04 Iyun 2025 10:18
1496
SİYASƏT

Fəlakət tariximiz: 4 iyun Gəncə qiyamı  və R.Köçəryanın uğuru

O dəhşətli gündən, birliyimizi, mübarizəmizi darmadağın edən o  qan qoxulu hadisədən tam 32 il il ötüb. O günü bütün Azərbaycan sarsıldı, soydaşlarımız mənən yerlə yeksan oldu.

Cələcəyə, növbəti dəfə birliyə, mübarizəyə, qələbəyə inam darmadağın oldu. Bir ölkənin hüdudları daxilində düşmən qalmışkən qardaş –qardaşa güllə atdı, qardaş qardaşın ölümünə susadı. Bəli, necə deyərlər, bu bizim bir fəlakət tariximiz idi. Elə o gündən başladı ən böyük məğlubiyyətlər. Zatən Xocalının, Şuşanın, Laçının təslimiyyatı o məğlubiyyətin təməlini qoymuşdu, amma ən açı məğlubiyyətlərimizin təməli həmin gün qoyuldu. Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının, Cəbrayılın işğalı məhz 1993-cü il 4 iyun qiyamı günü gerçəkləşdi.

Ordu param parça, xalq kimə inanacağını, sabaha gözünü necə açacağını, sabah erməninin hansı sürprizlə qarşısında dikiləcəyini bilməyəcək qədər inamsız, hər gün pəhlivan cüssəli igidlərin şəhid tabutlarına sığmayan cənazələri ölkənin hər bucağına bir od salır, hər gün bir kənd, bir şəhər erməni və rus əsgərinin murdar çəkmələri altında inləyir, ölkə aclıq və xaos içərisində...

 

4 iyun Qiyamı  - şəxsi mənafe, kreslo hərisliyi, xarici düşmənlərin əlində oyuncaq olmaq...

Qiyam belə baş verdi:1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi

. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüşün baş verməsi isə ölkənin vətəndaş qarşıdurmasına doğru sürükləndiyinin göstəricisi idi. Bu qarşıdurmalar nəticəsində 35 nəfər öz qardaşının atdığı güllədən həlak olur.
Qiyamı yatırmaqda aciz qalan AXC-Müsavat hakimiyyəti nəticədə iqtidardan getməli oldu.

1992-ci ildə Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov qiyamın başvermə səbəbini xarici qüvvələrdə görürdü:”Rusiya Azərbaycanı öz nüfuz dairəsində saxlamaq və müstəqil siyasət həyata keçirən hakimiyyəti devirmək üçün müxtəlif planlar qururdu və onun bir hissəsi də Gəncə hadisələri idi”.

AXC-Müsavat hökumətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov mediaya açıqlamasında deyirdi:”Surət Hüseynovun son zamanlar aktivləşməsi təsadüfi deyil. O pulu ilə heç bir torpaq almayıb, bir santimetr belə torpaq azad etməyib. Surət Hüseynov yaxşı xatırlayar, Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkmişdi. Guya tankları Gəncəyə təmirə aparırdı”.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazir olmuş, hökumətin Gəncədə keçirdiyi əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn mediaya açıqlamasında belə deyir:”O vaxtlar ölkədə öncə hərbi, sonra isə siyasi müxalifət Azərbaycana düşmən münasibətdə olan xarici qüvvələrlə işbirliyi şəraitində Əbülfəz Elçibəyin qanuni hakimiyyətinə qarşı qiyam qaldırdılar. Nəticədə ölkədə ciddi siyasi böhran yarandı.

1992-c ildə müharibənin bitməsi, Kəlbəcərin azad olunması ilə ərazi bütövlüyümüzün saxlanması şərti çərçivəsində həyata keçirilməyə başlanan plan pozuldu. Daha bir neçə rayonumuz işğal olundu. Daxildə vətəndaş qarşıdurması baş verdi. Əlbəttə, bunların nəticələrini bu gün də hiss etməkdəyik. O baxımdan da 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb.


Mən burda prezidentin hansısa günahını görmürəm. Çünki Elçibəy bu məsələdə bizə, o cümlədən mənə tam səlahiyyət vermişdi. Hesab edirəm ki, bu, xeyli dərəcədə subyektiv amillərlə bağlı oldu.

