16 Aprel 2024 09:10
904
SİYASƏT

İran - İsrail savaşı: Nəticə?! - Elxan Şükürlü yazır
 

İran neçə vaxtdır, xüsusən də HƏMAS-İsrail savaşı yenidən başlayandan bəri, böyük bir müharibəyə təhrik edilir, rəsmi Tehran da bunu açıqca görür, bilir və Aralıq dənizinə hərbi gəmilərini yerləşdirərək, bütün Yaxın Şərqdəki hərbi bazalarını döyüş hazırlığı vəziyyətinə gətirmiş ABŞ-la birbaşa hərbi toqquşmadan yayınırdı...

Rusiya-Ukrayna savaşından ciddi nəticələr çıxaran İran strateji səbir nümayiş etdirmək və əlverişli zaman seçmək, o zamanadəksə İsrailə qarşı proksilərinin əliylə hərbi əməliyyatlar aparmaq taktikasına üstünlük verirdi.

Hətta 2024-cü ilin 3 yanvarında Kirmandakı kütləvi qətliam belə, İranın dini lideri Seyid Əli Xameneyinin strateji səbrini poza bilməmişdi və çoxlarının gözləntilərinin əksinə olaraq, o, İran Silahlı Qüvvələrinə ABŞ-la açıq hərbi qarşıdurmaya getməkdən yayınmaq göstərişi vermişdi.

Ancaq İsrailin İranın Suriyadakı konsulluğunu vurması və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərini qətlə yetirməsi İrana başqa seçim imkanı saxlamamışdı: İran öz nüfuzunu saxlamaq üçün mütləq cavab verməli, eyni zamanda, bunun özünəqarşı irimiqyaslı müharibəyə çevrilməsi məsuliyyətindən də yayınmağı bacarmalıydı!

Əslində, İranın dini lideri Xameneyinin Ramazan ayının sonuncu cümə xütbəsinə səbir, dözüm və dəqiqliyi simvolizə edən məşhur snayper tüfəngiylə - “SVD” ilə qatılması və “Sionist rejim səhv etdi, tənbeh olunacaq!” cümləsini işlətməsi də bunun açıq işarəsiydi: atəş açılacaq, böyük müharibə isə olmayacaq!

Hazırda Azərbaycanda sosial şəbəkələr üzərindən aktiv şəkildə İranın gözdənsalma kampaniyası aparılsa da, əslində, İran ilk dəfə olaraq öz ərazisindən nümayişkaranə şəkildə birbaşa İsrailə qarşı təşkil etdiyi dron hücumuyla məqsədinə çatmış sayılır.

Hər şeydən əvvəl, bu əməliyyat xüsusən də son iki il ərzində Qərbin həm milli-etnik, həm də sosial-iqtisadi zəmində daxildən parçalamaq, sarsıtmaq istədiyi 90 milyonluq İran əhalisini yenidən birləşdirərək, dini hakimiyyətin arxasında toparlayacaq, ölkədə isə döyüş ruhlu anti-Qərb, anti-İsrail əhvalını daha da yüksəldəcək.

Bu isə Yaxın Şərqdə ABŞ və İsraillə savaşa hazır yeni mücahidlər ordusu, İranın dəstəklədiyi silahlı qruplaşmalara həm insani, həm də maddi dəstəyin davam etməsi deməkdir!

Artıq İranın təbliğat maşını İsrailə hücumu böyük bir qələbə kimi qeyd etməyə başlayıb, bir il əvvəl Qərbin “azadlıq” çağırışlarına uymuş İranın gənc əhalisi isə küçələrə çıxaraq, böyük coşğuyla dini hakimiyyətin arxasında səfərbər olub, ABŞ və İsraili lənətləməkdə davam edir...

Digər yandan, İranın İsrailə daha yaxın Suriya, Livan və İraq ərazisindən deyil, məhz öz ərazisindən 1500 km məsafədə yerləşmiş İsrail paytaxtını hədəf seçməsi rəsmi Tehranın öz hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, 6 aydır Qəzza bataqlığından çıxa bilməyən İsrailin Netanyahu hökumətinə də böyk zərbə endirmək deməkdir.

Şübhəsiz ki, bu durum, ilk növbədə, Netanyahu hökumətinə içdən basqıları artırmaqla, onu daha da çətinə salacaq.

Çünki yenidən hakimiyyətə qayıtdığı gündən İranın nüvə proqramını dayandırmaq üçün İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamağı vacib sayan Netanyahu artıq fakt qarşısında qoyulub: indi o, ya İranın hücumunu əsas götürərək, İrana qarşı da genişmiqyaslı cavab əməliyyatlarına başlamalı, ya da Qəzzada rəzil duruma düşdüyü kimi, İrana qarşı səsləndirdiyi bəyanatlarından da geri addım atmalıdır.

Hər iki halda da Netanyahu hökuməti ciddi risklə üzləşməli olacaq.

Çünki HƏMAS-la savaş başlayanadək, İranın nüvə proqramının dayandırılması üçün İrana qarşı əməliyyatlar bəzi müsəlman ölkələr tərəfindən açıqca dəstəklənirdisə və hətta onların İsraillə eyni koalisiyada yer alması gözlənilirdisə, indi Qəzzada törətdiyi vəhşiliklər səbəbindən İsrailin “şiə İrana qarşı sünni ərəb koalisiyası” yaratmaq cəhdi alınmayacaq. Hətta rəsmi Təl-Əvivlə çox yaxşı münasibətləri olan hansısa müsəlman ölkəsi də daha əvvəlkitək İsraili açıq dəstəkləməyə risk etməyəcək.

Beləliklə, Netanyahu hökumətinin Baydenə sığınmaqdan, onun təklifləriylə razılaşmaqdan başqa yolu qalmayıb.

Ukraynada Putinin cəngində çırpınan Baydenə isə Yaxın Şərqdə müharibə uğur vəd etmir. ABŞ prezidenti yaxşı anlayır ki, artıq İrana qarşı əməliyyatlarda zamanı itirib, çox gecikib və indi İsrailin təhrikiylə İrana qarşı əməliyyatlara qoşulması Ukraynanın tamamilə Rusiya tərəfindən udulmasına, neft qiymətlərinin yüksəlməsinə, Ukrayna savaşı ətrafında birləşmiş Avropada yenidən ixtilafların baş qaldırmasına, ABŞ-ın özündə daxili etirazların artmasına və beləcə, 2024 seçkilərinin uduzulmasına gətirib çıxaracaq...

İndi gözləyək, görək, İranın konsulluğunu vurmaqla onu alçaltmaq istəyən İsrail nümayişkaranə şəkildə başına yağan dron hücumuna cavab olaraq, təkbaşına İrana qarşı böyük müharibəyə başlamağa cürət edəcəkmi?!