adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Sentyabr 2022 15:40
2008
MÜSAHİBƏ

Kərim Novruzov: ”Atamla qardaşım əl-ələ tutub şəhidlik zirvəsinə yürüdülər” - MÜSAHİBƏ

 Bu gün müsahibim Ağdam rayon 95 saylı köçkün tam orta məktəbinin direktoru, Qarabağ elinin, Kolanı tayfasının ziyalısı Kərim Novruzovdur. Xeyir, biz təhsildən danışmayacağıq.

Bu gün Kərim müəllimin atası şəhid Əvəz və qardaşı şəhid Ziyadan söhbət açaçağıq. Sizi də təpədən dırnağa vətənpərvər bir ailə ilə tanış edəcəyik.

 

- Kərim müəllim, I Qarabağ savaşı başlayanda siz azyaşlı olmusunuz... El arasında deyirlər e, uşağın yaddaşı möhkəm olur, nə görərsə yaddaşına yazar... o illəri necə xatırlayırsınız?

 

- Mən1977-ci ildənəm və o qan-qadalı illərdə uşaq idim. Amma bütün fəhmimlə başa düşürdüm ki, atam bu qədər narahatdırsa, deməli nəsə çox pis bir şeylər baş verir. Sonra kənd camaatının da narahatçılığını, üzlərindəki kədərı, qarşılarındakı çətin imtahanın ağırlığını da gördükdən sonra anladım ki, günlərimiz indən sonra xoş keçməyəcək.

 

-İndi isə oxucularımıza Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq və rəşadət göstərmiş şəhidimiz Əvəz Novruzov haqqında məlumat verərdiniz...

 

- Təbii ki o vaxt uşaq olduğum üçün atamın döyüş yolundan, qəhrəmanlığından xəbərim yox idi. Böyüdüm, həyatı anladım, atamın dostları və döyüş yoldaşları ilə əlaqə saxladım, onların atam haqqındakı fikirlərini topladım. Anladım ki, atam bir ata kimi möhtəşəm ata olduğu kimi, həm də vətəndaşdı, vətən oğludur, elinin-obasının çətin günündə sinəsini qabağa verən cəsur igiddir. Əvəz Əli oğlu Novruzov 1940-cı il oktyabrın 28-də Ağdərə (keçmiş Mardakert) rayonunun Başgüney ( Güneypəyə) kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət keçmiş, 1962-1967-ci illər Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirərək aqronomluq ixtisasına yiyələnmişdi. Tələbəlik illərində idmanın sərbəst güləş növü üzrə respublika və SSRİ çempionatlığında keçirilən seçmə turnirin qalibi kimi idman ustası adına layiq görülmüşdür. Bir neçə təsərrüfat birliklərində briqadir, müdir və baş aqronom kimi məsul vəzifələrdə çalışmışdı. İşdə qazandığı uğurlara və ictimai fəaliyyətinə görə fəxri fərman və medallarla təltif olunmuşdu.

Dəfələrlə rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdi. Hər zaman mübarizliyi, vətənpərvərliyi ilə seçilən Ə.Novruzov torpaqlarımızda yaşayıb ona xəyanət edən ermənilərin müəyyən yer adlarını dəyişdirib erməniləşdirdikləri barədə dəfələrlə Azərbaycan SSR KP Mərkəzi Komitəsinə yazılı məlumat vermiş və tədbir görülməsi tələbini irəli sürmüşdü. Buna görə də ermənilər Əvəzə millətçi adı verərək, onun nəzarət altında saxlanılmasını Dağlıq Qarabağ Vilayət Komitəsindən tələb etmişdi. Qarabağ müharibəsi başlananda atam özünümüdafiə dəstələrinin yaradılması təşəbbüsünü irəli sürür, könüllü müdafiə dəstəsi yaradaraq ona komandirlik edir. Sonradan bu təşəbbüsə Sırxavənd, Ortagüney, Xatınbəyli, Manik və digər kəndlər də qoşulub. 1990-1992-ci illərdə Əvəz Novruzovun rəhbərlik etdiyi dəstə bir çox mühüm əməliyyatları uğurla yerinə yetirir.


