Elman Tovuz: Kədərdən vəfalı dostum olmadı...
Sıxıldım taleyin məngənəsində,
Danışdım, olmadı…
Susdum, olmadı...
Azdım cığırında öz dağlarımın,
Kimsənin yolunda "qəstim" olmadı.
Dərdin də üzünə gülə-gülə mən,
Ötürdüm günləri bilə-bilə mən...
Əridim içimdən gilə-gilə mən -
Alovum olmadı...
Tüstüm olmadı...
Təzəcə bir sevda çaxdı gözümdən,
Vida yağışları öpdü üzümdən...
Bəzən taleyimdən, bəzən özümdən
İncidim, olmadı…
Küsdüm, olmadı…
Göz yaşı çilədim gülüm açmadı...
Hər il düymələndi ölüm, açmadı...
Könül açdığıma əlim açmadım,
Boğazım olanda
Üstüm olmadı...
Elmanam, elə ki endim yəhərdən,
Kəsildi ayağım kənddən, şəhərdən.
Halımı soruşan olsa da hərdən,
Kədərdən vəfalı dostum olmadı...