ermənistandakı daha güclü qüvvələr var ki, dövlətin söz verdiyi və əməl etdiyi prosesə əngəllər törətməyə çalışır. Məhz bu qüvvələr keşiş Baqratı meydana buraxmış, insanları ixtişaşlar törətməyə həvəsləndirmiş, ordunun müəyyən hissəsini ələ alaraq təxribat törətməyə nail olurlar. Kərki kəndinin Azərbaycana təhvil verilməsi prosesləri zamanı da ermənilərin təxribatlar törədəcəyi  şübhəsizdir. 

 Qeyd edək ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir. Bu fakt ermənilərdə ciddi narahatçılığa səbəb olub.

 Əntiqə Rəşid