adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2023 13:55
1999
MÜSAHİBƏ

"Ermənilər türk Səyat Nəvanı "Sayat Nova” etmək üçün çox  çalışıblar" -Salidə Şərifova ilə MÜSAHİBƏ

XVIII əsrdə yaşamış qafqazlı aşıq Sayat Novanın (Səyyad, Səyat, Sayat - Nəva -red-Ə.R ) doğum günüdür. Ermənicə, gürcücə, azərbaycanca, farsca və ərəbcə əsərlər yazan şair, yazıçı və ozan Sayat Novanın artıq 300 ildir kim olduğu, hansı xalqı təmsil etdiyi müzakirə mövzusudur.


Mövzu ilə bağlı Adalet.az-ın suallarını AMEA-nın professoru , filologiya elmləri doktoru Salidə Şərifova cavablandırır.


- Salidə xanım, Azərbaycan vikipediya və digər mənbələrində yazılır ki, Səyat Novanın anası Sara, Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi. Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Tbilisi şəhərində anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır. Yeniyetməlik yaşlarında erməni və azərbaycan dillərini təmiz öyrənir. Musiqi sahəsinə olan böyük həvəsi nəticəsində müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərir. Kamança və Çoğur qısa zamanda sevimli musiqi alətlərinə çevirilir. Doğrudanmı, Sayat Nova bir erməni aşığıdır?


- Düşünürəm ki, türk əsilli aşıq Səyat Nəva ətrafında mübahisələrə son qoyulmasının zamanı artıq çoxdan çatıb. Hətta vaxtı keçib. Çünki Azərbaycan ərazisindən. mədəniyyətindən, ədəbiyyatından, musiqiqsindən, tarixi abidələrindən oğurlayıb özünə tarix, mədəniyyət, incəsənət, dövlət yaradan ermənilərin cavabı vaxtında verilsəydi, Azərbaycan xalqı bu qədər əziyyət çəkməzdi. Bəli, Sayat Nəva Qafqazda bəlkə də yeganə aşıqdır ki, gürcülər də, azərbaycanlılar da, ermənilər onun öz xalqına məxsus olduğunu iddia edir. Son illərə qədər çox güclü erməni təbliğatı sayəsində Sayat Nova erməni şairi kimi təqdim olunub.


- Ermənilər Səyat Nəvanı “erməni” etmək üçün bütün absurd variantlardan da istifadə ediblər. Azərbaycan filoloqları, folklorşünasları hansı faktları , sübutları ortaya qoyub?


- Ermənilərin Səyat Nəvanı “erməni” etməsi cəhdlərinə, “fakt”larına baxmayaraq, aşıq qələmə aldığı poetik nümunələrdə özünü türk kimi təqdim edir:
Vəslinə eylədi ərk Sayat Nova,
Məcnuna görk Sayat Nova,
Aşıq Sayat Nova,Türk Sayat Nova”.


-Belə mühüm bir detal niyə folklorşünasların, ədəbiyyatşünasların diqqətindən yayınıb?


- Belə demək haqsızlıq olar. Bir çox tədqiqatçılarımız, o cümlədən professor Məhərrəm Qasımlı bir mənalı şəkildə Səyat Nəvanın Azərbaycan sənətkarı olmasını, aşığın erməni olmadığını təkzibedilməz faktlarla ortaya qoyub: “Sayat Nəva zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Bilmirəm, erməni məsələsi haradan Sayat Novanın üstünə yazılıb. Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır”. 


- Bəs, ermənilərə " S. Nova ermənidir” dedizdirən əsas arqumentlər hansılardır?


- Tanınmış ədəbiyyatşünas, professor Teymur Əhmədovun 1987-ci ildə işıq üzü görən “Hikmət və məhəbbət nəğməkarı: Sayat Nova” adlı kitabında dediyiniz “iddia” nın açması var. Teymur müəllim yazıb: ”İstedadlı tədqiqatçı alim S. Əmirzadə həmkarı Sara Sərablı ilə Sayat Novanın külliyyatını dərindən dərinə araşdırmaqla təkzib edilməyən tutarlı dəlillərlə iki yüz ildən artıq sirrini özündə gizlədən, erməni mənəvi terrorunu ifşa edən qeyri-adi problemi – mübhəm düyünü açmışlar. Onlar təkzibedilməz faktlarla Sayat Novanın kimliyini sübut etmişlər. Səyat Nəva XVIII əsrdə yaşamış, atası suriyalı, anası isə gürcü qızı olmuş qafqazlı aşıqdır”. Belə əsaslandırılma, Səyat Nəvanın qələmə aldığı poetik nümunəyə əsaslanılaraq iddia edilir. Səyat Nəvanın qələmə aldığı poetik nümunələrdə onun atasının Hələbdən gəlməsi vurğulanır: “Sayat Novanın anası Sara Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi :


Birisi deyir Sayat Nova haradan,
Birisi hind deyər, biri Həmədan.
Vətənim Tiflisdir, səmti- Gürcüstan.
Anam havlabarlı, atam hələblü".

