Füzulidə 1000-ə yaxın yas mərasimi sadə, israfsız keçirilib
2014-cü ildən etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Son dörd il ərzində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Bu məqsədlə rayonun din xadimləri, ağsaqqallar, ziyalılar ərazidə ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ilə bağlı insanlar arasında dini maarifləndirmə işləri aparır, yas mərasimləri ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə izah edir, əhali arasında dini təbliğat işləri aparırlar. Mərhum üçün "ehsan vermək” ifadəsinin əsl mahiyyəti insanlara çatdırılır, ehsanın sadəcə yeməkdən ibarət olmadığı, ehsanın mərhumun ruhu naminə görülən xeyir əməlləri ehtiva etdiyi bildirilir.
Füzuli rayon İcra Hakimiyyətindən verilən məlumata görə, son 4 ildə rayonda keçirilən 1000-ə yaxın yas mərasimləri sadə islami qaydalara uyğun və israfçılıqdan kənar təşkil edilib.