adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 20:51
100
SİYASƏT
A- A+

Yaxın qonşuluqda baş verən geosiyasi müharibələr... - Səxavət Məmməd yazır

44 günlük müharibədən sonrakı dövrə diqqətlə baxdıqda məlum olur ki, Ermənistan müdafiədə "oynaya" bilmir. 2020-ci ilə qədərki vəziyyətə nəzər salsaq, Ermənistan tərəfinin mütəmadi olaraq Azərbaycana qarşı bütün istiqamətlərdə hücum taktikası seçdiyini açıq görərdik. Bu hücum xəttinin pik nöqtəsi, indiki "sülh göyərçini" Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" bəyanatı idi. "Mingəçeviri vurarıq", "Kürə qədər torpaqları götürərik" tipli hədə-qorxuları hələ kənara qoyuram, Ermənistan informasiya və psixoloji müharibəni kifayət qədər dəqiq yürüdürdü. Bundan əlavə, Azərbaycana qarşı koqnitiv (şüuraltı) müharibədən də geniş istifadə olunurdu. Bunun təzahürünü zamanında Azərbaycan cəmiyyətində də tez-tez səslənən "Qarabağ getdi", "Qarabağı işğaldan azad etmək mümkün deyil" tipli ümidsiz ifadələrdə görürdük.

Antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ancaq eyni zamanda, Ermənistana qarşı bəzi taktiki təsir rıçaqlarını da itirmiş oldu. Yəni, həmin əməliyyata qədər Ermənistan, loru dildə desək, cızığından çıxanda, rəsmi Bakı Qarabağ daxilində lokal hərbi gedişlər edərək məsələni istədiyi məcraya sala bilirdi. Digər tərəfdən, Ermənistan da antiterror əməliyyatına qədər beynəlxalq təşkilatlar qarşısında davamlı məsələ qaldırır, Azərbaycana qarşı müəyyən təzyiq mexanizmi əldə etməyə çalışırdı. Antiterror əməliyyatı ilə bütün bunlar artıq tarixə qovuşdu.

Azərbaycan bir müddət Ermənistana qarşı konstruktiv "humanitar diplomatiya" alətlərindən istifadə etdi. Taxılın Azərbaycan ərazisindən keçməsinə şərait yaradılmasından tutmuş, enerji təhlükəsizliyi çərçivəsində benzin satışına qədər bir çox məsələlərdə rəsmi Bakı sülh əlini uzatdı. Ancaq Azərbaycanın tətbiq etdiyi bu xoşməramlı addımları Paşinyan alqışlasa da, götürdüyü öhdəliklərin demək olar ki, heç birinə əməl etmədi.

Düzdür, Ermənistanda demokratik seçki keçirildiyi deyilir, ancaq səs faizləri o qədər incə, o qədər riyazi dəqiqliklə hesablanıb ki, nəticədə həm Qərb, həm Rusiya, həm də Paşinyanın özü fərqli dividendlər qazandı. Paşinyan seçkidə elə bir səs faizi aldı ki, o, hökuməti təkbaşına idarə etmək legitimliyi qazansa da, parlamentdə konstitusiya çoxluğunu əldə edə bilmədi. Bu incə balans faktiki olaraq hər kəsi razı saldı: Paşinyan həm hakimiyyətini qorudu, həm də Azərbaycanın konstitusiyanın dəyişdirilməsi və kəndlərin qaytarılması ilə bağlı tələbləri qarşısında "mən istəyirəm, amma hüquqi gücüm və parlament çoxluğum təkbaşına buna imkan vermir" bəhanəsinin arxasına sığınmaq şansı əldə etdi. Radikal revanşistlər isə parlamentə daxil olmaqla küçədən idarə olunan xaos yaratmaq imkanlarını itirib rəsmi sistemin oyunçusuna çevrildilər.

Hazırda Ermənistanın qarşısında iki vacib məsələ durur: birincisi, Qazaxın qalan 3 və Naxçıvanın Kərki kəndini qaytarmaq, ikincisi isə konstitusiyanı dəyişmək. Ermənistanda keçirilən rəy sorğuları da göstərir ki, cəmiyyətin böyük hissəsi Paşinyan kimi düşünmür. Açığı, Ermənistanın bu tempdə silahlanması, ordusunun keçirdiyi intensiv hərbi təlimlər və zabitlərin xaricdəki kurslara cəlb edilməsi onu göstərir ki, Paşinyan özü də sülh prosesinə real baxmır. Ümumiyyətlə, onun həm konstitusiya, həm də kəndlər məsələsini bilərəkdən uzadacağını biz əvvəlcədən də proqnozlaşdırırdıq.

Şəxsən mənin sülh məsələsinə baxışım bir qədər fərqlidir. Dünyada minlərlə sülh müqaviləsi bağlanıb və sonradan pozulub. Əgər Ermənistan müstəqillik bəyannaməsinə istinad edən konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasını saxlamaqda israr edirsə, Azərbaycanın əlində daha güclü bir hüquqi silah var. Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yeganə hüquqi varisi elan edib. Bu varislik sadəcə tarixi bir bəyanat deyil, Ermənistanın hüquqi iddialarına qarşı sarsıdıcı bir konturarqumentdir.

