İkitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi bir sıra mühüm məsələləri gündəmə gətirdi. Görüşdə təşkilatın qarşısında duran vəzifələr, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin çıxışında qeyd edib ki, qarşılıqlı həyata keçirilən tədbirlər nəticəsində əlaqələr güclənir: “Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.
Azərbaycanın TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, təşkilata üzv ölkələrin ciddi təbii ehtiyatları var ki, bu da iqtisadi potensialın artmasına gətirib çıxarır: “Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk.
Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir”.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Digər Xəbərlər
21 Sentyabr 2026 12:18
Yeni Tədris İli Yaxınlaşdıqca Maliyyə Məsələləri Ailələr Üçün Daha Əhəmiyyətli Olur
21 Sentyabr 2026 10:19
Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır
21 Sentyabr 2026 07:58
TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi
21 Sentyabr 2026 07:56


Bakı -°C

