adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Mart 2024 11:12
4691
MÜSAHİBƏ

Genetika piylənmənin əsas faktorlarından biridir - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Emin müəllim, bildiyiniz kimi, martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür. Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz....

- İlk dəfə Piylənmə ilə mübarizə Günü 2010-cu ilin may ayında Avropada Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilib. Sonradan bu Gün qlobal əhəmiyyət kəsb etdi və 2020-ci ildən başlayaraq hər il martın 4-də Ümumdünya Piylənmə Günü kimi qeyd olunur.

Beynəlxalq günün qeyd olunmasında məqsəd artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bilik və bacarıqları inkişaf etdirməkdir.

- Piylənmənin fəsadları hansılardır?

- Genetika piylənmənin əsas faktorlarından biridir. İnsanların artıq çəkiyə meyli çox vaxt onların yaxın qohumları və ailə üzvləri arasında müşahidə olunur. Tiroid vəzinin disfunksiyası metabolizmi zəiflədərək, maddələr mübadiləsini pozur və artıq bədən çəkisinə səbəb olur. Piylənmə dedikdə, əsas da qarın nahiyəsinə diqqət yetirmək lazımdır. Normalda kişilər üçün bel 94 sm, qadınlar üçün 80 sm-dən çox olmamalıdır.
Bundan əlavə, yuxu pozuntusu da çox ciddi amillərdən hesab olunur. Tədqiqatlar müəyyən edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur. Bu qismən ona görədir ki, yuxu zamanı ifraz olunan hormonlar iştahı və bədənin enerji istifadəsini idarə etməyə kömək edir. Həmçinin, stress və depressiya zamanı da bəzi insanlar daha çox nəzarətsiz qida qəbuluna meyilli olurlar.
- Hansı xəstəliklər artıq çəki ilə birbaşa əlaqəlidir?

- İkinci tipli diabetli xəstələrin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir.
Bel çevrəsinin ölçüsü ilə təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılıq var. İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır.
Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır.
Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər.

- Sağlam qidalanma dedikdə nə nəzərdə tutulur?

- Sağlam qidalanma insanın həyat tərzinin ən mühüm aspektlərindən və onun sağlamlığına təsir edən amillərdəndir. O, insanın normal inkişafını və həyat fəaliyyətini təmin və xəstəliklərin qarşısının alınmasına kömək edən faktordur.
Təbii qidalar, mövsümü meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Qeyri-bitki yağları zərərli xolesterini artıraraq, damarların kirəcləşməsinə ateroskleroz dediyimiz tıxanmaya səbəb ola bilir.

- Sağlam qidalanma və artıq çəki ilə bağlı tövsiyyələr nələrdir?

- Antik mütəfəkkir Sokratın məşhur bir deyimi var: yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır.
Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həmçinin, düzgün yuxu rejiminə riayət etmək vacibdir.