adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Dekabr 2021 11:38
1522
ƏDƏBİYYAT

HARDASA BİR DƏLİ HƏSRƏT İNLƏYƏR... - Fidan Nizaməddin yazır

(ŞAHMAR ƏKBƏRZADƏ -80)

 

İlk şeirlərini 1959-60-cı illərdə yazan altmışıncılar nəslinin görkəmli nümayəndələri kimi tanınmış – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Məmməd Aslanla möhkəm dostluq və yaradıcılıq münasibətləri olan Şahmar Əkbərzadə poeziyaya mövcud totalitar rejimilə mübarizədən başladı. Bu illərin və bu şairlərin ədəbi tarixi dəyərini verən ulu öndər Heydər Əliyev 1995-ci ildə demişdir: "Milli azadlığa nail olmaq üçün, xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu da asan bir proses deyildir, çox vaxt tələb eyləyən prosesdir. Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək çətin idi. (Heydər Əliyev. "Ədəbiyyatımızın borcu və amalı”, səh. 250-252).

Ədəbiyyat bir elm olmaqla yanaşı, həm də varlığın təcəssümüdür. Bəşəriyyətin elə bir hiss-həyəcanı yoxdur ki, ədəbiyyatın anlayışından kənarda qalsın. Ədəbiyyat həm də sivilizasiyanın tarixi kimi xalqın düçar olduğu tarixi hadisələrin duyğularını bölüşür. Yarandığı ilk gündən insana uşaqlıqdan, ürəkdən gələn ən səmimi hissləri aşılayan poeziya anaların arzu və istəklərindən, qayğısından doğulmuşdur. Məhz bu səbəbdən Azərbaycan şeiri əsrlərdir sözü uca tutub, özündə bir sıra dəyərləri qoruyaraq insanın ruhuna hopmuşdur. Bütün dövrlərdə və ədəbi axınlarda – poeziya öz çəkisini səmimiyyəti ilə qoruyub saxlamışdır. Bu baxımdan oxucu ilə ürək dilində danışan Nəriman Həsənzadənin bu misraları şeirin də, şairin də vəzifəsini müəyyən edir:

 

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

 

Bəxtiyar Vahabzadənin şeirlərində şairlik müəllimlə müqayisə olunur:

 

Müəllimlik mənim günüm, həyatım,

Şairlik — ən uca duyğularımdır.

 

Əli Kərim poeziyasında şairlik zamanın doğma övladı və idrakın zirvəsindən süzülən hissin yanğınlarıdır:

 

Şair var ki, ölümünü,

Başlamamış bitirir.

…Amma şair də var ki,

Zamanın doğma oğlu;

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu.

 

Əbülfət Mədətoğlunun fikrincə şairlik:

 

Şairlik əslində

Ürəyi, ruhu

əbədi girov etməkdi

 

Tofiq Bayram tələbə vaxtlarında: "İyirmi dörd yaşında bir cavan idim… Şairəm deyəndə lovğalanırdım” yazsa da sonralar fikrini dəyişmişdi:

 

Hər ürək bu yola gətirməyib tab,

Şairlik nə bəylik, nə sultanlıqdır.

Şairlik ən böyük əziyyət, əzab,

Şairlik ən böyük qəhrəmanlıqdır.

 

Şahmar Əkbərzadənin şeirini, şairliyini iki hecalı bir sözlə ifadə etsək yəqin ki, bu "həsrət” olar. "Çəmənləri oxşayanda küləklər, göydən yerə həsəd çəkər

mələklər” (İzlərimə həyan qal). Uşaqlıqda atasını itirən şairin ilk həsrəti ata qayğısı, ata nəvazişi ilə başlasa da, sonralar iki yerə bölünən Azərbaycan dərdi – Bütöv Azərbaycan həsrətinin ağrısı-acısı ilə davam etmişdi. Vətəninin ürəyindən keçərək ərşə çıxan tüstüsünü tikanlı məftillərdən uca tutaraq poeziyanın zərif qanadlarında göylərin varlığına qovuşdurur. "Tüstümüz bəxtəvərdir” şeirinin isə yalnız adı bəxtəvərdir:

 

Bacanızın çınqısından

Bacamıza pay düşür.

