adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2023 15:12
1683
MÜSAHİBƏ

İSMAYIL İMANZADƏ: “MƏNİM ƏMƏLİ FƏAYİYYƏTİMDƏ, “MƏN” KƏLMƏSİ, “BİZ” DEYİMİNDƏN AXIRDA GƏLİR...”

(MüsahibimAzərbaycam Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl Mərcanlı İmanzadədir)

- İsmayıl müəllim, Sizinlə müsahibəyə birbaşa rəhbəri olduğunuz bölmə ilə bağlı başlamaq istəyirəm. Sualım da belədir: - Ötən ili Mingəçevir bölməsi üçün necə xarakterizə edə bilərsiniz?

- Başqalarını deyə bilmərəm, ancaq adətən mən sevincini-fərəhini yaşayıb, qəminə-qüssəsinə sinə gərdiyim il sona çatanda, arxaya qanrılıb, 365 gün ərzində gördüyüm işləri bir daha nəzərdən keçirməklə, təzə ilin “ab-havası” üstə köklənməyə çalışıram. Bu prizmadan baxdıqda, ilk növbədə AYB Mingəçevir bölməsinin son bir il ərzində gördüyü işlərin bir qismini xatırlatmaq istəyirəm:

Yazarlarımızla təzədən bir araya gəlməklə bir neçə il ərzində bizləri sillkələyən pandemiya xofunu dəf etməyə nail olduq. Əvvəllər olduğu kimi yenə də hər ayın 15-də yazarların yaradıcılıq məşğələsi keçirildi. Hər ayın sonuncu bazar günlərində isə bölmənin nəzdindəki “Palitra” Ədəbi Klubunda yazarları bir araya gətirdik. Tanınmış şair Elşən Əzimin Prezident təqaüdünə layiq görülməsi və onun Şuşaya-Vaqif Poeziya günlərinə qatılması sevincini birlikdə yaşadıq.

AYB Mingəçevir bölməsinin rəhbəri qismində bölmənin fəaliyyəti ilə ilgili müsahibə (Yeri gəlmişkən, müsahibəyə görə qəzetinizin Baş redaktoru İradə Tuncaya və yazının müəllifi kimi sizə minnətdarlığımı bildirirəm) əvvəlcə “Ədalət”də sonra isə, “Yenisəs.az”, “Manera.az” və bir sıra onlayn dərgilərdə oxuculara təqdim olundu.

Mart ayının əvvəllərində mənim xeyir-duam və təqdimatımla “Ədəbiyyat qəzeti”nin 2 səhifəsində 13 yazarımızın şeir və nəsr əsərləri yer aldı. May ayının əvvəllərində tanınmış şair, AYB-nin üzvü Məhyəddin

Məhərrəmoğlunun 80 illik yubileyi keçirildi. May ayını sonlarında çapdan çıxan “Ruhumuzun yaz havası” adlı almanaxımızın iyun 9-da Mingəçevirdə, noyabrın 22-də isə AYB-nin Natəvan klubunda təqdimat mərasimləri keçirildi...

Ötən ilki ən önəmli işlərimizdən biri də payızda XIX əsrin görkəmli klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın ahadan olmasının 190 illiyinə həsr olunmuş yubiley gecəsini keçirməyimizdir.Ümümən, belə demək caizsə, bölmənin ötən ilki fəaliyyəti yaddaqalan olub...

- Şəxsi yaradıcılığınızda 2022-inin yeri?

- Bir az qəribə səslənsə də deyəcəyəm,-ömrüm boyu-illah da gənclik illərim arxada qalandan sonra,-axşamlar yatağıma uzanan kimi gün ərzində atdığım addımlarımı təhlil edir, bir növ özüm-özümə hesabat veririb, ictimaiyyət qarşısında məsuliyyət daşıdığımı özümə dönə-dönə təlqin edirəm.

İl ərzində xeyli sayda şeirlər yazmış, “Mən də belə avamam”, “Qəzetlər yalanımı necə ifşa etdi” adlı iki sənədli hekayəm, 1978-1993-cü illər aralığında Cəbrayıl rayonunda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubu ilə ilgili “Ümid” Ədəbi Klubu Cəbrayılın ədəbi simvolu idi” və “Xudafərin” qəzetinin 90 illik fəaliyyəti ilə bağlı “Mənim sevimli qəzetim” adlı publisistik yazılarım həm “Kredo”, həm də “Xudafərin” qəzetlərində dərc edilib.

Yanvar ayınında “Azərbaycan” jurnalının 5 səhifəsində, “Azad qələm” jurnalının isə 2 səhifəsində, mart və sentyabr aylarında “Ədəbiyyat qəzeti”ndə (hər dəfə bütöv səhifədə), aprel ayında “Ədalət”də, mayda “Kredo”da, oktyabr ayında isə “525-ci qəzet”də xeyli sayda şeirim oxuculara təqdim olunub. “Azərbaycan” jurnalının ötənilki iyul-avqust tarixli birgə sayında “Şuşa etüdləri” adlı lirik poemam işıq üzü görüb. “Manevr.az”, “Sabaha-inamla.az”, “Yenisəs.az”, “Kulis.az”, “Manera.az”, “Dəlidağ.az”, “Kultura.az”, Yenixəbər.org”... onlayın saytlarında və dərgilərində xeyli sayda şeirlərim, publisistik yazılarım oxucuların diqqətinə çatdırılıb.

