adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2022 14:40
677
HADİSƏ

Əli çeçenlərin, suriyalıların, ukraynalıların qanına batmış Rüstəm Muradovun özü yaralandı, əzizi öldü... - FOTO

Yəqin ki, Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin keçmiş komandanı general- Rüstəm Muradovu unutmamısınız! Qarabağa yerləşdiyi gündən ermənilərə olan böyük sevgisini sərgiləməklə yaddaşımıza həkk olmuş Muradov.

Qondarma "Dağlıq Qarabağ” respublikasının prezidenti ilə görüşlər keçirmək, “başçını” qucaqlayıb marça-marçla öpmək, yerli sakinlərə qayğı göstərmək, erməni silahlılarının ərazidən çıxarılması məsələsinə göz yummaq kimi 10 noyabr razılaşmasının şərtlərinə uyğun olmayan işlərə imza atdı. Onun canfəşanlığını bir də Bakıdakı erməni əsirlərin İrəvana qaytarılması prosesində gördük. Həmin vaxt artıq Muradov işindən ayrılmışdı və bu missiyanı başqası da yerinə yetirə bilərdi. Muradovun ”ermənipərəst mövqeyi”burda da özünü göstərdi.

2020-ci 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatınbütün bəndlərini pozaraq canımızı yandıran general-leytenant Rüstəm Muradovun Ukraynanın haqq savaşında canının yandığı deyilir.

Adalet.az Baza Teleqram kanalının məlumatına istinadən xəbər verir ki, Ukraynada müharibədə Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandirinin müavini və Qarabağdakı sülhməramlıların keçmiş komandiri, general-leytenant Rüstəm Muradov yaralanıb.

Onun 27 yaşlı qardaşı oğlu Salman Süleymanovun “xüsusi əməliyyat” zamanı öldürüldüyü də məlum olub.

Həmin vaxt general-leytenant Rüstəm Muradov da aldığı yaralardan hospitalda müalicə olunurdu. Ona qohumunun ölümü barədə xəbər verəndə xahiş edib ki, basdırmaq üçün onun heç olmasa sümüyün tapsınlar.

Məlumatda qeyd olunub ki, Salmanın meyitinin qalıqları Dərbənd şəhərinə gətirilərək, orada dəfn olunub.

Qeyd edək ki, 1996-cı ildə 23 yaşlı leytenant Muradov Çeçenistan müharibəsində iştirak edərək xüsusi fərqlənib. Yuxarı Sentoroy kəndinin ələ keçirilməsinə görə, ona “Cəsarət” (rusca “Mujestva”) ordeni verilib. 2016-cı ildə Donbasda aktiv döyüş əməliyyatları dayandırıldıqdan sonra Rüstəm Muradov Atəşkəsə Nəzarət üzrə Rusiya-Ukrayna Birgə Mərkəzində Rusiyanın nümayəndəsi olub. 2017-ci ildə general-mayor Rüstəm Muradov Rusiyanın Suriyada hərbi müşaviri təyin edilir. O, Deyr əz-Zor bölgəsindəki rus qoşunlarına komandanlıq etməyə başlayır.

 

Bu ezamiyyət yekunda yüksək qiymətləndirilir. Rusiya Prezidenti Vladimir Putin “hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə” ona Rusiya Qəhrəmanı adının verilməsi barədə fərman imzalayır. Cənubi Hərbi Dairəsinin komandanının müavini olaraq, 2020-ci ilin fevralında general-leytenant rütbəsi alıb. Həmin ilin noyabrında hərbi komendant olaraq Qarabağa gəlir, onun oradakı “fəaliyyəti”ni də hamı gördü və bu haqda danışmaq artıqdır.

Bu ilin fevralında Ukrayna döyüşlərinə qatılan Muradova Aİ tərəfində sanksiyaya tətbiq edilib.

P.S. Ümid edirik, azadlığı uğrunda döyüşən çeçenlərin, “nefti olan” müsəlman olduqları üçün məhv edilən suriyalıların, haqqları pozulan ukraynalıların qanını Allah ona bağışlamayacaq. Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının sabiq komandanı, Cənub Hərbi Dairəsinin komandir müavini Rüstəm Muradov Azərbaycanın ən həssa dönəmində onların canını yandırdığına görə İlahi Ədalətin təcəlli etdiyini hələ görəcək!

Əntiqə Rəşid