Tüstünüzlə tüstümüz

Göy üzündə öpüşür.

(Tüstümüz bəxtəvərdir)

 

Vətən həsrəti, vətən sevgisi bütün şeir-sənət aləminin əsas qayəsi olmuşdur. Dünyanın bütün şairlərinin ilk və son məhəbbəti Vətən olmuşdur. "İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. Amma bu dar dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb, həsrət çəkməyəsən” (Yusif Vəzir Çəmənzəminli).

60-cı illərdə poeziyada müxtəlif poetik üslubi yeniliklərlə bərabər istiqlalın əsas obyekti olan Vətən anlayışı da dəyişir. 20-50-ci illərdə bu mövzuda yazılan şeirlər – Əhməd Cavad "Dolanır başına göydə buludlar, bəzənmiş eşqinlə çiçəklər, otlar, Öpər ayağından qurbanlar, otlar, Ayrılıq könlünü qıralı Göygöl! (1925) , M.Müsfiqin "Göygöl”millətçilik adi ilə damğalanırdı:

 

Qızıl əsgər sipərindən çıхaraq,

Diri кönlümdə qanadlandı maraq.

Buraхıb torpağa torpaqlıları,

Dırmanıb dağlara, çıхdım yuхarı.

İstədim bir yеni dünya bulayım,

Azacıq Göygölə mеhman olayım.

 

Məmməd Arazın Göygölü isə insana bənzəyir:

 

Yel əsdi, yarpaqlar suya töküldü,

Göy çitə tünd sarı güllər tikildi...

Buludla ağladı, günəşlə güldü,

Deyəsən bir kövrək insandı Göygöl...

 

Şahmar Əkbərzadə əlli ildən sonra 1975-ci ildə – "Sən mənim qibləmsən, sən mənim yönüm” – deyə anasının ana torpağa qovuşmasından kövrələrək yazdığı "Hay ver harayıma...” şeirində gölü göz yaşı ilə müqayisə edir:

 

Gözümün yaşından göllər yarana,

Nə səsim, nə ünüm yetişər ona,

Nənəm bir sonaydı, anam bir sona,

Sonam sonasına qovuşub daha.

(Hay ver harayıma...)

 

Bu dövrdə Vətən deyiləndə əsasən Sovetlər İttifaqı nəzərə alınırdı və bu azad Vətən sayılırdı. Məmməd Arazın 60-cı illərdə "Azərbaycan-dünyam mənim” şeiri isə dillərə dastan olur. Təsadüfi deyil ki, Şahmar Əkbərzadənin Məmməd Arazla o qədər doğma münasibəti var idi ki, ona həmişə "dədə” deyə muraciət edir və "Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirini hamıya əzbərləməyi tövsiyə edirdi. Şahmar Əkbərzadənin dünyası isə başqa "Dünya”dır. Zülmü taxtdan enməyən, qüssəsi lələ, cəvahirə dönən, hörməti, sərvəti isə xalqının qəmi, kədəri olan dünyadır...

 

Payı löyün-löyün, nəməri bol-bol,

Süzdü qədəhimə qəhəri bol-bol;

Doldurdu xonçama kədəri bol-bol,

Çatdırdı əlimi sərvətə dünya.

(Dünya)

 

Şahmar Əkbərzadənin dünyasından söz açan (1 may 1998) Bəxtiyar Vahabzadə "Şair içindəki zillətin-zillətə düçar olmamasına peşiman deyil... Bəladan ləzzət alan Məcnun ucalığı dilə gətirilir”. Bəxtiyar Vahabzadənin dünyasında isə dərd könüldə yuvarlanıbdır:

 

Yolunda sabitdir, ancaq insanı

Gah yoxuşa çıxır, gah düzə dünya

Bir üzü gecədir, bir üzü gündüz,

Dayanıb özüylə üz-üzə dünya.

