adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Oktyabr 2022 13:13
2083
MÜSAHİBƏ

ELGÜN GƏNCİMSOY: “Müşfiq Abbasov şəhid olan cavan igidlərimizin böyük qardaşı hesab olunur”

Elə talelər var ki, müharibə onların  həyat hekayəsinə çevrilir. Yəni ömrü boyu top-tüfəng səsi ilə oyanırlar. Taleyində müharibənin böyük izlər buraxdığı insanlardan biri də jurnalist Elgün Gəncimsoydur. O,müharibənin ən sərt çağında sözün əsl mənasında qələmini silaha çevirən juranlistlərdən biri idi. Onunla söhbətimizdə sözünün  əvvəli də, sonu da “vətən” idi.


 -Jurnalistika ilə “yol yoldaşı” olmağınızdan danışaq....


-Mən fotoqrafiyadan mətbuata gəlmişəm. Özümü çox yaxşı fotoqraf hesab edirəm. Bir gün idman sahəsində şansımı yoxlamalıydım. Məni həmin quruma Vasif Ağamirov dəvət etmişdi. Mənə dəstək olmaq, məni həvəsləndirmək çox böyük şərt idi. Yəqin bilirsiniz ki, idman fotoqrafiyası çox çətindir. Sən hər anın kadrını tutmağı bacarmalısan. “Anı yaxalamaq” bacarığın olmalıdır.  Yəni saniyənin onda-bir hissəsində yaxşı bir hadisəni kadra ala bildinsə, uğur səninlədir.  Bütün gücünlə çalışıb sənə olan etimadı doğrultmalısan.


Bəlkədə yeni başlayanda çox səhvlər etmişdim. Xoşbəxt adamam ki, mənim səhvlərim Vasif Ağamirovun əlinə düşürdü. Mən deyərdim ki, Vasif müəllim Azərbyacan mətbuatında kifayət qədər xidməti olmuş  və bir çox istedadlı gənclərin mediada görünməsində əziyyəti olan bir şəxsiyyətdir. Mən artıq  peşəkar jurnalistika ilə məşğul olmağa başlamışdım. 

Bu peşəyə marağım artdığı üçün kurslara cəlb olundum, beynəlxalq təlimlərə getdim. Bundan sonra idman sahəsində jurnalist kimi bölgədə çalışmaq şansım oldu. Mən də bu şansı dəyərləndirdim. Müxtəlif saytlarda reportyor kimi çalışırdım.  Daha sonra Rafail Becanov mənə peşəkar kollektivdə çalışmaq üçün yer verdi. Sözügedən həmin qurumla uzun müddət əməkdaşlıq etdim. Bu əməkdaşlıq  müddətində Elman Cəfərli və  Elnarə Kərimovanın üzərimdə çox zəhməti oldu. Onlar mənim təkminləşməyim üçün çox əmək sərf etdilər.
“Elgün Gəncimsoy niyə bölgədə çalışırsan?” -deyə, özümə sual verdim. Və özümə belə cavab tapdım: xidməti bölgəm  keçmiş təmas xəttinə yaxın olduğu və mənim məcburi-köçkün ailəsində böyüməyim məni bu işə çox bağladı. Hərbi jurnalistikanı sevməyə başladım.  Reportyor kimi diktafonumu, mikrofonumu, kameramı silaha çevirib 3 müharibədə yaxından iştirak etdim. Tovuz döyüşlərində və Avqust döyüşlərində  də itirak etmişəm.


-Məlumdur ki, 44 günlük müharibədə 3-4 jurnalist var idi ki, ancaq onları cəbhə bölgəsində görürdük. Lakin nədənsə onlar MŞ-ın qurultayına çağrılmadılar. Buna səbəb nə ola bilər?


