adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Fevral 2024 11:35
5103
MÜSAHİBƏ

"Erməniləri yazdıqları "qəhrəmanlıqlar"la dolu kitablarla ifşa etmək mümkündür"- MÜSAHİBƏ

Qarabağda ermənilərin İnsanlığa qarşı törətdiyi faciələrin ən dəhşətlisi  məhz fevral ayına baş verib. Müxtəlif illərdə amma fevral ayında baş verən  qətliamlar, faciələr, vəhşilik və cinayət hadisələri elə ermənilərin özləri tərəfindən qələmə alındı, qəhrəmanlıq dastanı kimi bir çox ölkələrin dilinə tərcümə edildi. Dünya erməni vandalizmini ermənin öz dilindən, öz etirafından  oxudu, eşitdi. Bəs o zaman niyə ermənilərə qarşı beynəlxalq məhkəmə müstəvisində heç bir cinayət işi açılmadı?

Əziz oxucularımız bu gün yenə həmsöhbətim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdir.

-Zaur müəllim, ermənilər Qarabağda törətdikləri cinayətlərə “qəhrəmanlıq” donu geyindirib, özlərini ifşa edən kitablar çap etməsində məqsəd nədir?

- Əvvəlcə ermənilər nələri yazıb bir ona diqqət edək:2005-ci ildə ABŞ- San-Fransisko şəhərinin “The Sardarabad Collective” nəşriyyatı tərəfindən müəllifi Markar Melkonyan olan “Mənim qardaşımın yolu” adlı 344 səhifəlik kitab nəşr edilir. Kitabın naşiri London və Nyu-York şəhərində mərkəzləri olan I.B. Tauris nəşriyyat şirkətdir. Kitab ilk dəfə 2005-ci ildə dərc olunur sonra isə 2007-ci ildə təkrarən dərc olunur.

-Xocalı qatili, 1 nömrəli terrorçu “Avo” ləqəbli Monte Melkonyanın qardaşı Markar...

-Bəli, ASALA-nın rəhbərlərindən biri, Qarabağ müharibəsində Ermənistan tərəfindən səhra komandiri olan “Avo”nun qardaşının müəllifi olduğu kitab hər kəsin diqqətini çəkdi. 2-ci diqqətçəkən səbəb kitabda Qarabağda terrorçuların amansız fəaliyyətinin aşkar surətdə yazılması idi. Kitabın yazılmasında həmçinin Melkonyanın həyat yoldaşı Seta Melkonyan da iştrak edir. Kitab çıxandan sonra Ermənistanda və erməni diasporasında bu kitabın terrorçunun qardaşı tərəfindən yazılmasını təkzib edirdilər, hətta kitabı azərbaycan-türk təbliğatının məhsulu kimi də təqdim edirdilər. Buna səbəb isə Markar Melkonyanın qardaşını təmizə çıxarma məqsədi ilə digər erməni quldur və canilərinin iyrənc cinayətlərinin üstünü açması idi.

- Onda belə çıxır ki, Markar erməni olaraq az da olsa vicdanlıymış…Hansı üsuldan istifadə etməyindən asılı olmayaraq gerçəyi deyib…

- Kitabda Markar qardaşını qəhrəman etmək xatirinə onun bütün terrorçuluq əməllərinə işıq salıb. 1957-ci il, ABŞ-da, San- Fransisko (Kaliforniya) ərazisində balaca bir şəhərdə anadan olan Monte Berkli universitetində oxumasından, tarix elmləri üzrə elmi dərəcə almasından, ixtisasca arxeoloq olmasından və yeddi dil bilməsindən bəhs edəndən sonra gənc yaşdan terroris “sənətinə” böyük maraq göstərməsini də vurğulayır. 1978-ci ildən Livanda hərbi erməni dəstələrində, sağ-xristian dəstələrinin tərkibində vətəndaş müharibəsində və İsrail qoşunlarına qarşı vuruşduğunu qeyd edir. Daha sonra türk silahlı qüvvələrinə qarşı kürd terror dəstələrində vuruşub. O, hətta İranda şah əleyhinə döyüşlərdə də iştirak edib və yenidən Livana dönüb.