Səyat Nəva “Bir yar, bir müsahib” şeirində atasının Hələbdən olması məqamına açıq-aydın şəkildə toxunur. Səyat Nəva qələmə aldığı “Könül” şeirində də ata vətəni Hələb olmasını vurğulayır:
Sayat Nova deyir atam Vətəni
Soruşanlar ya Hələbdi, ya Adana


-Deməli erməniləri həvəsləndirən “Hələb” imiş...


- Amma bu tərəfdən də tarix onların fikrini təkzib edir. Tutaq ki, aşığın atasının “hələblü” olmasını qəbul etdik. Zatən ermənilər də Suriyanın Hələb şəhərini nəzərdə tuturlar, Hələbdə ermənilərin çox sayda olması da onların əsaslandığı fikirdi. Lakin Hələb şəhərinin Sayat Nəvanın atasının oranı tərk etdiyi tarixi dövrü, hətta ondan bir neçə əsr əvvəlki tarixinə nəzər saldıqda, bu şəhərdə yalnız ermənilərin deyil, xristianlıların belə yaşamadıqları məlum olur. Bəs tarix nə deyir?Baxaq: Hələb və ya Aleppo 1440-ci ildə Tamerlan tərəfindən məmlüklərin əlindən alınaraq zəbt edildi. Sonrakı illərdə bütün müsəlman əhalisi Hələbə qayıdır. Onu vurğulamaq da lazımdır ki, istila zamanı Hələbi ya Alepponu tərk etmiş xristianlar şəhərə qayıda bilmirlər. Şəhərin köhnə hissəsindəki məhəllələrinə geri qayıda bilməyən xristianlar 1420-ci ildə Hələbin (Aleppo) şimal ətraflarında şəhər divarlarından kənarda tikilmiş və əl-Jdeyde (ərəb dilində “yeni rayon”) adlanan məhəllə yaradaraq orda məskunlaşırlar. Hələ1337-ci ildə Suriya türkmənləri Şamda (Suriya) Dulkədirilər bəyliyini yaratmaları, 1516-cı ildə Mərc Dəbik döyüşündə Osmanlılar Məmlükləri məğlub edərək bu ərazidə 400 il Osmanlı hakimiyyəti qurmaları da tarixin reallıqlarıdır. .
Suriyada türk tayfalarının məskən salması, kök baxımından digər türkdilli xalqlarla sıx bağlı olması bəllidir. Məsələn, Suriya və İraqdakı türk tayfalarının (türkmənlərin) Orta Asiya türk tayfaları ilə (türkmən) qohum olması tədqiqatçılar tərəfindən vurğulanır. Ancaq, Suriya və İraqdakı türk tayfaları Orta Asiya türkmənləri ilə deyil, daha çox İrandan olan azərbaycan tayfalarına daha yaxındırlar. Orta Asiya türkmənləri də, İrandan olan azərbaycan tayfaları da türk xalqlarının Oğuz qolundandır. Suriya və İraq türkmənlərinin danışdıqlarında ərəb dilindən alınmış sözləri nəzərə almasaq, onların danışıq dili Azərbaycan türkcəsinə çox yaxındır. Bu baxımdan aşığın oğuz ruhu ortada...

 

 

- Bayaq dediniz ki, aşıq poetik misralarında özünü ələvi şairi kimi təqdim edir...

- Dini baxımdan Qızılbaşlıq İslamda bir Reformasiya hərəkatı idi. Bu təriqətin nümayəndələri şiəliyi sufiliyin müxtəlif cərəyanları ilə zənginləşmışdilər. Şiəliyə dayanan Qızılbaş dövlətini qurucusu Şah İsmayıl Xətai olmuşdur. Qızılbaş tayfaları türk tayfalarından ibarət idi. Onun şeirlərində Allaha sevgi insanlara qarşı xeyirxahlıq və yaxşılığın təmənnasız edilməsi, Hz. Əliyə, Əhli-Beytə ünvanlanmış irfani ifadələr əksini tapır. Səyat Nəva ələvilər kimi düşünür, gördüyü hər hansı savab işin insanların bilməsini deyil, Allahın bilməsinin yetərli olmasını da təbliğ edir. Məsələn, aşığın “Sənə” şeirinə diqqət yetirək: Qoca adamlara çox hörmət eylə,

Yoxsula, fağıra, inayət eylə.