- Mən deməzdim 3-4 nəfər idik. Bizim peşə sahiblərindən elə insanlar var idi ki, onlar kameranı, mikrafonu yerə atıb, silah götürmüşdülər. Emin Pirini, Rəşadı, İlham Tuması misal çəkə bilərəm. Birinci Qarabağ savaşında isə  Şöhrət Eyvazov silaha sarılan jurnalistlərdən biri idi.


Müharibə artıq mənim xidmət etdiyim yerdə başlamışdı. Yəni mən bura ezam olunmamışdım.  Müharibədən əvvəl  bizim burda jurnalist kimi yox, vətəndaş kimi təşəbbüslərimiz oldu. Təhlükə göz önündə idi.  Düşmən artıq təxribatın miqyasını böyüdürdü. Dövlət sərhəddində böyük silahlı təxribatlara əl atmışdı. Bu səbəbdən müharibə gözlənilən idi. Düşmən iri çaplı  atıcı silahlarla, ümumi  silahlarla  mövqeləri və kəndləri( yaşayış məntəqələrini) atəşə tuturdular.
O ki qaldı sizin suala, mən belə cavab verəcəm:
Mənim ata-baba torpaqlarım işğaldadır, həmin torpaqların azad olunması uğrunda döyüşlər gedir. Təbii ki, mühraibə vaxtı mən də düşmənlə savaşmaq üçün müraciət etmişdim. Ağdamda veteranlardan ibarət bir bölük yaranmışdı, ordan da qeydiyyatdan keçmişdim.  Düşmən Ağdamın azad olunmasında təslim oldu. Bəlkə də orda açıq döyüş olsaydı, bu gün siz mənim haqqımda da keçmiş zaman şəkilçisi ilə danışardınız. Doğmalarımı da bu hadisəyə öyrəşdirmişdim  ki, hər an hər şey baş verə bilər.
Düşmənin  törətdiyi iyrənc təxribatlardan vəziyyətin nə yerdə olduğu  məlum idi.
Mənim də təmsil elədiyim bir qurumdan kimsə orda varsa və hər hansı bir mövqeyi tutubsa, bu, mənim də uğurumdur.  Ümumiyyətlə, bu məsələlər mənim maraq dairəmdə olmayıb.  Mənim harasa getməyə, müəyyən toplantılarda iştirak etməyə  zaman olmur.  Digər həmkarlarımın adından danışa bilmərəm.
Jurnalist, Azərbyacanın ərazi bütövlüyü uğrunda canından keçən, qazi olan insanların heç birindən artıq deyil. Lazım gələrdisə, biz də bu vətən uğrunda ölərdik.


- Şəhid Müşfiq Abbasov haqda sənədli film çəkmisiniz. Az bir maliyyə ilə bu işin öhdəsindən gəlmək güman ki çətin olub...


- Bu, bir layihə idi. Heç bir qurumun, təşkilatın və ya hər hansı  bir şəxsin maliyyələşdirdiyi ekran  iş deyildi. Bizim öz təşəbbüsümüz idi.  Xüsusi təyinatlı qüvvələrdən  bir qazi dostumuz  bir şəhid döyüş yoldaşının doğum günündə onun müqəddəs ruhuna sənədli film “hədiyyə” etmək istəyirdi.
Mən də kinematoqrafiya ilə məşğul olan dostarımla əlaqə saxladım, bir heyət  qurduq. Bu, həmçinin  vətən müharibəsi qazisi  Taleh Ürfansoy idi. Onunla birgə Əliyev Asmin istəyi ilə  vətən müharibəsi ilə bağlı  ilk filmimizi  şəhid Emin Məmmədov haqqında çəkdik.  Həmin filmin təqdimatı Beyləqanda oldu.  Film o qədər yaxşı alındı ki,  kollektiv həvəsləndi. Qərara aldıq ki, hər rayondan bir şəhid haqda film hazırlayaq. Ağdam şəhidlərindən film hazırlmağı çox düşünürdüm. Çünki Ağdamda ağrılarımız çoxdur. Film çəkmək üçün Ağdamla bağlı müharibə haqda çox mövzu var idi. Hansı ki,həmin hadisələri filmə gətirməklə biz səsimizi daha uzaqlara çatdıra bilərdik.
Ağdam uğrunda canını fəda edən çox igidlərimiz var. Ancaq mənim seçimim Müşfiq Abbasov oldu. O, həm birinci, həm də ikinci Qarabağ savaşında yaxşı döyüşmüşdü.  Birinci Qarabağ müharibəsində qardaşı ilə müharibəyə qoşulmuşdu, ikinci Qarabağ savaşında isə oğlanları ilə silaha sarılmışdı.  Bu hadisənin özü böyük qəhrəmanlıq nümunəsidir . Düşünürəm ki, Müşfiq Abbasov şəhid olan cavan igidlərimizin böyük qardaşı hesab olunur.  Müəyyən maliyyə problemləri yaşamağımıza baxmayaraq filmi ərsəyə gətirdik.  Bu, bizim yeddinci sənədli filmimizdir.
Onu da qeyd edim ki, bu layihəmiz hələ də davam edir.