Hətta qiyamçılar Gəncədə bir çox dövlət məmurunu həbs edəndən sonra da qiyamı yatırmağa kifayət qədər imkanlar qalırdı. Olub keçəndən sonra əlbəttə ki, danışmaq və dəyərləndirmək heç də həmişə doğru olmur. Amma hesab edirəm ki, daha cəsarətli və daha qətiyyətli addımlar atmaq lazım idi. İndiki bu zaman məsafəsindən baxanda, hesab edirəm ki, bizim hökumət daha cəsarətli addımlar atmalı idi. Qiyamın yatırılması üçün Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edilməli idi".

 

Qiyamdan "Qurtuluş"a tərəf

Həmin çətin dönəmdə ölkə başçısı Əbülfəz Elçibəy Bakıdan ayrılır. Çevrilişin lideri Sürət Hüseynov ölkədəki başqa bir siyasətçi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, əvvəllər KQB üzvü, Sovet İttifaqı Kommunist Partiyası Politbürosunun üzvü və SSRİ hökumət başçısının müavini olmuş Heydər Əliyev ilə ittifaq yaradır. Heydər Əliyev faktiki olaraq dövlət başçısı səlahiyyətlərini daşıyır və özünü yeni bir siyasi qüvvə kimi təsdiq edərək Azərbaycanın siyasi arenasında birinci sıraya qayıdır.

Sonralar “Qurtuluş günü” adını alacaq 15 iyun tarixində Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə Milli Məclisin sədri seçildi. Doqquz gün sonra bu məclis onu ölkənin müvəqqəti prezidenti seçir, Hüseynov isə baş nazir təyin olunur.
Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində keçirilən ölkə miqyaslı prezident seçkiləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilir və oktyabrın 10-da rəsmi olaraq vəzifəyə keçir. O, potensial vətəndaş müharibəsinin qarşısını almaq, Qarabağdakı işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, söz azadlığı və insan hüquqlarını qorumaq istədiyini bəyan edir.

“Lider” televiziyasının aparıcısı olmuş Mətanət Ağamirli həmin dövrü belə xarakterizə edir: XX əsrin sonlarında, Azərbaycan müstəqillik qazandığı ilk illərdə çox keçməkeşli yol keçib. 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam ölkədə o zaman baş alıb gedən anarxiyanın, qarşıdurmanın göstəricisi idi. Həmin dövrdə ölkədə yaranan xaos o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti, səbatsızlığı, eyni zamanda, ermənilərin torpaqlarımıza amansız müdaxiləsi vəziyyəti daha da kritikləşdirmişdi.

Ölkədə yaranan gərgin vəziyyət fonunda xalqın tələbi ilə respublika rəhbərliyi çıxış yolu kimi o zaman Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevi Bakıya dəvət eməkdə gördü. Məhz Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycanı öz dövlət müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən xilas etdi.

Ulu öndər Heydər Əliyevin o zaman qarşıdurma vəziyyətində olan ölkədə prosesləri stabilləşdirməsi və Azərbaycanı dağılmaq təhlükəsindən xilas etməsi tariximizdə mühüm yer tutur. Əslində, 4 iyunda baş verənlər nə qədər acı olsa da, ondan sonra cərəyan edən siyasi proseslər, 15 iyunda Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi tariximizdə şərəfli gün kimi qeyd olunur”.


Yeri gəlmişkən, 2018-ci ildə isə Ermənistanın eks-prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışır: “Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Köçəryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi”.


1993-cü ilin 4 iyun qiyamı o dövrdə Müstəqil Azərbaycan dövlətinə və xalqına elə bir mənəvi sarsıntı yaşatmışdır ki, bu sarsıntı uzun illər xalqın yaralı qəlbindən, travma almış beynindən çıxmadı . Ta ki, 2020-ci ilin sentyabrına kimi ! İndi isə möhtəşəm qələbələrimiz 4 iyun qiyamını – dərin yaranı qaysaqlandırsa da hələ ki, tamamilə sağalda bilməyib. Əslində heç sağalmasını, unudulmasını da istəməzdik. Çünki bu bir ibrət dərsidir! Sağalarsa, unudularsa, o qiyamda yaşadıqlarımızı, həlak olan soydaşlarımızı bunu bizə yaşadanlara qurban vermiş olarıq! Xainlərin , satqınların əlində fürsət olarsa, bu xalqa istənilən dəhşəti yaşada biləcəyinin bir siqnalıdır. Bu tarixi fəlakətləri unutmayaq ki, dostu düşməndən, xaini, fədaidən, qalibi məğlubdan ayıra bilək, seçə bilək, qiymət verə bilək! Bu bizim fəlakət tariximiz idi. Unutmayaq!

Əntiqə Rəşid