adalet.az header logo
  • Bakı 19°C
24 Mart 2023 14:04
497
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Atamın ölümünə də səbəb ərimin adamlarının...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfəki müsahibimiz Vəsilədir. (adı şərtidir) Vəsilə deyir ki, sevdiyi oğlan olsa da o, valideynlərinin məsləhəti ilə ana qohumuyla ailə qurub. Elə hər şey də bundan sonra başlayıb. O, olanları belə nəql edib:

“Evin tək qızıyam, bir qardaşım var. Kəndimizdə bir oğlan məni sevirdi, fikri ciddiydi. Həm də gizlincə görüşürdük. Amma atamın oğlanın tayfasından xoşu gəlmirdi. Atam bu məsələni biləndə evimizdə söz-söhbət oldu. Dedi ki, “səni o oğlana vermək fikrim yoxdur”. Məsələ bir müddət belə mübahisəli qaldı. Oğlanın anası elçi də gəldi, amma atam razılaşmadı”. 

“Atam da prinsipə düşüb məni o oğlana...”

“Daha sonra anamın Bakıda yaşayan qohumları mənə elçi çıxdılar. Atam da prinsipə düşüb məni o oğlana verdi. Toyumuz ərəfəsində məni sevən oğlanın adamlarıyla böyük söz-söhbət oldu. Amma sonradan hamı öz yerində oturdu və mən kənddən Bakıya gəlin köçdüm. Bir müddət sonra isə necə bir problemli ailəyə gəlin gəldiyimi anladım. Onların problemli ailə olduqlarını ana nənəm bilə-bilə bunu bizə demədi.  Məcbur olub taleyimlə barışmalı oldum”. 

“Atamın ölümünə də səbəb ərimin...”

“Evdə iki baldızım, qaynana və qaynatamla yaşayırdıq. İndi gəl burda baş çıxar. Bir müddət sonra elə dəyişdilər ki, heç ata-anamın bu evə gəlib-getməsini də istəmirdilər. Hər dəfə ailələrimiz arasında böyük söz-söhbətlər olurdu. Aylarla atamı, anamı, qardaşlarımı görmürdüm. Bir gün xəbər gəldi ki, atan möhkəm xəstədir, ondan sonra məni atamgilə apardılar. Elə bir neçə gün sonra da atam dünyasını dəyişdi. Atamın ölümünə də səbəb ərimin adamlarının hərəkətləri idi”. 

“Mən isə daha ata evimə qayıda bilmərəm...”

“Bu illər ərzində iki övladım dünyaya gəldi. Böyüdülər, indi məktəbə gedirlər. Amma əvvəlki illərə baxanda ərimin adamları indi bir az düzəliblər. Daha məni elə incitmirlər, söz-söhbət olmur. Çünki biz ayrı ev alıb ora köçdük. Həyat yoldaşım isə avaranın biridir. Yaxşı yerdə işləyir, yüksək maaş alır, amma pulu dağıdır. Mən isə daha ata evimə qayıda bilmərəm. Taleyimlə barışmışam. İllər keçib bir vaxt məni sevən oğlan da ailə qurub, övladları var. Amma həmişə deyirəm ki, kaş kasıba gedəydim, amma abırlı-başlı adam olardı”. 

Vasif Əlihüseyn