- Vaqif poeziya günlərinin yaradıcılığınızda və bölmənin həyatında yeri ,izi?

- Ana Vətənimizin qeyrət alası, gözəllik tacı Şuşanı 1989-cu ildən sonra təzədən ziyarət etməyim (sovetlər dönəmində bu əsrarəngiz gözəliyi ilə hamını heyran edən şəhərdə 5 dəfə olmuşdum) və xalqımızın qalibiyyəti ilə sona çatan II Qarabağ Müharibəsindən sonra Vaqif Poeziya günlərində iştirakım yaddaşımda əbədi olaraq iz salıb. 2021-ci lldə Şuşaya gedib qayıdan kimi yol qeydlərimi və yuxarıda bəhs etdiyim “Şuşa etüdləri” adlı lirik poemamı yazıb mətbuatda dərc etdirmişəm. Qədim mədəniyyət mərkəzi olan Şuşa Qarabağın döyünən ürəyidir və bu möhtəşəm qala-şəhər yurd sevgimin bir parçasıdır!..

-Uzun müdət müzakirə mövzusu olan AYB- nin qurultayı artıq tarixdi, Bu tarix, yəni Qurultay və onun barəsində fikirlərinizi bilmək maraqlıdır...

- Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı yazarlarımızın ali məclisidir və tədbirin axırlarında və sonrakı günlərdə davam etdirilən yersiz söz-söhbətlər mənim fikrimcə, xoşagələn hal sayıla bilməz. Hər bir yazarın qabiliyyəti ortaya qoyduğu əsərlərlə ilgilidir, başqalarını qaralamaq hesabına hansısa vəzifəyə can atmaq istedadlı söz adamlarına xas olmamalıdır. Mənim həyatımda, ədəbi yaradıcılığımda, son 22 il ərzində rəhbərlik etdiyim bölmədə “mən” kəlməsi “biz” sözündən axırda gəlir...

Yeri gəlmişkən, qurultayın sonunda rəhbər orqanların seçim vaxtı komissiyaların birində təmsil olunmağım, təkcə bölmə rəhbəri kimi mənə yox, həm də mingəçevirli yazarlara yönəlik ehtiram hissinin ən bariz nümunələrindən biri idi...

- Bir az şablon səslənsə də bu ilin yaradıcılıq proqramınızla bağlı - Şəxsi və Bölmə müstəvisində nə deyə bilərsiniz?

- Yeni ilin elə ilk günlərindən əməli fəaliyyətimizi davam etdirməkdəyik. Yanvarın 15-də və ayın sonuncu bazar günündə yazarlarımızla yenidən bir araya gəldik. Şair-publisist Məmməd Mərzilinin I Qarabağ Müharibəsində şəhid olmuş ərənlərdən və Ağdam bölgəsində düşmənlə ölüm-dirim savaşına qatılan əsgər və zabitlərin. döyüş hünərlərindən bəhs edən “845” adlı kitabının təqdimat mərasimini keçirdik. AYB Mingəçevir bölməsinin “bar çiçəkləri” adlandırdığımız gənc yazarlarımızdan Ayşən Rəhim, Elçin Məhərrəmli və Xəqani Hunalpın yaradıcılıq hesabatlarını dinləyərək, onlara tövsiyyələrimizi verdik. Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın dəvəti ilə 10 nəfər yazarımız və teatrın rəhbər heyəti “Dəyirmi masa” arxasına əyləşməklə yaradıcılıq mübadilələri etdik.

Şəhər İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə iki nominasiya üzrə müsabiqə keçirmək istəyimizi reallaşdırdıq. Müsabiqənin yekununda,-aprel ayının ikinci ongünlüyündə Mingəçevirdə Poeziya gecəsi keçirməyi də planlaşdırdıq.

Özümlə bağlı qeyd etmək istəyirəm ki İnşallah, vaxt məhduiyyətinə baxmayaraq, yeni şeirlər yazıb ortaya çıxaracaq, bölmə üzvlərinin,-illah da ədəbi aləmdə ilk uğurlu addımlarını atan gənc şair və yazıçılarımızın ən yaxşı əsərlərinin mətbuat səhifələrində, onlayın qəzet və dərgilərində dərc olunmasına yardımçı olacağam. Ötən il uşaqlar üçün yazdığım şeirlərin az olmasına rəşmən, bu il çalışacağam ki balalara borclu qalmayam...

- İsmayıl müəllif, Böyük Zəfərimizdən sonra Qarabağa, təbii ki, həm də Cəbrayıla qayıdış artıq xəyaldan reallığa çevrilib.Bu mənada şairİsmayıl İmanzadəCəbrayıla qayıdış istəyiniyaradıcılığında , eləcə dəəməli işin də gerçəkləşdirmək bağlı nə düşünür? Konkret bir planınız varmı?