-Deməli,  bu illərdə terrorçu kimi püxtələşir…

-80-ci illərin əvvəlində Monte Melkonyan öz dostları ilə birgə Livanda erməni terror təşkilatı olan ASALA-nı yenidən yaratmış və onun siyasi-ideoloji platformasını belə təyin etmişdir: Türkiyə 1915-ci il erməni “soyqrımını” tanımalıdır, ermənilərə maddi təzminat ödəməlidir və “tarixi erməni ərazilərini” geri qaytarmalıdır.

- Bəs, Qarabağa nə vaxt gəlir?

-Qarabağ cəbhəsinə Melkonyan 90-cı illərin əvvəlində gəlir. Ermənistandan keçərək birbaşa Qarabağ separatçılarına qoşulur. Beləliklə, Şaumyan (Goranboy) rayonu, Manaşid, Erkeç, Buzluq kəndləri uğrunda döyuşlərdə, bu dəstənin aktiv üzvü kimi fəaliyyətə başlayır. Sonra onu Qarabağ dəstələrinə komandir təyin edirlər . 1992-ci ildə Xocalıda Melkonyan azərbaycanlılara qarşı soyqrımın təşkilində yaxından iştirak edir. Laçının və Ağdərənin işğalında iştirak edir.

- Zaur müəllim, deyilənə görə o, 92-ci ildə Qarabağı müəyyən müddətə tərk edir, amma səbəbi aydın deyil.

- O vaxt ASALA və ARABO daxili mübarizəgedirdi. Buna son qoymaq, ona qarşı olan Manvel Yeğiazaryanla ( ARABO batalyonu) bir dəfəlik yollarını ayırmaq üçün Fransaya gedir. Sonra oradan güclənərək geri dönür.

- Maraqlıdır, Markarın kitabında Montenin ölümü ilə bağlı nə yazılmışdı?Başı kəsilmiş yoxsa başı yerində olan Monte?

- Markar qardaşının ölümünü belə izah edir: “ 12 iyun gündüz Monteyə xəbər etdilər ki, Mərzilidə vəziyyət ağırdır və öz müavini ilə maşına əyləşıb oraya gedir. Kəndə çatanda onlar dayanır və anlaya bilmir ermənilər hansı, azərbaycanlılar hansı tərəfdədir. Bu an 40 metr yaxınlıqdan onların UAZ-na PDM atəş açır, maşında olanlar tullanaraq gizlənir. İkinci atəş yaşayış evinin divarını uçurur, hansı ki, orada Monte gizlənibmiş və onun başının yarısını qoparır. Onun müavini polkovnik Sarıbeq Martirosyan da ölür və bir neçə adam da ağır yara alır. Onlar rabitə ilə yardım istəyir və böyük əziyyətlə Montenin cəsədini döyüş meydanından çıxarırlar.”

- Aydındır… Eynən polkovnik Xətai Baxışovun iddia etdiyi kimi ölüb bu murdar terrorçu...Zaur müəllim, beynəlxalq təşkilatlar kitab haqqında susdu. Bəs, dünyanın humanist qismi, elm adamları siyasətçilər niyə səs çıxarmadılar?

- Erməni lobbisinin hədiyyə və rüşvətinə aldanmayan vicdanlı tanınmış insanlar danışdılar. Məsələn, Londonda, Xocalı faciəsinin 16-cı ildönümünə həsr edilmiş tədbirdə Kavkaz üzrə mütəxəssis, ABŞ-nın Montana Universitetinin professoru, jurnalist Tomas Qoltz dedi ki, Kaliforniyalı erməninin öz qardaşının Xocalıda etdikləri barədə kitab məni sarsıtdı: “Mən bu kitabı erməni İnternet saytından sifariş etmişdim. Onu alıb, bir ay ona yaxın dura bilmədim. Lakin sonra oxudum. “Mənim qardaşımın yolu” amerikalı erməninin kitabı məni sarsıtdı. Kitabın müəllifi Markar Melkonyan, Xocalı soyqırımını koordinasiya edən, qardaşı Montenin “qəhramanlığı” barədə danışır. Saysız hesabsız günahsız insanları öldürüb və “Asala” təşkilatının üzvü kimi türk diplomatlarına qarşı terror aktları törədən insan kitabda qəhraman statusuna çatdırılıb və onunla fəxr edilir”.

