adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 13:40
78
ƏDƏBİYYAT
A- A+

Bənövşə ətirli qadın - Tərlanə Yaqubqızı yazır

Bəzi adlar var ki, insan onları eşidəndə xəyalında bir çiçək canlanır. Bənövşə də belə adlardandır. Zərifliyi, sadəliyi, özünəməxsus ətri ilə yaddaşlarda qalan bir çiçək... Elə insanlar da var ki, adları ilə xarakterləri arasında qəribə bir uyğunluq olur. Mənim üçün Bənövşə Məmmədova da belə insanlardandır.

Bənövşəni ilk dəfə ötən əsrin doxsanıncı illərində televiziya ekranında görmüşəm. O zaman ,,Gözəllik,, adlı veriliş aparırdı. Ekrandan gənc, zövqlü, xoş danışığı ilə seçilən bir qız kimi yaddaşıma həkk olunmuşdu. O vaxt haradan biləydim ki, illər sonra həmin xanımla yolumuz Milli Kitabxanada kəsişəcək, o, həm də mənim oxucum olacaq.
İllər keçdi. Televiziya dəyişdi, efirə yeni simalar gəldi, verilişlər yeniləndi. Bənövşə xanım isə bu sahədə yenə də fəaliyyətini davam etdirdi. 

Bugün əminliklə deyirəm ki,  Azərbaycan televiziyasında, xüsusən də İctimai Televiziyanın bədii-sənədli yaddaşında Bənövşə Məmmədova imzasının özünəməxsus yeri var. Onun hazırladığı "Gözəllik", "Rənglərin simfoniyası" kimi layihələr və Şuşanın dahi şairəsi Xurşidbanu Natəvana həsr etdiyi sənədli filmlər tamaşaçının qəlbinə yol tapan dəyərli ekran işləridir. Söz yox ki, onun verilişlərinin, filmlərinin sayı kifayət qədər çoxdur və zövqlü Azərbaycan tamaşaçısına yaxşı məlumdur. 

Bu sənədli filmlərin, dərin araşdırmaların yolu isə Milli Kitabxanadan, arxivlərdən  keçir. Televiziyanın  canlı, dinamik ritmindən ayrılıb kitabxanaya hər gəlişində onun  mənə ehtiram və sevgi ilə "böyük bacı" deməsi aramızdakı doğmalığın, səmimiyyətin ən gözəl ifadəsidir. 

Hər ikimizin müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru Nüşabə Sadıxlı bu yaxınlarda mənə dedi ki, Bənövşə  onun ən sevimli tələbəsi olub və gələcəkdə bu qızın öz işinin peşəkarı olacağına həmişə inanıb.

Bənövşə Məmmədova üçün ekran sadəcə bir kadr ardıcıllığı deyil, millətin mənəviyyat bünövrəsini qoruyan bir aynadır. İllər boyu böyük zəhmətlə ərsəyə gətirdiyi verilişlər sənətkarların yalnız yaradıcılığını deyil, həm də onların daxili fəlsəfəsini tamaşaçıya sevdirdi. O, həm də İTV-nin Milli Azlıqlar, Səhər proqramları departamentlərində və "Carçıfilm" Yaradıcılıq Birliyində rəhbər vəzifələrdə çalışaraq sənədli kino tariximizə böyük töhfələr verib. Vəzifələr dəyişsə də, o, hər zaman hər kadra və hər kəlməyə ruhunu qoyan peşəkar olaraq qalıb.

Bənövşə Məmmədova  peşəkar olmaqla yanaşı, həm də işinə böyük məsuliyyət hissi ilə yanaşan jurnalistdir. Mən bunu dəfələrlə hiss etmişəm. Bu yaxınlarda görkəmli bəstəkarımız Rauf Hacıyevlə bağlı film üzərində işlədiyi üçün bəzi faktlarla bağlı mənə müraciət etmişdi. Onun hər materialı zərgər dəqiqliyi ilə gözdən keçirib qiymətləndirməsi bu məsuliyyətin nişanəsi idi. Söhbət əsnasında onu da öyrəndim ki, Bənövşə xanım  filmlə bağlı uzaq Əlcəzairə gedib doxsan yaşlı bir aktrisadan müsahibə də alıb.

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır. Bu əlamətdar gündə həm bizim sadiq oxucumuz, həm də sənət fədaisi olan Bənövşə xanımı Televiziya Günü münasibətilə ürəkdən təbrik edirəm! 

O, rənglərin, musiqinin və sözün ortaq dili ilə öz imzasını Azərbaycan televiziyasının tarixinə həkk etməyi bacarmış sənət fədaisidir.

Yaxşı ki, varsan, bənövşə ətirli gözəl bacım! Uğurların bol olsun!