adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 16:49
68
DÜNYA
A- A+

İlin ilk yarısında Türkiyəyə 25 milyondan çox turist gəlib - FOTOLAR

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy iyulun 31-də İstanbulda keçirilən mətbuat konfransında ölkənin 2026-cı ilin ilk yarısı üzrə turizm göstəricilərini açıqlayıb. Bildirilib ki, ilin ilk altı ayında Türkiyə 25,8 milyon xarici ziyarətçi qəbul edib. Bu dövrdə ölkənin turizm gəlirləri ötən ilin eyni səviyyəsini qoruyaraq 25,8 milyard ABŞ dolları təşkil edib.

Nazir bildirib ki, Yaxın Şərqdə davam edən regional gərginlik və qlobal qeyri-müəyyənliklər 2026-cı ilin ilk yarısında turizm tələbinə müəyyən təsir göstərib. Onun sözlərinə görə, Türkiyə münaqişənin tərəfi olmasa və ölkədəki hava limanları ilə aviaşirkətlər fəaliyyətini fasiləsiz davam etdirsə də, Yaxın Şərq hava məkanının bağlanması turist axınında cüzi azalmaya səbəb olub.

“2025-ci ilin ilk altı ayında Türkiyə 26,4 milyon ziyarətçi qəbul etmişdi. Cari ilin eyni dövründə isə bu göstərici 25,8 milyon olub. Bununla belə, ilin ikinci yarısına uğurlu başlanğıc etmişik və mövcud proqnozlarımız qarşıdakı aylarda daha güclü nəticələr əldə olunacağını göstərir. Həyata keçirdiyimiz strateji addımlar sayəsində turizm gəlirlərini ötən ilin səviyyəsində saxlamağa nail olduq və ilin ilk yarısını 25,8 milyard ABŞ dolları gəlirlə başa vurduq”, – deyə Mehmet Nuri Ersoy vurğulayıb.

2026-cı ilin ilk yarısında Türkiyədə orta qalma müddəti 0,5 faiz artaraq 10,01 gecəyə, bir gecə üzrə orta xərcləmə isə 2,6 faiz yüksələrək 109 ABŞ dollarına çatıb. Ölkəyə ən çox turist göndərən ilk üç bazar əvvəlki kimi Rusiya Federasiyası (2,65 milyon), Almaniya (2,44 milyon) və Böyük Britaniya (1,58 milyon) olub.