adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Avqust 2022 10:08
285
SİYASƏT

İranın qarın ağrısı... - Səxavət Məmməd yazır

Qarabağ ətrafında cərəyan edən proseslər onu deməyə əsas verir ki, mövzu “Qarabağ problemi”ndən çoxdan çıxıb. Hazırda əsas məsələ Zəngəzurla bağlıdır.

Rusiyanın Ukraynaya təcavüzü, ABŞ və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi təsir göstərir. Rusiya cənub və şərqə baxmağa məcburdur. Yəni Ukraynaya təcavüz faktı olmasaydı və Qərbin sanksiya məngənəsində sıxılmasaydı, çətin ki yönünü cənuba və şərqə tutardı. Bu həm də o anlama gələcəkdi ki, Rusiya Qarabağda istədiyi kimi davranacaqdı. İstədiyi vaxt gərginliyi artırıb, istədiyi vaxt azaldacaqdı. Beləcə təkcə münaqişəni yox, həm də bölgəni idarə edəcəkdi.

Son baş verənləri izlədikdə Rusiyanın tələsdiyini görürük. Rusiya üçün Zəngəzur – Zəngəzur dəhlizi” yox, məhz Zəngəzur – olmazsa-olmazlardandır. Baş verənlər belə təəssürat yaradır ki, Rusiya Zəngəzuru Ermənistanın idarəetməsindən almaq istəyindədir. Bu, müqavilə ilə mi olacaq, yoxsa hansısa başqa üsulla, bunu indidən demək çətindir, ancaq Rusiyanın israr etdiyi bəllidir.

Azərbaycan isə bu məsələdən istədiyi kimi yararlanmaqdadır. Qarabağda yüksəkliklərə nəzarəti ələ keçirir, Laçın və kəndlərini boşaltmaq üçün təzyiqini artırır. Bu, ciddi nəticələr də verir. Müharibədən sonra Rusiya tərəfi Qarabağdakı separatçı rejimin himayədarı, su gətirəni, ev tikəni kimi davransa da, indi Xankəndidə oturduqları masaya Azərbaycan bayrağı belə qoyurlar. Maraqlar necə siyasət yeridəcəyini müəyyənləşdirir. Rusiya hazırda Azərbaycan tərəfinin bütün “şıltaqlıq”larına göz yummaq məcburiyyətindədir. Diqqətinizə çatdırmaq istəyirəm ki, müharibədən bir qədər sonra Rusiya Hadrut və Şuşanın erməni tərəfinə verilməsi üçün təzyiqlər edirdi, indi isə tam əskini görürük.

Ermənistanın yanında və ona açıq dəstək verən tək ölkənin isə İran olduğunu görürük. İran Prezidenti artıq neçənci dəfədir bəyan edir ki, bölgədə sərhədlərin dəyişməsi onların qırmızı xəttidir. Bizim cəmiyyət bunu bəzən lağa qoyur, bəzən qeyri-ciddi yanaşır. Məsələ ondadır ki, İran hansı proseslərin getdiyini bilir və bundan narahatdır. İranın narahatlığı təkcə Cənubi Azərbaycan deyil. Çünki Zəngəzur əl dəyişdirərsə, dəmiryol və magistiral yol xətti açılacaq, yükdaşıma məhz bu yola keçəcək. Beləcə İran tərəfi ciddi maliyyə itkisi ilə qarşılaşacaq. Bunun üzərinə narkotik trafikini də gəlsək, məsələnin mahiyyəti üzə çıxmış olur. İranla Ermənistan arasındakı son telefon trafikini həm də “İran öz dərdindədir” kimi də oxuya bilərik və bunda qətiyyən yanılmarıq.

Rusiya cənub və şərqə açılmaq üçün ən qısa yolun məhz Zəngəzur olduğunu bilir. Tarixi səhvini düzəltmək üçün həmin ərazini Azərbaycana hədiyyə etmək niyyətində də olmayacaq. Çünki yolun üzərində olmaq Rusiyaya hava-su kimi lazımdır.

Hesab edirəm ki, bundan sonra Rusiyanın Ermənistana təzyiqləri günbəgün artacaq. Bunu bəzən siyasi yolla edəcək, bəzən Azərbaycanın, ən sonda isə Ermənistandakı hərbi bazaları vasitəsilə. Sonuncunun olması az gözləniləndir.

Azərbaycan hazırkı vəziyyətdən daha çox yararlanmaq üçün əlinə düşən bütün fürsətlərdən sonuna qədər yararlanmalıdır. Bir də belə tarixi fürsət çətin ələ düşsün…