20 May 2024 13:44
2379
MƏDƏNİYYƏT

Erməni aşığına, gürcü şairinə abidə qoyuldu: Bəs, Azərbaycan niyə yada düşmədi?

Xəbər verdiyimiz kimi, mayın 18-i Türkmənistanda Məhdimqulu Poeziya Günü kimi qeyd olunub və Aşqabadda Kopetdağ silsilə dağlarının ətəyində türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr edilmiş heykəlin açılışı olub.

Forumun açılışında 20-dən çox ölkənin yüksək səviyyəli nümayəndə heyəti, beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Eyni zamanda Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkmənistanın paytaxtı Aşqabadda şair Məhtumulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş mədəniyyət nazirlərinin beynəlxalq konfransında iştirak edib.

Məşhur türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi çərçivəsində Aşqabadda onun adını daşıyan xatirə  parkının açılışı olub, burada Fəraqinin 60 metrlik monumental abidəsi ilə yanaşı, dünyanın məşhur mütəfəkkirlərinin heykəlləri də qoyulub. Parkda yenicə istifadəyə verilən Uilyam Şekspirin, Dante Aligyerinin,  Onore De Balzakın, İohan Volfqanq fon Hötenin, Hafiz Şirazın, Fyodor Dostoyevskinin, Rabindranat Taqorun, Yasunari Kavabatanın, Raca Əli Hacının, Mixay Emineskunun, Sayido Nəsəfinin,

 eyni zamanda, Şota Rustavelinin,Şandor Petefinin, Dan Kurtun, Kurmanqazı Saqırbayulinin, Çingiz Aytmatovun, Adam Miskeviçin, Xuan Ramos Ximenezin, Yunus Əmrənin, Qriqori Skovorodanın, Lenqston Hyuzun və ümumilikdə 24 məşhurun heykəlləri parkda öz yerini alıb.


Sayat Novanın heykəlinin açılışı ilə bağlı Ermənistan daxili işlər və rabitə naziri Janna Andreasyan və Ermənistanin Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Xarazyana həvalə edilib.


P.S. Türkmən ədəbiyyatının görkəmli klassiki M.Fəraqinin Azərbaycan ədəbiyyatı ilə bağlılığı həmişə diqqəti cəlb edib. Məhtimqulu poeziyasında Azərbaycana bağlılıq daha əyani şəkildə meydana çıxır. Məhtimqulunun Azərbaycanla əlaqəsi maraqlıdır. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlinir. "Yaylaqları var" şeiri Azərbaycana həsr edilmişdir. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərindən dahi N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adını çəkib. Təəssüf ki, Məqtimquli Fəraqinin xatirə parkında dünyanın hər yerində tanına Azərbaycan mütəfəkkir şairlərinin heykəli yoxdur. Maraqlıdır ki, konfrans günlərində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər. Amma bu nüans diqqətlərindən uzaqda qalıb.


Əntiqə Rəşid