adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 14:03
92
ƏDƏBİYYAT
A- A+

EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT

Bəzən insanları tanımaq üçün onun haqqında  deyilənləri eşitmək yox, illər  boyu necə yaşadığına ,insanlarla münasibətinə və çətin məqamlarda necə  davrandığına  şahid olmaq lazımdır.Emin Musəvini mənə belə tanıdan  uzun illərin dostluğu ,ailələrimizin doğmalığı və birgə yaşadığımız saysız-hesabsız xatirələrdir.

Əziz Emin !

Yarım əsrlik ömün sənə qazandırdığı  ən böyük sərvət insanların sevgisi,hörməti və etimadıdır. Bu,hər kəsə nəsib olmur.Sizə möhkəm can sağlığı ,ailənizlə birlikdə  xoşbəxt və firavan öçür,yeni uğurlar arzulayıram. Arzu edirəm ki,həyatınızın bundan sonrakı illəri də əvvəlki kimi xeyrxah əməllərlə, gözəl işlərləvə sizi sevən insanların duaları ilə müşaiyət olunsun .50 yaşın mübarək olsun!

Emini, demək olar ki, dünyaya göz açdığı gündən tanıyıram. Ailələrimizin dostluğu bizi bir-birimizə çox yaxın edib. Uşaqlıqdan yaddaşımda qalan Emin sakit,mehriban və son dərəcə nəzakətli bir uşaq idi. İllər keçdi,uşaqlıq gəncliklə,gənclik isə müstəqil həyat və peşəkar fəaliyyətlə əvəz olundu. Amma  bir xüsussiyyət dəyişmədi :onun dürüstlüyü,sadəliyi və insanlara səmimi münasibəti. 

Düzü ,Eminlə bağlı saysız-hesabsız xatirələrim var. Onlardan yalnız birini  seçmək çətindir.Çünki  uzun illərin dostluğu təkcə xoş günlərin deyil, həm də çətin anların ortaq yaşantısıdır.  Ancaq  bütün xatirələrimin fövqündə  bir keyfiyyət dayanır: etibarlılıq. Emin çətin gündə də, sevincli gündə də yanında olmağı bacaran insandır. Mənim üçün insanın ən böyük keyfiyyətlərindən biri də məhz budur. Ona görə də Emin haqqında düşünəndə ilk növbədə etibar və sədaqət yada düşür.
 İnsanın ilk məktəbi ailəsidir. Musəvi ailəsində həmişə qarşılıqlı hörmət,ziyalılıq ,səmimiyyət  və yüksək mənəvi dəyərlər hökm sürüb. Eminin də,bacısı Zülfiyyənin də həyat yolu demək olar ki, gözlərimin önündən keçib.Məktəb illəri,tələbəlik dövrü,hərbi xidmət,ilk iş addımları,televiziya və radio fəaliyyəti....Bütün bunların canlı şahidiyəm.Ona görə də tam məsuliyyətlə deyə bilərəm ki,Emin bu gün tutduğu mövqeyə yalnız öz zəhməti, biliyi, və əməyi sayəsində gəlib. Valideynlərinin övladlarına verdiyi tərbiyə onların davranışında aydın hiss olunurdu.Qabil müəllim və Zemfira xanım övladlarını yalnız savadlı deyil, həm də məsuliyyətli,vətənini sevən ,insanlara hörmətlə yanaşan  şəxsiyyətlər kimi yetişdirmişdilər.Emin də Zülfiyyədə məhz belə bir mühitdə  formalaşıblar.

Əslində ,bizim münasibətlərimizi sadəcə  ailə dostluğu ifadəsi ilə  izah etmək mümkün deyil. Biz bir-birimizin həyatını yaşamış ailələlərik. Mən öz dörd övladımla Emini və Zülfiyyəni heç vaxt ayırmamışam. Həmişə elə hiss etmişəm ki,mənim altı övladım var. Bəlkə də  buna görədir ki,Emin bu gün də mənə ‘’mama ‘’deyə müraciət edir. Bu müraciət mənim üçün ən böyük mükafatdır. Çünki, bu söz illərlə qurulan etibarın,sevginin və doğmalığın ifadəsidir.

