adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2022 13:05
1907
MÜSAHİBƏ

Fotoqraf: “böyüklər şəkillərdə rola girirlər, uşaqlar isə yox” - MÜSAHİBƏ

Doğru deyiblər, insan göydə Ay kimidir. Görünməyən tərəfləri var. İncəsənətə bağlı insanlar isə adi peşə sahiblərindən tamamilə fərqlənirlər. Onlar üçün insanın kədəri də, sevinci də, sevgisi də, ayrılığı da məhz fotolarda yaşayır. Hələ operatorun video-lentində yaşayan insan ömrünü demirəm… Bütün bunlar xatirələrdir. Xatirələr isə insan yaşantılarının arxivə köçmüş formasıdır. Bu günki həmsöhbətimiz gənc fotoqraf Orxan İsmayılov da insan yaşantılarını şəkillərdə və video-lentlərdə yaşatmağı bacaran insanlardan biridir.

-Foto sənəti maraqlı sənətdir, həm də olduqca zaman alır….

- Doğru buyurdunuz, əlbəttə çox maraqlı sənətdir. Ancaq maraqlı olduğu qədər də həm məsuliyyət, həm də əmək sevən sənətdir. Bu sənəti davam etdirmək üçün gərək ki, bu sənəti sevəsən. Bəzən elə olur ki, bir kadr üçün bir gününü sərf edirsən. Bu işə səbrlə yanaşmalısan. Fotoqrafiya sənəti ümumiyyətlə səbrli olmağı sevən peşədir.

-Heç olubmu çox maraqlı məqamlar diqqətinizdən yayınıb?

- Xeyr, deməzdim ki, çəkiliş vaxtı belə bir vəziyyətlə rastlaşmışam. Ancaq digər vaxtlarda çox maraqlı məqamlar olub ki, fotoapratım yanımda olmadığı üçün həmin məqamı çəkə bilməmişəm. Bu isə qətiyyən həmin məqamı gözdən yayındırmaq deyil. Sadəcə dediyim ki fotoaparatsızlıqdan olub.
 

-Foto-çəkilişlərinizdə daha çox uşaqlarla işlədiyinizi görürük. Onlarla işləmək üçün səbrli olmaq lazımıdr?

-Bəli elədir ki, var. Mənə uşaqların şəklin çəkməyi daha çox sevirəm. Çünki uşaqlar şəkillərdə özləri kimi təbii olurlar. Böyüklər kimi rola girmirlər. Əslində, çox səbrsiz insanam. Ancaq uşaqlarla işləyəndə səbrsizliyimi unuduram. Onların saflığı, təbii davranışları mənə bütün problemləri unutdurur.

Fotolar var ki, kədərlidir, fotolar var ki, xoş günlərin nişanəsidir… Çəkdiyiniz fotolarda mütləq ki, bu məqamlar öz əksini tapır…
-Əslində foto çəkilən zaman onun o qədər də dəyəri olmur. Lakin zaman keçdikcə həyatımızda elə hadisələr baş verir ki, həmin çəkilən fotoların dəyərini analyırıq. Yaxşi ki, bu şəkil var imiş, deyirik. Dünya fanidir, zaman- zaman sevdiklərimizi itiririk. Onları yalnız fotolarda və video-lentlərdə xatırlayırıq. Keçmişimizi görmək istəyəndə (sevincli və ya kədərli günlər fərq etməz) fotolara üz tuturuq.
 

-Bu qədər maraqlı peşənin mütləq ki, yadda qalan anları olur. Çəkiliş zamanı maraqlı hadisələr olurmu?

-Əlbəttə fotoqrafiya kimi maraqlı sənət olsun və orda maraqlı hadisələr olmasın? Bu, mümkün deyil (gülür). Dediyim kimi bu sənət diqqət və səbr sevir. Xüsusilə əgər çəkilişdə xanım varsa. Xanımlar heç vaxt fotolarda özlərini bəyənmirlər (gülür). Bəzən bir kadr çəkəcəyim halda 5 – 6 eyni kadr çəkməyə məcbur oluram (gülür).
 

-Fotoqraf Orxan İsmayilov üçün ən əziz foto kimin fotosudur?

- Mənim üçün ən əziz foto məni dünyaya gətirən, ancaq özü dünyada olmayan anamın fotosudur. Şükürlər olsun ki, ürəyimdə və fotolarda yaşatdığım anamın adını daşıyan qızım var. O da böyüdükcə nənəsini məhz həmin fotolardan tanıyacaq.
 

-Hər kəsin yaşadığı sevincli anları şəkillərdə donduran Orxan bəy öz şəklini çəkməyi kim(lər)ə etibar edir?

-Deyərdim ki, fotoqraflar bu mövzuda heç də şanslı deyillər. Hər zaman kadr arxasında olduğumuz üçün tarixin yaddaşına demək olar ki, çox az fotomuzla köçürük. Şəkil çəkməyi sevdiyim qədər, çəkdirməyi sevmirəm.
 

-Çəkmək mümkün olsaydı həyatın hansı anlarının fotosunu çəkərdiniz?

- Əgər çəkmək mümkün olsaydı qayıdıb uşaqlıq illərimin şəklini çəkərdim. Ailəmin şəklini çəkərdim. Çünki ailəmizin birlikdə şəkli yoxdur. İndiki uşaqlar bu barədə son dərəcə şanslıdırlar. Texnika inkişaf edib və onların hər anını lentə almaq olur. Ancaq bizim uşaqlıq illərimiz bu barədə heç də şanslı olmadı.
Birdə axı hardan bilmək olardı ki, birlikdə ailəsinin şəkli olmayan bir uşaq böyüyüəndə fotoqraf olacaq….

-Musiqi və Fotoqrafiya. Bu iki peşə ilə məşğul olmaq sizi yormur?

-Mən daha çox incəsənətə meyilli insanam. Hələ məktəbli olarkən rəsm çəkməyi sevərdim. Məktəbdə divar qəzetləri hazırlayırdım. Hər hazırladığm divar qəzeti üçün fəxri fərmanlarla təltif olunurdum. Sonra musiqiyə marağım artdı. Musiqi məktəbində 5 il təhsil alandan sonra musiqi təhsilimi 4 il də musiqi kollecində davam etdirdim. Tələbəlik illərində video-operatorluqla məşğul olurdum. Deyərdim ki, 11 ildir operatorluqla məşğulam. Son 6 ildə fotoqrafiyaya marağım artdı. İlkin vaxtlarda fotoqrafiya ilə hobbi kimi məşğul olurdum. Sonralar bu həvəskarlıq peşəkarlığa çevrildi. Hazırda hər iki sənətimi davam etdirirəm. Yəni həm video, həm də foto sənətini. Baxmayaraq ki, musiqi kollecini fərqlənmə diploma ilə bitirmişəm, ancaq ixtisasım üzrə artıq neçə ildir çalışmıram.
 

-Sizə uğur gətirən fotonuz olubmu?

- Bəli, çox olub. Foto yox, hətta fotolar deyərdim. Bu işdə məni insanların işimdən zovq almağı daha çox düşündürür, nəinki maddiyyat. Ona görə də bu işdən anlayışı olan zövqlü insanlarla işləməyi sevirəm. Çünki elə insanlar yaxşı ilə pisi fərqləndirməyi bacarırlar.
 

Əntiqə Kərimzadə