19 Noyabr 2013 16:53
19621
MƏMLƏKƏT

Gülnar Nəzərova: “Gənclərin internetdən səmərəli istifadəsi üçün ciddi iş aparılmalıdır”

İnternetdən istifadənin hər kəs üçün müxtəlif faydaları vardır. Çoxçeşidli informasiya mənbəyi və seçim imkanları olan internet bu baxımdan insanların ən çox istifadə etdiyi vasitədir. İnternet eyni zamanda bütün elm sahələrinin işini yüngülləşdirdi və olduqca çox vaxt aparan işləri asanlaşdırdı. Üstəlik, internet bu fəaliyyətləri tez və etibarlı şəkildə həyata keçirmək imkanı yaratdı. İnternet iqtisadi məsələləri həll etdi : internet vasitəsilə ən uzaq məsafədə yerləşən ölkələrin onlayn alış-veriş xidmətindən istafadə etmək, heç bir məsafə qətt etmədən müxtəlif ödəmələri həyata keçirmək imkanı yarandı. Ən əsası isə təhsil almaq vasitəsi kimi internet müasir dövrün əsas tələbatına çevrilib. Distant Təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrmasıdır ki, hazırda insanlar bu üsuldan istifadə edərək öz ölkələrini tərk etmədən müxtəlif təhsil müəssisələrində təhsil almaq imkanı əldə edə bilir, eyni zamanda online kurslardan faydalana bilir. Mövcud proqramlar, internet saytları və internetin digər xidmətləri, istifadə olunan texnologiyalar hər gün daha da inkişaf edir və bu da bizə daha yeni imkanlar verir. İnternet vaxt itirməməyə kömək edir. İnternetin çox istifadə edilən vasitələrindən biri kommunikasiya vasitəsi olmasıdır. İnternet məsafəni qətt etmədən insanlara sevdikləri, yaxınları və tanışlarıyla əlaqə qurmaq imkanı verir. Bu məqsədlə sosial şəbəkələr, e-poçtlar, söhbət proqramları ən çox istifadə olunanlar sırasındadır. İnternetin əsas əyləncə vasitələri içərisində onlayn filmlər və musiqilər təşkil edir. Bütün qeyd olunanlar gənclər üçün olduqca geniş imkanlar deməkdir. Lakin heç də həmişə gənclər internetin faydalı tərəflərindən bəhrələnmir. Sosial sahə üzrə ekspert

Gülnar Nəzərova məsələ ilə bağlı bunları deyib: "Gənclərin internetdən səmərəli istifadə etməməsi nəticədə onların vaxtdan və imkanlardan səmərəli istifadə yerinə əksinə vaxt və imkanları itiriməsinə gətirib çıxarır. Belə ki, internetin zərərli tərəfləri (saatlarla söhbət, əyləncə və pornoqrafik saytlarda vaxt keçirmək və s.) gəncləri daha çox cəlb edir. Xüsusilə, sosial şəbəkələrdən düzgün faydalana bilməmək, günün əsas hissəsini bu cür saytlarda keçirmək nəticədə insanlarda asılılıq yaradır. Əslində bəsit bir məsələ kimi görünsə də bu cür problemin heç də digər zərərli vərdişlərdən az fəsadları yoxdur. İnternetdən asılılıq insanların birbaşa sosial həyatına və psixikasına təsir göstərir. İnternetdən asılılığın aradan qaldırılması üçün bəzən yaxınlar və mütəxəssislərin dəstəyinə ehtiyac duyulur. Ümumi şəkildə desək: həddən artıq internetdən istifadə vaxt itkisinə gətirib çıxarır; zərərli saytlar uşaq və yeniyetmələrin psixikasına birbaşa təsir göstərir; internet oyunları uşaqların vaxtını lazımi şəkildə qiymətləndirməməsi ilə yanaşı psixoloji durumuna da təsir göstərir; ailədaxili və şəxsiyyətlərarası münasibətlər zəifləyir; insanın sağlamlığına (gözlə bağlı problemlər, bel ağrıları və s.) neqativ təsir göstərir; saxtakarlar üçün münbit bir şərait yaradır”.G.Nəzərova Valideynlərin prosesə təsir gücündən danışıb: "Əvvəlki illərlə müqayisədə hazırda ailələr üçün uşaqların təhlükəsizliyini təmin etmək, onları müasir texnikanın zərərlərindən uzaq tutmaq olduqca ciddi problemə çevrilib. Hazırkı dövrdə texnologiyanın həyatımızın demək olar hər sahəsinə daxil olması ilə uşaqların/gənclərin təhlükəsizliyi məsələsi daha fərqli məna kəsb etməyə başlayıb. İnternet mühitində uşaqlar və gənclərin asanlıqla qarşılaşa biləcəyi xüsusi məqsədləri olan şəxslər kifayət qədərdir. Valideynlərin isə əksəriyyətinin kompüter və internetdən uşaqları qədər anlayışları yoxdur və uşaqların internet saytlarından necə istifadə etdiyindən də xəbərsizdirlər. Stasistikalar da onu göstərir ki, internetdən istifadə yaşı olduqca aşağı düşmüşdür. Sosial şəbəkələrdən istifadə hər gün daha da artmaqdadır. Facebook-a üzv olmaq yaşı "13” olduğu halda bir çox uşaqların daha erkən yaşlarda bu şəbəkəyə üzv olması ilə qarşılaşırıq”.Bu sahədə görüləcək işlərə toxunan G.Nəzərova bildirib ki, gənclərin internetdən səmərəli istifadəsi üçün davamlı addımlar atılmalıdır: "İnternetə eyni zamanda uşaqların/gənclərin sosiallaşma vasitəsi kimi yanaşmaq olar. Utancaq bir gənc şəxs özünü virtual aləmdə daha yaxşı ifadə edə bilir, dostlarıyla söhbət edir, onlarla internet vasitəsilə sosial əlaqə qurur. Parklarda oyun oynamaq yerinə dostlarıyla internet vasitəsilə müxtəlif oyunlar oynayır. Uşaqlar və gəncləri internetin zərərli tərəflərindən qorumaq üçün valideynlər internetdən xəbərdar olmalı: sosial şəbəkələrdə baş verənləri anlamalı, izləməli, uşaqların/ gənclərin internetdə və ya kompüterdə oynadığı oyunlardan xəbərdar olmalıdır. Digər bir vasitə isə internetin zərərli tərəfləri barədə uşaqlar maarifləndirməli və bununla bağlı mütəxəssislərdən yardım alınmalıdır. Bundan əlavə, uşaqların/gənclərin yad şəxslərə müasibətdə necə davranacağını öyrətmək lazımdır: məsələn, facebookda tanımadığı şəxslərin dostluq istəyini qəbul etməməsini tövsiyə etmək. Bu, uşaqları və gəncləri internetin zərərli tərəflərindən (seksual xarakterli yazışmalar, psixoloji təyziqlər, zorakılıqlar və s.) müdafiə etmək üçün bir vasitədir. Eyni zamanda bu məsələ ilə bağlı makro səviyyədə də müəyyən işlər görülməlidir. Məsələn, azyaşlıların internet kafelərdən istifadəsinə məhdudiyyət və qadağaların tətbiqi, məktəb və universitet, iş yerlərində müəyyən saytlara girişə qadağa qoyulması bu baxımdan olduqca effektiv ola bilər.Amma unutmayaq ki, internet artıq daim bizimlə olan mobil telefonlarımızdadır”...

Ədil Ədilzadə 

 Yazı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə çap olunur