Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib
Adalet.az xəbər verir ki, videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.
Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”
Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.
Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana birləşəcək, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.
Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana birləşəcək”.
Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.
Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir.
Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - FOTO

“Kərimə” dövləti qurmaq istəyən şəxslərə hökm oxunub

Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edildi

18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Ermənistanın ekologiyamıza və iqtisadiyyatımıza ziyan vurması faktları üzrə sənədlər tədqiq edilir

Prezident bu məhkəmələrə hakimlər təyin etdi

Qabil Məmmədov barəsində həbs qərarı verildi