Qəribə, mehmana xoş xidmət eylə,

Hə eylik əyləsən, bulacaq səni.


- Ermənilər həm də “din” baxımından da aşığa “şər” ata bilib, onu "isayi erməni" deyə təqdim ediblər..

- Bəli bu misralardan həvəslənərək:
Gündoğanda qibləgahı,
Gәcbаxаnlar çәкsin vаhi,
Sayat Nova din İsayi
İnkar etmәz, еrmәnidir.
Şair bu bənddəki
Sayat Nova din İsayi
İnkar etməz, ermənidir.


Aşığın bu misrasını özünə sərf edən şəkildə deyən ermənilərin xarakteri bizə artıq bəllidir. Əslində bu misralarda aşıq İsayi dinini inkar etməməsini açıq-aydın şəkildə izah edir. Müəllif həmçinin özünün erməni olmasını deyil, İsayi tərqiətinin ermənilərə xas olmasını vurğulayır. Bu bənddə anlaşılmayan, qaranlıq bir məqam yoxdur ki, onu başqa cür izah edəsən. Səyat Nəva fikrini açıq-aydın şəkildə bəyan edir. Əslində ermənilər ilk misrada gedən “Gündoğanda qibləgahi” deməklə də özünün qibləsinə işarə ediyinin üstündən sükutla keçirlər.


- Elə bir erməni alim varmı, Sayat Novanın erməni olmadığını etiraf etsin?


-Mütəxəssislərimiz qeyd edirlər ki, vaxtilə erməni alimlərindən M.Mkryan, Q.Aboyan, Q.Levonyan və Q.Haqverdyan da şairin ilk dəfə Azərbaycan türkcəsində şeirlər yazdığını bildiriblər. Hətta Q.Haqverdyan yazırdı ki, «Bizim aşıq öz adını türkcə söylədiyi mahnılarla şöhrətləndirmişdir». Görkəmli Azərbaycan alimi akademik Mirəli Seyidov 1954-cü ildə işıq üzü görmüş "Sayat Nova" kitabında zahirən həmin dövrün «beynəlmiləlçilik» prinsipindən çıxış etsə də, əslində həm də erməni və gürcü alimlərinin qənaətlərinə istinadən şairin Azərbaycan aşığı olması nəticəsinə gəlmişdir. Eləcə də Qafqazşünas alim Tomas de Vaal Səyat Nəva haqqında maraqlı bir məqama aydınlıq gətirməsinə cəhdi onun aşığın milliyyətinin erməni olmasına olan şübhəsini əks etdirir. XVIII əsrdə yaşamış erməni aşığı Səyat Nəva üç dildə - gürcü, erməni və həmin dövrdə Qafqazda “linqva franka” yəni ən yayılmış dil olan Azərbaycan dilində yazırdı (Azərbaycan dilində olan bəzi şerlər hətta erməni əlifbası ilə yazılıb). Ermənişünas alim Çarlz Dousett şairin rübaidə işlətdiyi “xalq” sözünün mənasını araşdırması da maraq doğurur: “Hansı xalqdan söhbət gedir? Əgər bu, erməni və ya gürcü xalqı haqqındadırsa, onda nə üçün şeir Azərbaycan dilində yazılıb? Görünür, şairin düşüncəsi daha genişdir və o, vahid Qafqaz birliyinə işarə edir, o birliyə ki, ermənilər, gürcülər və azərbaycanlılar İkinci İrakli kimi müdrik hökmdarın mərhəmətli hökmranlığı altında əmin-amanlıq şəraitində yaşayırmışlar. Azərbaycan dili isə ən yayılmış dil olduğundan şair fikirlərini ifadə etmək üçün məhz bu dilə üstünlük verirdi.” 

-Ümid edirik, ermənilərdən mənimsədikləri torpaqlarımızın bir qismini geri qaytardığımız kimi incəsənət nümunələrini də geri  qaytaracağımıza əmin olmağa çalışacağıq.  Maraqlı məlumatlar verdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildirirk! 

 Söhbətləşdi Əntiqə Rəşid