adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Iyun 2018 11:06
3417
GÜNDƏM

Gürcüstanın baş naziri istefadan imtina etdi

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tbilisidəki etirazçıların tələbini rədd edərək, istefa verməyəcəyini deyib.

Adalet.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib.

"Mənim üçün ölkədə sabitliyi qoruyub saxlamaq və cəmiyyətimizin qaldırdığı məsələləri mümkün qədər tez cavablandırmaq daha vacibdir” – deyə Kvirikaşvili bəyan edib.

Bununla belə, Gürcüstanın baş naziri vəzifədən getməsinin ölkəyə bir xeyri dəyəcəyinə əmin olarsa, istefa etməyə razılıq verəcəyini deyib.

Qeyd edək ki, ötən gündən etibarən Tbilisidə minlərlə insan etiraz aksiyası keçirərək, Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu deyiblər.

Xatırladaq ki, ötən ilin dekabrında Tbilisidə 51 nömrəli məktəbin 2 şagirdi aldıqları bıçaq yarasından ölüblər. Məhkəmə şagirdləri qətlə yetirən 2 nəfərdən birini azadlığa buraxıb, o birinə isə yüngül cəza verib. Ölən şagirdlərin valideynləri məhkəmənin qərarına etiraz olaraq aksiyaya başlayıblar. Aksiya iştirakçılarının tələbi qarşısında Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa versə də, bu, etirazçıları qane etməyib və onlar indidə baş nazirin istefasını tələb edirlər.

Hazırda ölkə parlamenti işə yenidən baxılması üçün xüsusi komissiya yaradıb. Baş nazir Georgi Kvirikaşvili isə söz verib ki, 2 yeniyetmənin ölümü ilə bağlı cinayət işinə nəzarəti öz əlinə alacaq və ədalətli qərar çıxarılmasını təmin edəcək.(azvision.az)