adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2017 09:49
12927
ƏDƏBİYYAT

İNANA BİLMİRƏM


İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm, gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Onlarla tanışlar ötürmüşəm mən,
Çiynimə tabutlar götürmüşəm mən.
Nə qədər adamı dəfn eləmişəm,
Bacımı, atamı dəfn eləmişəm.
Yüz yol alışmışam, odlanmışam mən,
Fəxri qarovulda dayanmışam mən,
Nə qədər ömürlər suala dönüb,
Körpələr yox olub xəyala dönüb.
Bir göz qırpımında itib tanışlar,
Sağımdan, solumdan gedib tanışlar.
Hey ürəyim qəmli, hey qanım qara,
Baxmışam sahilsiz qəbiristanlara.
Ulduzlar sanında məzar görmüşəm,
Yenə də özümü ölməz bilmişəm,
Heç inanmamışam gün gələcək ki,
Mən də köçəcəyəm milyonlar təki.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə, hər gün, hər saat.
Min ömür çatsa da sona - insanlar,
İnana bilmirəm buna - insanlar.
Sanıram üstümə ölüm gələndə,
O, mənim köksümü söküb dələndə
Hər cürə davadan, dərmandan əvvəl.
Hər cürə həkimdən, loğmandan əvvəl,
Öz sevgiləriylə, istəkləriylə.
Mənə "Ata! Ata!" deməkləriylə,
Öz baxışlarıyla, öz səsləriylə,
Öz isti, mehriban nəfəsləriylə,
Məni balalarım sağaldacaqlar,
Ölüm zülmətindən çıxardacaqlar.
Sanıram o çətin anımda mənim,
Dostlarım dayansa yanımda mənim,
Sorsalar: "Necəsən?" o əzizlərim,
Təzədən yanacaq sönən gözlərim.
Onlar əllərimdən yapışan kimi,
Durub gəzəcəyəm bir cavan kimi,
Mənə elə gəlir ən son nəfəsdə,
O cəllad duranda başımın üstə,
Sözlərim meydana girib ər kimi,
Çarpışıb, vuruşub iyidlər kimi,
Gücünü, əzmini bildirəcəklər,
O qara kabusu öldürəcəklər.
Mənə elə gəlir ölüm gələndə
Bir haray düşəcək o doğma kəndə,
Eşidib, bilənlər yüyürəcəklər,
Onu boğazlayıb sürüyəcəklər.
Mənim küləklərim tüğyan edəcək,
Mənim çiçəklərim üsyan edəcək,
Mənim qartallarım millənəcəklər,
Mənim laylalarım dillənəcəklər,
Çəpərə dönəcək bənövşələrim,
Qalxacaq ayağa göy meşələrim,
Adamlar, qartallar, qayalar, dağlar,
Məni bu həyata qaytaracaqlar.
Mənə elə gəlir, varlığım, canım,
Loğmanlar loğmanı Azərbaycanım,
Ürəyi istəsə - diriləcəyəm,
Mənə oğul desə, diriləcəyəm...
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə hər gün, hər saat,
Min ömür çatsa da sona, insanlar!
İnana bilmirəm buna, insanlar!

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA...

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir...
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

FÜZULİ

Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.
Göz yumub yuxuya daldı Füzuli,
Vətən arzusuna çata bilmədi.
Fəqət bu xəbərdən obası, eli
İllərlə göz yumub yata bilmədi.
Onu tapşırdılar zülmət məzara,
Bütün Azərbaycan saraldı, soldu.
Gəncə başdan-başa geyindi qara,
Kəpəzin, Şah dağın gözləri doldu.
Körpə uşaq kimi tutuldu Xəzər,
Səma da ağladı, yer də ağladı.
Bakı uyumadı, mehriban şəhər,
Şirvan yasa batdı, Bərdə ağladı.
O vaxt doğma yurdu dolandı bu söz,
Dedi çöllərimiz, çəmənlərimiz,
Dedi könül verib, sevənlərimiz,
Ellərin sədası düşdü hər yana:
Gətirin şairi Azərbaycana!
Dedilər nə vaxtdır həsrətik ona:
Gətirin şairi Azərbaycana!
Uçdu Kərbəlaya xəyal atımız,
Keçdi ocağımız, söndü odumuz.
Yanıb nalə çəkdi muğamatımız,
Tellərin sədası düşdü hər yana:
Gətirin şairi Azərbaycana!
Ana torpağımız dindi insantək:
Məzarı qoynumda qazılsın gərək,
Şöhrəti alnıma yazılsın gərək,
Qoymayın ürəyim od tutub yana,
Gətirin oğlumu Azərbaycana!
Bütün söz qoşanlar, bütün əsərlər,
Nəğmələr, qoşmalar, sözlər, qəzəllər.
Füzuli şerinin şahı - gözəllər
Dedilər nə vaxtdır həsrətik ona,
Gətirin şairi Azərbaycana!
Neçə zaman görmüş sarvanlarımız,
Neçə zınqırovlu karvanlarımız.
Qoca Kərbəlaya yol açdı o gün.
Kim bilir onların başı nə çəkdi?
O vaxt Kərbəlaya yetişmək üçün
Günü əzab dolu aylar gərəkdi.
Uyudu ərəblər torpağında o,
Nə etmək, o zaman, başqa zamandı.
Dərdli həyatının son çağında o,
Görən nə düşündü, görən nə andı?
O, bəlkə son dəfə nəfəs çəkəndə
Düşündü alnında, qəlbində qübar:
Böyük Nizamiylə doğma Vətəndə
Kaş məni yan-yana basdıraydılar!
Yada qismət oldu şöhrətim, şanım,
Sinəmdə dərdimdir, uca dağımdır?!
Bəlkə də düşündü: Azərbaycanım
Məni öz şairi sayacaqmıdır?
Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.
Füzuli, qəlbimin sözünü dinlə,
Danışmaq istəyir şerim səninlə.
Keçdi o əsrlər çənli, çisəkli,
Bu gün yurdumuzun iftixarısan.
Bu gün cavan ruhlu, cavan ürəkli
Qoca şerimizin bayraqdarısan.
Adını söyləyir gül də, çiçək də
Şöhrətin yayılıb indi hər yana.
Şair, məzarını gətirməsək də,
Özünü gətirdik Azərbaycana!