"Dünya”

 

Beləliklə, bu dövrün şairləri istiqlalın ülvi nurlu aləminə Azərbaycan dünyasına daxil olaraq ümumilikdən uzaqlaşıb İstiqlalın konkret obrazını yaratmağa çalışırlar. Bunun üçün Azərbaycan anlayışına milli yaddaşın daşıyıcısı olan daş anlayışı üzərində toplayır. Qəribədir məhz 60-cı illərin şairləri sözlərini lal daşlara xitabən söyləyirlər. Onlar öz lirik mənini daş obrazında tapır. Məmməd Araz el dilində qarğış olan "daşa dönmək” ifadəsini səadət və istiqlal rəmzi kimi mənalandırır.

 

Bir qayaya söykənmişəm

Deyirəm kaş

Baxa beləcə daşa dönəm

Yavaş-yavaş.

Taleyimi, qayaların taleyinə

Bağlayım mən,

Bircə insan düşüncəsin saxlayım mən.

Onda məni – bir balaca daş əsgəri

Qoyar yəqin qoşulmağa bu cərgəni.

Qayaların keçmişini qayalara yazdım deyə

Onda Vətən sanar məni

Bir balaca Vətən daşı.

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

 

Zahirən bir-birinə uyuşmayan sözlər arasındakı doğmalıq və semantik harmoniyanı yaradan Əli Kərim zamanın sürətini (hətta kosmik) yarıçılpaq qədim insanın atdığı daşla ölçürdü:

 

Yarıçılpaq,

Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

Amma yerə,

Uçub getdi

Üfüqlərdən üfüqlərə.

Deməyin ki, daş yox oldu

Daş çevrilib bir ox oldu.

Oldu qılınc,

güllə,mərmi.

Dayanmadı fikir kimi.

 

Musa Yaqubun 1977-ci ildə ürəyinə daş basaraq: "Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz...” şeirinə cavab olaraq yazdığı "Bu dünyanın qara daşı göyərər” şeirində haqsızlığa uğramış "daş” obrazıdır:

 

Dərin-dərin dəryalardan dərd dərin,

Bükə bilər dizlərini dərd nərin.

Kəsə bilsək yollarını dərdlərin,

Bu dünyanın qara daşı göyərər.

 

Arzu sonsuz, ömür qısa, gün qısa,

Nahaq yerdən qoy batmasın göz yasa.

Daş ürəkli insafsızlar olmasa,

Bu dünyanın qara daşı göyərər.

"Bu dünyanın qara daşı göyərər”

 

Vətəndaşlığın əsas şərti istiqlalın rəmzi olan "Vətən daşı”na dönməkdən ibarətdir. Bu şeirlərdə insan və Vətən daşda təcəssüm tapır. Adlarında da deyildiyi kimi qayalar, daşlar insandır. İnsan da vətən çiçəkləri içində tikilmiş istiqlal daşı, istiqlal qayasıdır.

Qeyd etdiyimiz kimi Vətən həsrəti Şahmar Əkbərzadənin poeziyasının ümumən külliyyatının ana xəttidir. Professor Məmməd Qocayev "Həsrət və ümid şairi” adlı məqaləsində "Şahmar Əkbərzadə haqqında düşünəndə həmişə onun həsrət və ümid dolu çöhrəsi yada düşür, nəyinsə həsrətini çəkdiyi, nəyinsə barəsində yanıqlı danışığı yada düşür” kimi müəyyənləşdirmişdir.

 

Kölgəm gün çıxanda sərhəddi aşdı,

Kölnümə qan damdı gözümdən mənim.

Keçib, o sahili gəzib dolaşdı,

Kölgəm qeyrətliymiş özümdən mənim.