Çünki AXC-nin süqutu ərəfəsində Paris Sülh Konfransına təqdim edilən rəsmi xəritədə rəsmi Bakının suveren əraziləri 114 min kvadratkilometr təşkil edirdi. Bura indiki Ermənistanın tərkibinə qanunsuz verilmiş Zəngəzur, Göyçə və Göyçə gölü ətrafı, həmçinin Qazaxın bəzi nahiyələri də daxil idi. Ermənistan öz konstitusiyasını dəyişməkdən yayındığı müddətcə, Azərbaycan Cümhuriyyətin 114 min kvadratkilometrlik xəritəsini beynəlxalq müstəviyə çıxarmalı və bunu İrəvanın başı üzərində bir "Domokl qılıncı" kimi saxlamalıdır: "Əgər sən sovet sərhədlərini tanımayıb öz konstitusion iddialarına əsaslanırsansa, o zaman biz də sovet dövründə bizdən alınıb sənə verilən və Cümhuriyyət dövründə bizə aid olan tarixi ərazilərimizin hüquqi statusunu mübahisələndiririk". Bu yanaşma İrəvanı sülhə məcbur etmək üçün ən kəsərli diplomatik rıçaqdır. Nöqtəyə qarşı nida, yaxadakı xəritəyə qarşı gerçək xəritə.

Kimlərsə deyə bilər ki, "müharibədən bezmişik, rahat nəfəs almaq, rifah görmək istəyirik". Bunları mən də istəyirəm və daim bu haqda yazıram. Sadəcə, Ermənistanın rahat dayanacağı inandırıcı görünmür.

Misal üçün, bu yaxınlarda bir əsgərimiz dumanlı havada azaraq Ermənistan tərəfə keçib. Erməni mediası elə hay-küy salıb ki, bir tək o qalıb yazsınlar ki, bu əsgər "Rembo"dur, sərhədi keçib bütün erməniləri qırmağa gəlib. Əvvəla, Azərbaycan tərəfi insident baş verən kimi öncədən rəsmən qarşı tərəfə məlumat verib ki, bir əsgərimiz itkin düşüb, dumanlı hava şəraitinə görə qarşı tərəfə keçmə ehtimalı var. İndi məntiqi düşünək: əgər bir ölkənin ərazisinə diversant göndərirsənsə və o, geri qayıda bilmirsə, dərhal rəsmi açıqlama verib "baxın görün, bizim diversant sizdə deyil ki?" deyə soruşarsan?

Bununla bağlı onlarla hərbi fakt sadalaya bilərəm, amma bir real hadisəni yazım, məncə, kifayət edər. Vaxtilə Azərbaycan Ordusunun kəşfiyyat qruplarından biri düşmən arxasına keçir. Yaxınlıqda düşmən olduğunu görüb olası toqquşmaya hazırlaşırlar. Bu zaman hərbçilərdən biri hər ehtimala qarşı qumbaranın qoruyucu sancağını çəkir, tətik qolunu sıxıb saxlayır. Elə gətirir ki, toqquşma baş vermir və qrup itkisiz geri qayımaq əmri alır. Həmin hərbçi qranatı əlində möhkəm sıxılmış vəziyyətdə bazaya qədər gətirir və silahları təhvil verəndə sancağı itirdiyini bildirir. Qrup rəhbərliyi sırf o təhlükəsizlik sancağını tapmaq və qumbaranı zərərsizləşdirmək üçün yenidən həmin təhlükəli marşrutla geri qayıdır, sancağı tapıb yerinə taxır və sağ-salamat bazaya dönür. İndi sual olunur: bir hərbi sancağa görə geri qayıdan ordu, sənin ölkənə bu şəkildə "diversant" sızdırar?

Paşinyan da yaxşı bilir ki, sərhəd relyefi dağlıq, dərəlik və sıx meşəlikdir; duman-çən intensiv olur. Sabah bir yox, bəlkə bir neçə əsgər azaraq Azərbaycan tərəfinə keçəcək. Onda necə olacaq? Faktiki olaraq Ermənistan tərəfinin azan Azərbaycan əsgərini dərhal qaytarmaması, müxtəlif siyasi bəhanələr gətirməsi regional vəziyyəti yenidən gərginləşdirə bilər. Bəzən analitiklər deyirlər ki, "sülh paraflanıb, regionda iqtisadi layihələr müzakirə olunur, eskalasiya necə yarana bilər?". Çox sadə: əgər ortada müəyyən güclərin məqsədi və ssenarisi varsa, qığılcım ağlımıza gələn və gəlməyən hər hansı xırda detaldan belə alovlana bilər.

Erməni kilsəsinin son dövrlər Azərbaycan əleyhinə fəallaşması və buna paralel olaraq Gürcüstan kilsəsinin də Azərbaycanla bağlı müəyyən ərazi-monastr iddiaları ehtiva edən bəyanatlar səsləndirməsi təsadüfi deyil. Bu iki dini strukturun sinxron şəkildə hərəkət etməsi, sanki hər iki kilsənin vahid geosiyasi mərkəzdən idarə olunduğunu göstərir.

Rəsmi Bakı növbəti il üçün müdafiə xərclərini təqribən 9 milyard manata çatdıracağını bəyan etdi. Bu vəsait ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 6-7 faizinə bərabərdir ki, bu da bir çox aparıcı dünya və NATO ölkələrinin hərbi xərclərinin müqayisəli faizindən xeyli yüksəkdir.

Ümumi mənzərəyə baxdıqda, regionda təhlükəsizliklə bağlı narahatlıqlar kifayət qədər ciddidir. Müdafiə xərclərinin hər iki ölkədə artması gözləniləndir. Yaxın qonşuluqda baş verən geosiyasi müharibələr və onların coğrafiyasının genişlənmə riski Cənubi Qafqazı hər an eskalasiyaya açıq bir bölgəyə çevirir.

Səxavət Məmməd