08 Oktyabr 2024 11:51
2274
MARAQLI

Fəlakətin addım səsləri: "Ağ libaslı" Antraktida yaşıl örpəyə bürünür

Bu ilin fevral ayında ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqlədi ki, qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir. Yeni araşdırmalara görə, qitə ətrafında üzən buzların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.

Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər nəzərə çarpacaq dərəcədə pozulmamışdı. Lakin son 3 ildə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə enib.

Adalet.az xəbər verir ki, avropalı mütəxəssislər , xüsusən Hartfordşir və Ekseter universitetlərinin alimlərinin sonuncu araşdırmaları ürküdücü bir mənzərəni açıqlayıb. Onlar müəyyən ediblər ki, Antarktida iqlim istiləşdikcə sürətlə yaşıllaşma baş verir.
Beynəlxalq elmi jurnal olan Nature Geosciencedə bununla bağlı məqalə dərc edən mütəxəssislər bildiriblər ki, 1986-2021-ci illərdə Antarktida səthinin peyk fotolarını təhlil ediblər.

Məlum olub ki, Antarktika yarımadasının bitki örtüyü nə az, nə çox, düz 12 kvadrat kilometr artıb.

Antarktika yarımadasında rast gəlinən bitkilər əsasən planetimizin bəlkə də ən çətin ərazilərində bitən mamırlardır. Mütəxəssislər qeyd edirlər ki, əsas landşaft qar və buzla örtülməkdə davam edir, bitki örtüyü isə nisbətən kiçik ərazilərdədir. Lakin o kiçik ərazinin bitki örtüyü belə sübut edir ki, hətta Antarktida da əsasən insan fəaliyyətinin nəticəsi olan iqlim dəyişikliklərindən təsirlənir.
Qeyd edək ki, ötən ilki araşdırmanın nəticələrinə görə, planetimiz insan fəaliyyəti nəticəsində indiki sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının 68 faizi əriyəcək. Bu, 2 milyarda yaxın insanın həyati əhəmiyyətli su ehtiyatlarından məhrum olması deməkdir.


Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatına görə, Arktikadakı dəniz buzlarının ən çox azaldığı sentyabr ayında hər 10 ildən bir orta hesabla 13 faiz kiçilmə baş verir. Bu, son min il ərzində görünməmiş bir vəziyyətdir.
NASA-nın hesablamaları göstərir ki, Qrenlandiyada hər il 280 milyard ton, Antarktidada isə 150 milyard ton buz kütləsi əriyir.
Dünyanı başına götürən daşqın və sel fəlakətlərinin başında isə buzlaqların əriməsi dayanır.


Əntiqə Rəşid