(Kölgə)

 

Xalq şairi Bəxtiyar Vahabzadə Şahmar Əkbərzadə misralarını ocağa aparan oda bənzədirdi: "Araz qırağında o taydan, bu taydan çör-çöp daşıyıb, yuva qura-qura "Vətəni vətənə birləşdirən” iki sağsağana bax, Azərbaycanın keşməkeşli taleyini anma görüm, necə anmırsan?” Şahmar Əkbərzadə "Dağdağan” şeirində

sərhəddə o taylı-bu taylı çör-çöplərdən yuva quran sağsağanların sevincinə həsəd apararaq bir şair qürurundan məğrur qiymətləndirirdi:

 

 

Sərhəd kənarında cavan yaşımda

Həsədim utanıb yerə girirdi.

İki quş dimdiyi ağac başında

Vətəni vətənə birləşdirirdi.

(Dağdağan)

 

Sovet rejiminin hakim olduğu bir dövrdə Şahmar Əkbərzadə Qarabağ torpağının zəngin guşələrini şeirlə sözlə dünyaya bəyan edərək öyünürdü. İlk şeir yazdığı gündən doğma Azərbaycanını vəsf etməkdən doymurdu. Şair intuisiyası ilə doğma torpağından ayrılacağı hissi ilə daima yurduna can atırdı. Dünyanın hansı diyarında olursa olsun doğulduğu elini-obasını unutmayaraq, hər axşam doğma kəndində axşamlayırdı.

 

Gündüz ovuna bilir,

Alışanda ağ şamlar.

Can qürbətə sığınar,

Ruh Vətəndə axşamlar.

(Torpaq sürgün olunmur)

 

Şair gündüzü günəşli loğman, göylə yer üzünü nura bələyən şirin mürgülərdə ayılan gülləri, yalçın qayaların şeh bənövşəsini qrimləyən Krım günlərində, 1986-cı ildə yazdığı şeirlərində də Vətənin həsrətini çəkir:

 

Dolaşar boynuna doğmalıq mehi

Hardasa bir dəli həsrət inləyər.

Kiminin bəxtinə bülbül cəh-cəhi

Kiminin bəxtini qəm qrimləyir.

(Krım qrimləri)

 

Milliliklə bəşəriliyin vəhdəti Şahmar Əkbərzadə şeirlərini ideya-fəlsəfi məğzini təşkil edir. Bu poeziyanın yolu millilikdən bəşəriyyətə doğru gedir. Onun estetik idealı tərkib hissəsidir.

Beləliklə uzun illərin şeir təcrübəsindən göründüyü kimi onu yaradanın – şairin özüdür. Şahmar Əkbərzadənin şeirlərinin obrazını poeziyanın mənbəyi, onun mövzusunu lirikanı doğurur. Söz o zaman qiymətli olur ki, ifadə etdiyi mənası mövzusuna aid olaraq onu əhatə edə bilsin. Şahmar Əkbərzadənin ən qiymətli obrazı Vətən! Azərbaycan! olmuşdur. Yaradıcılığa başladığı illərdən vətəninin taleyi onun şeirlərinin əsas mövzusu olmuşdur.

 

Hələ ocaqlardan od əmməmişəm.

Dərdimi Araza göməmməmişəm,

Vüsalın ətrinə bələnməmişəm,

Məni ötürməyə tələsməyin siz!

(Dayanın!)

 

Taleyinə ayrılıqlar düşmüş anamız Azərbaycanın qərib diyarlarda yanan həsrət çırağı onun qəlb aləminə, poeziyasına işıq salmışdı. Təəssüf ki, məni ötürməyə tələsməyən deyən şair, ömrünün ən yaradıcı və ən işıqlı vaxtında bu dünyanı tərk etdi. Nə qədər ki, bu dünyada şeir, söz yaşayacaq, bütün Şahmar sevənlər onu şeirlərinin nurunda daima yaşadacaq... Ruhun şad olsun, Vətənin müzəffər çağında 80 yaşlı Bütöv Azərbaycan arzusu ilə yaşayan şair!

 

Fidan Nizaməddin qızı Abdurəhmanova

Filologiya üzr