- Tomas Qoltzu sarsıdan parçalardan oxucularımıza da bildirərdiniz

- Markar yazır:“İndi yalnız quru torpaqdan əsən küləyin səsi eşidilirdi və cəsəd qoxusunu uçurması üçün hələ tez idi. Monte qadın və uşaqların sınmış oyuncaqlar kimi üstünə saçıldığı torpağa əyilərək astadan “Qayda-qanun yoxdur” dedi.” Müəllif qeyd edir ki, 26 fevral Monte üçün əhəmiyyət daşıyan günlərdən biri idi. Çünki həmin gün Sumqayıt hadisələri ilə eyni günə düşürdü və Monte bu hadisələrin əvəzin çıxmağa çalışırdı. Kitabda bir yerdə qeyd edilir ki, “Sav-(ağrı)ləqəbli erməni döyüşdən sonra öz “JEEP”” markalı maşınına əyləşərək Xocalıya daxil olaraq orda talanla məşğul olmağa başladı. Lakin geri qayıdan zaman maşın yükün ağırlığından yolda sürüşərək minaya düşdü və sərvət ovçusu olan Sav bir ayağın itirməli oldu.”

Kitabın 210-cu səhifəsində müəllif Xocalı barədə yazır: “Xocalını 40 nəfərdən ibarət OMON dəstəsi və sayı 60 – 200 arasında olan döyüş təcrübəsi zəif yerli özünümüdafiə dəstəsi qoruyurdu. O, Xocalıya çatan kimi bir neçə saat əvəl baş vermiş qırğının bütün məqamlarını və təfərruatlarını bir araya yığmağa çalışırdı.Təxminən gecə saat 11-də 2000 nəfərdən ibarət erməni silahlıları üç tərəfdən Xocalıya yaxınlaşdılar, bununla onlar yerli əhalini şərqdə yerləşən açıqlığa qaçmağa vadar etdilər. Səhər fevralın 26-da xocalılılar şərq tərəfdə olan təpəliyin zirvəsinə çatdılar və aşağı hardasa 6 mil məsafədə, Ağdam istiqamətində düşməyə başladılar”.

Kitabda Montenin Qaradağlının işğalı zamanı etdikləri hərəkətlərə də geniş yer verilir.Əhalisi 800 nəfərdən çox olan bir kəndi 1992-ci ilin fevralın 17-də “Aramo” və “Arabo” dəstəsi eləcə də 366–cı alayın şəxsi heyəti və texnikası işğal edir. Ermənilər yalnız fevralın 17-si kənddəki özünümüdafiə dəstəsinin üzvlərinin hərbi sursatı qurtardıqdan sonra kəndə daxil olub onu işğal edə bilirlər. Kənddə olan 104 nəfər əsir götürülür. Onları  KAMAZ markalı avtomaşınların yük yerinə doldurub Qaradağlı kəndindən 2 kilometr aralıda yerləşən “Bəylik bağı” adlanan əraziyə gətirərək, orada güllələyib sonra da, əvvəlcədən traktorla qazılmış 2 silos quyusuna doldurub torpaqla örtürlər.

Bu barədə kitabda belə yazılır: “Arabo və “Aramo”nun (erməni silahlı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar, və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qoparıb. Aramo və Arabonun əsgərləri onsuzda əsirlərdən öldürülən yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi.”

- Dəhşət...

-Davamı daha dəhşətdir: “Arabo və “Aramo”nun əsgərləri alovlar içində yanan əsgərlərin iniltilərindən vəcdə gələrək kəndə daxil oldular. Öldürülən və əsir düşən əsgərlərin silahların topladılar və evləri yağmalamağa başladılar. Kəndilərə məxsus tonlarla buğda kisələri ilə yanaşı evlərdən topladıqları sərvətləri bir maşına yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar”
Müəllif kitabın bir çox yerində erməni vəhşiliyini təsdiq edən faktlara toxunur. Onlardan biri lap dəhşət saçır və bu kitabda belə əks edilir: “1990-cı ilin noyabrında Keçəl (Arabonun döyüşçüsü) sərhədin o tayındakı kənddən Azərbaycan xalq cəbhəsinin gənc fəalını oğurlayır. Gənc azərbaycanlı Səid  İrevan yaxınlığındakı bir bağ evində divara zəncirlənmiş vəziyyətdə bir ay qaldı. İlin sonunda "Keçəl" bir neçə yoldaşı və yerli polis zabiti ilə birgə Səidi, Yerablur yüksəkliyində yerləşən qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası olan "Keçəl" Səidin boğazını küt bıçaqla kəsməyə başladı.Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti ilə avəz olundu. Sonda Ardaq bıçağı Səidin sinəsinə vuraraq buna son qoydu, onlar Səidin qanının dostlarının məzarına axıtdıqdan sonra ordan getdilər.”

