adalet.az header logo
  • Bakı -°C
26 May 2025 13:21
925
SİYASƏT
A- A+

"Ermənistanın 60%-i Qərbi Azərbaycan ola bilməz" - Paşinyan nə demək istədi? 

Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu-2025” beynəlxalq forumunda deyib ki, Sülh müqaviləsinin imzalanması Ermənistanla Azərbaycan arasında bütün mümkün problemləri həll edir.


Azərbaycan onun imzalanmasını iki məsələ ilə əlaqələndirir: ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi.

Paşinyan vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun buraxılması bizim üçün məqbuldur, lakin Ermənistan əmin olmaq istəyir ki, biz və Azərbaycan vəziyyəti eyni şəkildə başa düşürük və Azərbaycan öz ərazisində münaqişə vəziyyətini bağlamaq və onu Ermənistan ərazisinə keçirmək niyyətində deyil.

"Son illər Azərbaycan Ermənistan ərazisinin təxminən 60 faizini "Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə demişik ki, Ermənistanın suveren ərazisi tərkibində Qərbi Azərbaycan ola bilməz.

Biz sazişi imzalamağı və eyni zamanda Minsk qrupunun buraxılması təklifi ilə ATƏT-ə müraciət etməyi təklif edirik. Hesab edirəm ki, masanın üstündə iki sənədin olması və eyni vaxtda imzalanması konstruktiv təklifdir”.


Qeyd edək ki, ötən ilin sonunda erməni mediası, konkret olaraq “Hraparak” yazırdı ki, hakimiyyətin 300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı razılığı sülh müqaviləsinin mətnində birbaşa olmasa da, orada sırf bunun üçün nəzərdə tutulan bəndlərin olduğu göz qabağındadır:"Beynəlxalq hüquqa görə, tərəflər dini, irqi və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinə təminat verir. Milliyyətindən asılı olmayaraq, onların mədəni, dini hüquqları təmin edilməlidir.

Yəni azərbaycanlılar Ermənistana gəlsələr, onları sıxışdırmağa cəsarət edə bilməzsən. Mənbələrimiz onu da bildirir ki, Paşinyan Əliyevin bu tələbini ən azı bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib və buna qarşı ancaq hakim "Vətəndaş Müqaviləsi" partiyasının bəzi üzvləri çıxış edib".
Maraqlıdır ki, ötən ilin dekabrında erməni mediasında yazılaraq ictimaiyyəti şoka salan bu xəbərə Paşinyanın ötən gün cavab verməsi ermənilərin diqqətini çəkib. Erməni vəkil Ruben Melikyan məsələyə münasibət bildirərkən deyib ki, erməni vergi ödəyiciləri hesabına onlarca dövlət məmurunu, ekspertləri, müxtəlif ölkələrdən “sadəcə yaxşı adamları” “Dvin” otelinə topladılar ki, erməni millətinin ali xaini hamımızın adından azərbaycanlılardan və türklərdən sülh dilənsin və faktiki olaraq onların hər tələbi ilə razılaşmağa hazır olduğunu desin. Bu qədər sadə".

 Əntiqə Rəşid