 

836 saylı özünümüdfiə alayının komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev 1992-ci il fevral ayının 5-də Qazançı kəndi erməni quldurlarından təmizlənərkən Xankəndi istiqamətindən gələn düşmən qüvvələrinin məhv edilməsini atama tapşırır. Bu döyüşdə 30-a yaxın erməni qulduru və 2 ədəd BMP-2 məhv edilir. 1992-ci ilin fevral ayında ermənilərin Sırxavənd kəndinə hücumu zamanı Ə.Novruzov öz dəstəsi ilə düşmən qüvvələrinin arxasına keçərək ermənilərin 17 canlı qüvvəsini, bir top, bir artilleriya qurğusunu gəzdirən hərbi texnikasını məhv edir. Sonradan düşmənin Manik kəndinə hücum etdiyi ərəfədə də Başgüney, Ortagüney və Xatınbəyli kəndlərinə köməyə gələn dəstələrə atam komandirlik edir və düşmən geri oturdulur.

 

-Bu atanız haqqında ümumi məlumatdı. Bəs, o, ata kimi sizin yaddaşınızda necə qalıb?

 

- Qeyri - adi fiziki gücü var idi. Möhkəm iradəli və səbrli idi. Çox danışmağı, kimisə müzakirə edənləri sevməzdi. Evdə mülayim idi. Heç vaxt bizi acılamayıb, vurmayıb. Hamıya kömək etməkdən zövq alırdı.Kəndimizdən ali məktəbə qəbul olan olanda uşaq kimi sevinərdi. Toylarda oynadığını, yaxud da ağladığını görməmişdim. Amma 20 noyabr faciəsi zamanı göz yaşlarını gizlədə bilmədi, onların çoxunu şəxsən tanıyırdı. İsmət Qayıbov, Məhəmməd Əsədov, Mikayıl Gözəlovla silah üçün çox görüşmüşdülər. Yeri gəlmişkən, Güneypəyə kəndi Çıldıran kəndi ilə eyni sovxoz idi. O sovxozda heç vaxt bir azərbaycanlını sədr seçməyib lər, nə də yaxşı işçi olduğuna görə, onu təltif etməyiblər. Amma atam az müddətə olsa da sovxoz direktorunun müavini vəzifəsində işləyib və 1975 ci ildə Leninin yubileyi ilə təsis edilmiş medalla təltif olunub. Ermənilər millətçi kimi ondan çox şikayət edirdilər. Yoxlamalar gəlirdi evimizin hər tərəfin axtarırdılar. Bir “dəlil”, ”sübut” tapmayıb gedirdilər.

- Şəhidimiz haqqında məlumat toplayırdım və tanınmış jurnalist Xəqani müəllimə də(Rzaquliyev) müraciət etdim. Dedi ki, Əvəz kimi vətənini sevən, ona vurğun olan insan dünyaya tək-tək gələr: “Əvəz Qarabağın hər bucağını tanıyırdı, hər dağın, hər adi bir çınqılın tarixini dərindən öyrənirdi, bilirdi. Ermənilərə qarşı onda xüsusi bir nifrət vardı. Heç vaxt düşməndən çəkinmədi-qorxmadı. Hətta şəhid olanda da ağaca söykəndiyi halda, ayaq üstə şəhid olmuşdu. Sözün həqiqi mənasında Əvəz Novruzov bütün vətənpərvər və insani keyfiyyətlərinə görə əsil qəhrəman, əsil ziyalı idi. Təssüf ki, hələ də öz qiymətini almayıb” .

- Mən qeyd etdiyim kimi, atamın döyüş yolundan xəbərim olmayıb. Sizə danışdığım söhbətləri atamın döyüş yoldaşlarından öyrənmişəm. Qamboy Ocaqov, Şahmalı Məmmədov, Rəfi Əsgərov, Nağı İmanov, Azər Kərimov və başqaları ilə görüşdüm , söhbətləşdim. Onların söhbətlərindən anladım ki, atam qəhrəman döyüşçü, bacarıqlı komandir olub. Məsələn, Şahmalı Məmmədov deyirdi ki, komandirinin döyüş taktikası həmişə öz müsbət nəticəsini verirdi: “ Hələ hadisələr təzə başlayanda ermənilərə deyirdi ki, burada sizin torpağınız yoxdur, əşyalarınızı götürüb gedə bilərsiniz. Əvəz Novruzov hələ özünümüdafiə dəstəsinin komandiri olan vaxtlardan müvəffəqiyyətli döyüş əməliyyatları aparırdı. 1992-ci il martın 12-də ermənilərin hucumu nəticəsində bir neçə saatda Manik və Sırxavənd kəndi işğal olundu.