ƏN ƏZİZ, ƏN ŞİRİN,
ƏN UCA GÜNLƏR...

Cənublu şair dostum Söhrab Tahirin anası Nəsibənin Bakıya qonaq gəlməsi münasibətilə

Nə gözəl aylardı, həftələr idi,
Səninçin, ay Söhrab, analı günlər,
Gözünə görüşdən sürmə çəkilən,
Barmağı öpüşdən xınalı günlər,
O tayın, bu tayın daş həsrətindən
Tamam uzaq günlər, aralı günlər,
Bütün Azərbaycan torpağı üçün
Doğma, əziz günlər, mənalı günlər.

***
On iki milyonlıq qardaş-bacının,
Sözüylə, adıyla gəlmişdi ana,
Azadlıq yolunda ölən ərlərin
Odlu fəryadıyla gəlmişdi ana,
Üzünə baxanda elə bilirdin
Göyün üstü ilə gəlmişdi ana,
Yerin altı ilə gəlmişdi ana,
Raketlər əsrində beş addım yolu
İyirmi altı ilə gəlmişdi ana.

***
Ana bala ilə olar, biz isə
Anası bu taya gəlib deyərdik,
Hələ qürur ilə, iftixar ilə
Özü də üç aya gəlib deyərdik,
Həştad yaşlı qarı, qırx yaşlı kişi
Təzədən dünyaya gəlib deyərdik.
Doğma övladını görməkçün yazıq
Bir qərinədir ki, şikayət yazıb,
Yalvara-yalvara gəlib deyrdik,
Ağlaya-ağlaya gəlib deyirdik.

***
Ömrünün ən rahat anları idi
Düz üç ay yuxusuz qaldığın anlar,
Ana gülüşünə, ana sözünə,
Ana söhbətinə daldığın anlar,
Bu yekə vaxtında yerini, qardaş,
Anayla yan-yana saldığın anlar,
Ən böyük dərdini, böyük yaranı
"Oğul" gəlməsiylə sarıdığın anlar...
İndi ürək sökən xatirə olub
Sükutlu, nəğməli, çalğılı anlar.

***
Sizə yığışardıq tez-tez, əzizim,
Şerli, gülüşlü, məclisli idik,
Biz ancaq anaya durub baxırdıq,
Yüz baxışlı idik, yüz gözlü idik,
Dili ana dilim, nə xoş, nə təmiz,
Sözləri nə şirin, nə duzlu idi.
Bakılı, Mərəndli, Xoylu, Qubalı,
Bərdəli, Ağdamlı, Təbrizli idik,
Sən bu taylı idin, mənsə o taylı,
Nə fərqi, həm sizli, həm bizli idik,
Nə xoş yerlər idi, mahallar idi,
Ananın ayağı toxunan yerlər,
Bu şirin həsrətə, şirin görüşə,
Bu şirin vüsala yığılan yerlər,
Ən uca dağlardan ucadır bu gün
Onun qədəminə yıxılan yerlər,
O gedəndən bəri dolan, boşalan,
Qovrulan, darıxan, sıxılan yerlər,
İndi xəyalının ekranlarında
Hicran lenti ilə baxılan yerlər.

***
Nə ağır anlardı, dəqiqələrdi,
Onun getməyinə az qalan günlər.
Açıb cəhəngini əjdaha kimi
Hər gün vüsal udan aziman günlər,
Düşüb qətrə-qətrə, damcıbadamcı,
Sızıb gilə-gilə azalan günlər,
Başının üstündən ağır daş kimi,
Qara bayraq kimi asılan günlər,
İndi bahar olub, qaranquş olub
O şirin, o əziz, o acı günlər,
İkiyə bölünmüş ürəyimizin
Həkimi, dərmanı, əlacı günlər.