 
- Tez-tez imzanızı müxtəlif xəbər saytlarında görürük. Deyəsən konservant insan deyilsiniz....


-Haqlısız. Müxtəlif  xəbər portallarında öz imzamı görürəm.  Bəzən sosial şəbəkələr üzərində böyük səhifələrdə  müharibə ilə bağlı, Ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı, yaranmış hər hansı bir vəziyyətlə bağlı  şahidi olduğum haidsələri zaman- zaman yazıram.

 Onu da dostlar yayımlayırlar.  Buna görə də heç vaxt narazılığımı bildirməmişəm.  Bu yazıları yayımlamaqla, onlar da mənim məqsədimə dəstək olurlar.
Məsələyə ikinci tərəfdən yanaşanda isə onu deyə bilərəm ki, heç vaxt iş yeri itirməmişəm. Əksinə, daha gözəl dostlar qazanmışam.  Deyim ki, 4-5 yüksək səviyyəli mətbu orqanda çalışmışam.  Hal-hazırda “Bizim_media” xəbər agentliyini təmsil edirəm. 


- Vətənpərvərlik mövzusu yetərincə təbliğ olunur?


- Səhv etmirəmsə, Mustafa Kamal Atatürkün belə bir sözü var: “Vətən sevgisi maya kimidir. Südü xarablarda  tutmaz”.  Vətənpərvərliyin təbliğatı hərbi sirri danışmaq və ya danışılması labüd olmayan məsələni cəmiyyətə bağrımaq deyil.  Düşünürəm ki,  vətənpərvərlik təbliği dövlət siyasətinin bir tərkibi olmalıdır.   Sosial şəbəkə istifadəçiləri “like” xatirinə müəyyən məlumatlar və ya fotolar yaymaqla Azərbyacan Ordusunu  təhlükəyə atmış olur.  Bu hal olmasa çox gözəl olardı.


- Son zamanlar hansı mövzular üzərində işləyirsiniz?


-Son zamanlar  ən çox maraq göstərdiyim və işləməyə çalışdığım mövzular  müharibə ilə bağlı mövzulardı.  İstər 1988-94-cü illəri əhatə etsin, istər 2016-cı il aprel döyüşlərini, istər Tovuz döyüşlərini, istərsə də ən son baş verən döyüşlər olsun.  Ən ciddi işlədiyim mözvu erməni terror ilə bağlıdır.  Biz qəhrəmanlarımız haqda danışımışıq və həmişə də danışacayıq. Biz qalib xalqıq.  Bütün dünyaya məlumdur ki, Azərbaycan illərdir işğal altında olan öz tarixi torpaqlarını müharibə yolu ilə yeri qaytardı.  Həmin torpaqları 5 il müdafiə etsək də, mənfurlar tərəfindən işğal olunmuşdur. Məhz həmin torpaqlar cəmi 44 günə düşməndən azad olundu.

Əntiqə Kərimzadə