adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2024 14:15
2121
MƏDƏNİYYƏT

Gövhər Həsənzadə - 55

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti,tanınmış bəstəkar Gövhər Həsənzadənin 55 illik əlamətdar yubiley günüdür (06.03.1969, Bakı). Gövhər Sudef qızı Həsənzadə Asəf Zeynallı adına Musiqi Texnikumunun (indi AMK nəzdindəki Musiqi Kollecinin) Musiqi nəzəriyyəsi və tarix fakültəsində oxuyub. Orta ixtisas təhsilini 1988-ci ildə fərqlənmə ilə başa vuran Gövhər Həsənzadə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Bəstəkarlıq fakültəsinə daxil olub. Xalq artisti, professor Cövdət Hacıyevin sinfində oxuyan Gövhər Həsənzadə, ali təhsilini 1993-cü ildə uğurla bitirib.

Gövhər Həsənzadə böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin, 300-ə yaxın mahnının, eləcə də "Azərbaycan Respublikası Gənclərinin Himni" (1996), "Olimpiada yolları" Himni (1996), "Sən qalib gələcəksən" (2008), "Sən azərbaycanlısan" (2013) və b. layihələrin müəllifidir.

2008-ci ildə Azərbaycanı ilk dəfə təmsil olunduğu "Avroviziya" Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri də Gövhər xanım olub. 2013-cü ildə isə "Türkviziya" Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri olaraq, 24 türksoylu ölkə və topluluq arasında birinciliyi ölkəmizə qazandırıb.

O, Azərbaycan musiqiçilərindən başqa qardaş Türkiyə, habelə ABŞ və Avropa musiqiçiləri, musiqi qrupları (Zərrin Özər, Mustafa Ceceli, Nilufər,  Pınar Aylin,  Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal,  Ayla İşıl, Sənəm, Barrbaros, Meyra, Bəngü, "In-Grid", MİŞA, "Studio-A" və b.) ilə də çalışıb. 
Bəstəkar elmi araşdırmalarla da məşğuldur. Onun əsas araşdırma mövzusu Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspektiləridir. 
Gövhər xanım Gənc Estrada Musiqisi ifaçılarının "Zirvəyə doğru" Ümumrespublika Müsabiqəsinin yaradıcısı və bədii rəhbəri olub. 

Gövhər Həsənzadə Azərbaycan Prezidentinin 16.05.2006-cı il tarixli Sərəncamı əsasında Əməkdar artist fəxri adına layiq görülüb. O, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1998-ci ildən Türkiyə Musiqi Əsəri sahibləri Məslək Birliyinin (MESAM-ın), 2019-cu ildən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü, 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir. 

1993-cü ildə Respublika Sarayının (indiki Heydər Əliyev Sarayının) bədii rəhbəri və rejissoru, 2001-ci ildə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin) direktoru vəzifəsinə təyin edilən Gövhər Həsənzadə hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini - Mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.Gövhər xanımı əlamətdar yubileyi ilə bağlı təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi