Qeyd edək ki, Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib. Bu səbəbdən seçkilərin ikinci turunda Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidenti seçmək üçün yenidən səsverməyə gedib
Gürcülər prezident postu uğrunda mübarizə aparan iki əsas namizəddən birini seçməlidirlər. Onlardan biri Gürcüstanın keçmiş xarici işlər naziri, hakim "Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili, digəri isə "Vahid milli hərəkat” partiyasının üzvü, "Güc birlikdədir” müxalif blokunun namizədi, eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadzedir.
Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.