adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Noyabr 2014 14:47
5395
MƏMLƏKƏT

Elman Mehdiyev Salyanda 9 rayonun sakinləri üçün qəbul keçirib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın 19-da Fondun Salyan rayon şöbəsinin inzibati binasında 9 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Adalet.az-a verilən məlumata görə, DSMF sədrinin qəbuluna gələn Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri əsasən pensiya təyinatı, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının və Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Cəlilabad rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.