-Görən, o "keçəl" dedikləri həşərat sağdı?

-Keçəl ləqəbli döyüşçünün sonrakı taleyi haqqında yazan müəllif kitabında bu barədə deyir:"Dostunun qızının xaç atası olmasına razılıq verən "Keçəl" kilsəyə gələndə qəfil qulağına başını kəsdiyi Səidin iniltiləri gəldi və huşunu itirərək yerə yıxıldı. Bununla da mərasimin yarımçıq qalmasına səbəb olan Keçəl ayılanda kilsədə dua edən keşişə sual verir: Görəsən Allah nə zamansa qisas məqsədilə iti öldürən insanı bağışlaya biləcəkmi? Cavabında keşiş: “ Bu baxır itin iki yaxud dörd ayaqlı olmasına”- deyir. Burada bir daha aydın olur ki, məhz kilsə ermənilərin vəhşilik törətməsinə izn verib və bu da dünyanın heç bir dininə sığmır.

- Ermənistanda dinin də terrorizmə xidmət etdiyi artıq şübhə doğurmur…

- Hindistan erməni ruhanisi, Xoren Hovanisyanın dəvətiylə, Qalkatan məbədində Californias State Universtiv Northrige universitet müəllimi, filosofiya doktoru Sarqat Melkonyan gələrək burada ”Qardaşımın yolu” kitabının mütailəsi keçiriir. Erməni ruhaniləri kitabı oxuduqdan sonra ümumi fikirləri əks etdirən bir bəyanat hazırlayırlar və orada bu cümlə “Montenin həyatı nəsillər üçün vətən tərbiyəsində o işıqlı nöqtə olacaq ki, ona da gərək ardıcıllıq etsinlər”- fikri kilsənin erməni terroruna tam dəstək verməsi barəsində deyilənləri bir daha təsdiq edir.

- Bu qədər terror aktları olan bir erməni kitabına görə Azərbaycan hərəkətə keçmədi?

-Təxminən 10 il əvvəl Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT baş katibinə müraciətində də Markar Melkonyanın kitabında qeyd olunan fikirləri beynəlxalq qurumun diqqətinə çatdırdı. Müraciətdə “Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının indiki prezidenti Xocalı hadisələrinin baş verdiyi dövrdə qanunsuz separatçı rejimin “Özünü Müdafiə Qüvvələri Komitəsi”nin rəhbəri və şəhərin işğalı üçün məsuliyyət daşıyanlardan biri idi.

Erməni müəllif Markar Melkonyan Xocalı qətliamını törədənlərdən biri olan qardaşına həsr etdiyi kitabında erməni əsgərlərin Xocalının mülki sakinlərini necə öldürdüyünü ətraflı təsvir edir” sözlərinin olması bir daha rəsmi İrəvanın sistemli siyasətinin və amansızlıq praktikasının bir hissəsi olduğu və bu siyasətin kökündə irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar duruduğu aşkar surətdə BMT-yə çatdırdı.

Hazırda uydurduqları  "Sumqayıt qırğını"na siyasi don geyindirməyə çalışan erməniləri öz yazdıqları kitablarla ifşa etməyin, zərbə vurmağın zamanıdır. 


-Yəqin ki, Azərbaycan haqqında 4 qətnaməni 30 ildə həyata keçirməyə özündə güç tapmayan BMT bir kitab haqqında hansısa bir addım atacağı da reallığa uyğun deyildi. Yenə də var olsun, Azərbaycan Ordusu, Azərbaycan xalqı və Ali Baş Komandan ki, 30 illik yaralarımızı sardılar. Qisas qiyamətə qalmadı.Hörmətli Zaur müəllim ətraflı məlumatlara görə sizə təşəkkür edirəm. Çox sağ olun…


Söhbətləşdi Əntiqə Rəşid