adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 14:10
114
SİYASƏT
A- A+

“İşğal prosesi Lenin tərəfindən birbaşa idarə olunurdu...”

“Azərbaycan bu gün də Leninin geosiyasi cinayətlərinin nəticələrini aradan qaldırmaqla məşğuldur. Lenin Azərbaycandan Ukrayna, Atatürkdən Kommunist düzəltmək istəyirdi. Bəli, Leninin bu gün doğum günüdür. Öldükdən sonra da Azərbaycana miras qalan zərərləri yaşamaqda davam edir. Lenin başdan-ayağa ziddiyyətlərlə doludur. 1917-ci ilin almanlarla separat məğlubiyyət sazişi də, daha şimaldan içərisinə minib Petroqrada gəldiyi qatarın funksiyası da hələ açıqlanmayıb. Eynən, Mavzoleyin divarları arasında 102 ildir dəfnini gözləyən sümükləri kimi, onun dövrünün heç nəyi maddi olaraq qalmayıb, şalbanlar belə, ancaq mənəvi terrorun izi yaşamaqdadır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Azərbaycanın XX əsr tarixi Rusiya imperiyasının süqutu və Vladimir Leninin rəhbərliyi, bolşeviklərin hakimiyyətə gəlməsi ilə müşayiət olunan qlobal sarsıntılarla sıx bağlıdır:

“Azərbaycan xalqı üçün bu dövr milli həyatın bütün sahələrində dərin struktur deformasiyaları ilə yadda qalmışdır. Leninin Azərbaycana münasibətdə apardığı siyasət ideoloji şüarlar ilə Moskvanın strateji resurslar və ərazilər üzərində nəzarətini saxlamağa yönəlmiş sərt praqmatizmin sintezindən ibarət idi. Leninin Azərbaycan xalqına vurduğu ən böyük zərbə 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) devrilməsi oldu. 1918-ci ildə elan edilmiş AXC müsəlman dünyasında ilk demokratik dünyəvi dövlət idi və Paris Sülh Konfransında dünya gücləri tərəfindən de-fakto tanınmışdı. Lakin Lenin hökuməti üçün müstəqil Azərbaycan Qafqazda hegemonluq qurmaq və Xəzər neftinə çıxış əldə etmək yolunda maneə idi. İşğal prosesi Lenin tərəfindən birbaşa idarə olunurdu. O, 11-ci Qırmızı Orduya aprelin 27-də sərhədi keçmək və Bakını zəbt etmək əmrini vermişdi. Suveren dövlətin xarici ordu tərəfindən işğalı sovet tarixşünaslığında onilliklər boyu "sosialist inqilabı" kimi təqdim olunmuşdur”.

Vasif ƏLİHÜSEYN