 

“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”

 

Amma Başgüney kəndində az qala əlbəyaxa döyüş getdi. Həmin vaxtadək belə döyüş bir Kərkicahanda, bir də Xocalıda olmuşdu. Həmin döyüşdə 169 erməni əsgərinin meyidi qalmışdı. O, döyüşdə erməni tərəfdən rusların dağ piyada dəstəsi də döyüşürdü. Ermənilər isə rus piyadalarına bildirmişdilər ki, Azərbaycan tərəfdən döyüşən özünümüdafiə dəstələridir. Sonra ratsiya ilə danışanda şikayətlənirdilər ki, burada xüsusi təyinatlılar döyüşür, özünümüdafiə dəstəsi yox. Beləliklə, erməniləri mühasirə vəziyyətində olan kəndə buraxmadıq” .

 

- Şəhidimizin son döyüşü haqqında nə bilirsiniz? Nə vaxt olub?

 

-1992-ci il mart ayının 12-si...Atamın döyüş yoldaşları Mehman bəy ilə, Səfər bəy ilə söhbətimizdə onlar bildirdi ki, həmin gün çox güclü bir döyüş oldu. Deyirlər ki, çoxsaylı erməni hərbi birləşmələri Sırxavənd, Başgüney, Xatınbəyli, Ortagüney və Manik kəndlərinə artilleriya və zirehli texnikanın köməyi ilə hücuma keçdiyi zaman igid komandir öz əsgərləri ilə birlikdə adlarını qəhrəmanlıq tarixinə yazdılar. Səhər saat 7-dən axşam saat 10-a qədər davam edən bu döyüşdə düşmənin bir neçə hücumu dəf edildi. Lakin əlavə qüvvələrin köməyilə Başgüney kəndi mühasirəyə düşdü. Çıxılmaz vəziyyətin 700-ə yaxın qoca, qadın və uşaqlardan ibarət dinc sakinlər üçün pis nəticələnəcəyini görən Əvəz Novruzov mühasirəni yarıb camaatı çıxarmaq əmrini verdi. Bu qeyri-bərabər döyüşdə ermənilər 100-dən artıq canlı qüvvə itirdi. Son anadək döyüş mövqeyini tərk etməyən Əvəz Novruzov və igid döyüşçüləri Qəzənfər Aslanov, Möhü İbrahimov, Ələddin Abdullayev və digərləri yüzlərlə insanı öz həyatları bahasına xilas etdilər. Ümumiyyətlə , atam haqqında öyrənəndə göz yaşlarımı saxlaya bilmədim. Kaş o vaxt atamın başımı sığallayan əlindən öpəydim, (onu müharibə dövrü arabir görürdüm) kaş onu hər dəfə görəndə vətən qoxan vücudunu bağrıma basaydım, qoxlayaydım, qoxlayaydım , qoxusunu sinəmə çəkəydim... Elə balaca vaxtıda, gəncliyimdə də, indi də düşünürəm ki, atamla qardaşım əl-ələ tutub şəhidlik zirvəsinə yürüdülər, sevinə-sevinə seçdilər bu zirvəni ! Onda bütün ruhumla hiss edirdim ki, atam cismən yoxdu, amma ruhən başımızın üstündədir. Qardaşım Hikmətə, mənə, bacılarım Qənirə və Nərminə nəzarət edir, çətin günlərimizdə bizimlə olur. Biz də hər zaman onun istədiyi kimi övlad, Əvəz Novruzovun adına layiq vətəndaş olmağa çalışdıq. Elə bilirəm bacardıq! 