- İnsan yaşlandıqca öz doğma elinə-obasına daha çox can atmağa çalışır. Son otuz ilə yaxın zaman kəsimində doğulub, boya-başa çatdığım, uşaqlıq, yeniyetməlik və gənclik illərimin şahidi olan Cəbrayıla təzədən qayıdaraq, dünyaya göz açdığım Böyük Mərcanlıda yaşamaq ən ülvi arzularımdan biridir. İllər boyu köçkünlüyün ən sərt üzü ilə rastlaşmış, niskilimi, yurd həsrətimi qələmə aldığım şeirlərimdə, arzularımda, xəyallarmda yüz dəfələrlə “getdiyim” hər qarış torpağını, daşını-kəsəyini bağrıma basdığım bu ulu məkan sabahkı günlərimin yelkəni, ümidlərimin közərtisidir. İnşallah, ömür möhlət versə Cəbrayılda ədəbiyyatımıza sidq-ürəkdən xidmət etməyə çalışacaq, yazarlarımızı 70-80-cı illərdə olduğu kimi yenidən bir araya gətirəcəyəm...

-İsmayıl İmanzadəyə AYB-nin üst qurumu və çevrəsi Mingəçevirdən necə görünür?

- AYB-nin rəhbərliyi ilə münasibətlərimiz qarşılıqlı hörmət və ehtiram hissinə söykənir. Heç bir göstəriş və işimizə müdaxilə olmadan fəaliyyətimizi davam etdiririk. Sağ olsunlar, bölmə rəhbəri kimi əməli fəaliyyətimdən razı qalmaları, bununla bağlı yeri gələndə ünvanıma yönəlik səmimi kəlmələri hərdən gəlib mənə də çatır. Ancaq AYB-nin xəttiylə düzənlənən layihələrdən bəzən uzaqda qalmağımızı müsbət hal hesab etmirəm. Konkret olaraq 44 günlük II Qarabağ Müharibəsindən sonra AYB-nin xəttiylə nəşr edilən kitabdan kənarda qalmağımız (hansı ki mənim və bölmə üzvlərindən bəzilərinin şəhidlik mövzusunda qələmə aldıqları əsərlər, tarixi düşmənlərimiz üzərində qazanılan Zəfər sevincimizi tərənnüm edən xeyli sayda şeirlərimiz də mövcuddur...) təəssüf doğurur.

Yeri gəlmişkən, tanınmış ədəbiyyatşünas alimlərin, tele-kanalların, yersiz təriflərin hesabına özlərini “yepyekə” yazar hesab edən bəzi şair və yazıçı “dostlarımıın” əyalətlərdə yaşayan söz adamlarına üstən aşağı baxmaları ilə razılaşa bilmirəm. Belələri anlamır və anlamaq istəmirlər ki, bölgələrdə yaşayan istedadlı qələm sahibləri onlardan nəinki əskik, bəlkə də hardasa bir boy üstündürlər...

Sonda şahidi olduğum bir qəribə hadisədən müfəssəl şəkildə bəhs etməklə fikrimi sonuclamaq istəyirəm. 2021-c ildə bölgələrdəki ədəbi aləmdən söz açan bir xanım yazarın “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş hesabat xarakterli yazısını oxuyanda çox məyus oldum. Yazının müəllifi sıradan biri yox, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun məsul elmi işçisi idi. Onun yazısında bölgələrdə fəaliyyət göstərən AYB bölmələrindən yalnız bir neçəsindən bəhs edilsə də, Mingəçevir və digər bölmələrə etinadsızlıq ön planda gəlirdi. Nəinki bölmənin, heç yazarlarımızdan birinin də olsa adı çəkilmirdi. Sonradan məlum oldu ki məqalə müəllifi zəhmətə qatlaşıb, araşdırmalar aparmaq əvəzinə sosial şəbəkədə (feysbuq) “dostluğunda” olan əksər cızmaqaraçıların “yaradıcılığından” bəh-bəhlə söz açmağıöz aləmində daha yetərli hesab edib...

Məni yaxından tanıyanlar bilirlər ki nə qədər səbrli-təmkinli şəxs olsam da haqsızlıq görəndə səsimi içimdə boğan adam olmamışam. Həmin günlərdə iradlarımı əvvəlcə şifahi şəkildə institutun şöbə müdirinə, giley-güzarımı bir professor dostuma telefon vasitəsiylə bildirdim. Sonra isə məsələ ilə ilgili etirazımı o vaxtlar institun direktoru, akademik İsa Həbibbəyliyə rəsmi məktub vasitəsiylə çatdırdım...

Şəxsi qənaətimə görə, bilə-bilə, özü də şüurlu şəkildə görülən önəmli işləri göz ardına vurmaq ən azından etinasızlıq və tapşırılan işə məsuliyyətsiz yanaşmaqdır... Eybi yoxdur, keçmiş olsun! Onsuz da mən tərif aludəsi, gördüyüm işləri reklam etmək fikrindən uzaq adamam!..

 

Müsahibəni qələmə alan: Əbülfət Mədətoğlu