Musəvi ailəsi var-dövləti ilə deyil,mənəvi zənginliyi ilə seçilən ailə idi. Onların qapıısı həmişə insanların üzünə açıq olub.Xüsusilə Qarabağ müharibəsinin ağır illərində Ağdamdan,doğma yurdlarından didərgin düşən qohumlar,dostlar,tanışlar  üçün o ev əsl sığınacağa çevrilmişdi.  Zemfira xanım da,Qabil müəllim də heç kəsi qapılarından naümid qaytarmazdılar. Bakının mərkəzində yerləşən  o həyət evi təkcə yaşayış məkanı deyildi. Orada böyük bir nəsil yaşayırdı. Yaxın-uzaq qohumlar,qonşular,dostlar-hamını birləşdirən doğmalıq  ocağ idi. Mən bu gün həmin  evi xatırlayanda ilk növbədə insanların bir -birinə olan sevgisi ,qayğısı və mərhəməti yadıma düşür.Təsadüfü deyil ki,bu gün də Qabil müəllimin,Zemfira xanımın  adı böyük hörmətlə çəkilir. İnsan ömrünün əsl qiyməti də elə budur:-arxada gözəl övlad,gözəl ad və insanların qəlbində silinməz iz qoymaq.

Məncə,Emin də valideynlərindən miras qalan bu mənəvi sərvəti bu gün də ləyaqətlə yaşadan övladlardan biridir. Emin haqqında danışanda onun ən gözəl xüsusiyyətlərindən birini xüsusi  qeyd etməliyəm. O,valideynlərinin sağlığında  onların qayğılarını böyük sevgi  ilə çəkdi,dünyalarını dəyişdikdən  sonra da xatirələrini eyni ehtiramla yaşatmağı özünə borc bilib. Mən bütün bunların  illər boyu  şahidi  olmuşam.Eminin peşəkar həyat yolu da onun xarakteri kimi zəhmət,məsuliyyət və işinə sevgi üzərində qurulub. Tələbəlik illərindən media sahəsinə qədəm qoyan Emin sonralar ANS-də,Space televiziyasında,106 FM radiosunda,ATV-də  çalışaraq müxtəlif  media mühitində təcrübə qazanıb. Bu gün isə artıq on ilə yaxındır ki,ASAN Radionun icraçı direktoru kimi fəaliyyət göstərir. Hansı  sahədə çalışmasından asılı olmayaraq,Emin peşəkarlığını insanlıq keyfiyyətləri ilə tamamlayıb. Onu irəli aparan əsas qüvvə işinə sevgisi,məsuliyyət hissi və başladığı işi sona çatdırmaq əzmi olub. Eyni zamanda doğma torpağa,milli-mənəvi dəyərlərimizə göstərdiyi ehtiram onun şəxsiyyətinin ayrılmaz xüsusiyyətlərindəndir. 

Məncə,Eminin həyat və fəaliyyət yolunun ən mümüm göstəricilərindən  biri də budur qazandığı mövqelər,uğurlar və məsuliyyətli vəzifələr onu öz kökündən ,dostlarından və mənəvi dəyərlərindən uzaqlaşdırmayıb. O,bu gün də uşaqlıqdan tanıdığım təvazökar,mehriban,etibarlıinsandır.     

PS  Bir məqamı da xatırlamadan keçə bilmirəm. Həyat yoldaşımla dəfələrlə zarafatla Eminə belə bir sual vermişik:  ‘’Sən doğurdanmı Tibb Universitetini bitirmisən? Bəs niyə həkim kimi fəaliyyət göstərmədin?’’ İndi isə düşünürəm ki,Emin əslində öz ixtisasından və insanlara xidmət etmək missiyasından uzaqlaşmayıb. Sadəcə,seçdiyi xidmət sahəsi fərqlidir. Əgər tibb sahəsində çalışsaydı,insanların fiziki sağlamlığının keşiyində dayanacaqdı. Bu gün isə radio və televiziya vasitəsilə  insanların mənəvi dünyasına,düşüncəsinə,dünyagörüşünə və ictimai şüuruna təsir göstərmək imkanına malikdir. Deməli,onun fəaliyyəti başqa bir müstəvidə insanların mənəvi sağlamlığına xidmət edir. Məncə, bu da az əhəmiyyətli missiya deyil. Bəlkə dəinsanlara xidmət etməyin forması dəyişib,amma mahiyyəti dəyişməyib.

Jalə Cəfərova,

Yazıçı-publisist