 

-Kərim müəllim, bildiyim qədəri ilə atanız həm də fədakar insan olub. O canını da, canından artıq sevdiyi balasını da , qardaşını da vətənə qurban verib. Şəhidimiz –qardaşınız Ziyadan danışın!

 

- Atamın özünümüdafiə dəstəsində gənclər də döyüşürdü.Onlardan biri Azər Kərimov idi. (Allah rəhmət eləsin Azərə) Azər mənimlə söhbətində deyirdi ki, bizim könüllü dəstəmizdə Əvəz dayıdan yaşca böyük olanlar, ondan çox kiçik olanlar da var idi:” Lakin o, hamıyla dil tapmağı bacarırdı, heç kim ondan incik olmazdı. Məndən başqa Göyüşov Alim, Həsənov Sərvər, Mustafayev Ayaz və Əvəz dayının oğlu Novruzov Ziya da var idi ki, bizim hələ 18 yaşımız tamam olmamışdı. O, həmişə oğlu Ziyaya deyirdiki, sən hamıdan tez gəl, hamıdan gec get. Bundan başqa hərdən komandir bizimlə söhbətləşirdi, söhbərləri ilə bizə ruh yüksəkliyi verirdi. Deyirdi ki, düşmən bu torpağa ancaq mənim və oğlumun meyidi üzərindən keçə bilər. Elə dediyi kimi də oldu. Əvəz dayı və oğlu Ziya şəhid olaraq doğma yurdlarında əbədiyyətə qovuşdular. Onların cəsədlərini çıxarmaq mümkün olmadı" Əmim də həmin gün şəhidlik zirvəsinə yüksəldi.

 

- Kərim müəllim bilirik ki, hələ də komandir Əvəz Novruzov haqq etdiyi dəyərini almayıb. Hansı səbəbdəndir bilmirəm, onun vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq, eyni zamanda fədakarlıq səlahiyyət sahiblərinə düzgün çatdırılmayıb. Ümumiyyətlə, şəhid Novruzovlar haqqında dövri mətbuatda yazılar, məqalələr gedibmi?

 

- Əlbəttə, qəzetlərdə də, saytlarda da onlar haqqında məqalələr yazılıb. Hətta X.Rzaquliyevin “Ağdərədə nələr oldu”, R.Quluzadənin “Qan çilənən torpaq”, Ş.Səlimbəylinin “Şaxta vurmuş çiçəklər”, Q.Bəndalıoğlunun “Ağdərədən gələn var” kitablarında atamın da, digər şəhidlərimizin də döyüş yolundan və qəhrəmanlığından bəhs edilib.Yazarların hər birinə təşəkkürümü bildirirəm!

 

- Artıq torpaqlarımızın böyük bir hissəsi erməni işğalçılarından azad edilib. Proses dayanmayıb və proses davam edir. Bir gün( buna bütün qəlbimlə inanıram) Ağdərə rayonu (Mardakert) da ermənilərdən azad olunacaq və rayon adı geri veriləcək. Bax onda kəndiniz Başgüneyə dönərsiniz, atanızın , qardaşınızın ruhu gəzən yurd yerlərini bir də atanızın, qardaşınızın gözləri ilə görərsiniz, gəzərsiniz !İnşallah! Tezliklə!

- Mən də fürsətdən istifadə edərək, həm “Ədalət” qəzetinin rəhbərliyinə, eyni zamanda kollektivinə dərin təşəkkürümü bildirirəm! Çünki sizin qəzetinizi də, saytınızı da izləyirəm, davamlı oxucunuzam!Görürəm ki, siz şəhidlərimizə, qazilərimizə, şəhid ailələrinə xüsusi diqqətlə, həssaslıqla yanaşırsınız, onlardan maraqlı yazılar hazırlayırsınız! Əntiqə xanım, Sizə isə bir daha təşəkkür edirəm ki, bu gün mənim atamı, qardaşımı mənimlə birgə yad etdiniz, çox sağ olun!

- Maraqlı müsahibəyə, söhbətə görə mən də sizə təşəkkür edirəm!

Söhbətləşdi Əntiqə Rəşid