adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 12:47
116
SİYASƏT
A- A+

Elçin Mirzəbəyli: Mədəniyyət dəyər yaradan sahəyə çevrilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli mədəniyyət sahəsində qanun layihəsinə dəstəyini açıqlayıb.

Adalet.az-ın xəbərinə görə, o bildirib ki, layihədə “mədəniyyət sənayesi” anlayışının “mədəni və yaradıcı sənaye” ilə əvəz olunması və hüquqi tərifin verilməsi strateji yenilikdir.

Deputat qeyd edib ki, bu dəyişiklik mədəniyyəti yalnız yaradıcılıq sahəsi kimi deyil, həm də iqtisadi münasibətlərin və innovativ intellektual kapitalın mənbəyi kimi qiymətləndirməyə imkan yaradır.

“Dəyişiklik mədəniyyətin subsidiyalar gözləyən sahədən dəyər yaradan sahəyə çevrilməsinə şərait yaradır”, – Mirzəbəyli vurğulayıb.

O həmçinin qanundan “əyləncə sənayesi” ifadəsinin çıxarılmasını milli və strateji yanaşma kimi qiymətləndirib. Deputat 5-ci maddənin 4-cü bəndinə əlavə olunan dəyişiklikləri də önəmli hesab edərək bildirib ki, yeni yanaşma yalnız QHT-lərlə məhdudlaşmır, fərdi sənətkarlar, startaplar və müstəqil prodüserlər də dövlət dəstəyinə çıxış imkanı əldə edəcək.

Elçin Mirzəbəyli layihənin hüquqi boşluqları aradan qaldıracağını, investorlar üçün aydın çərçivə yaradacağını və mədəniyyət sahəsində vahid konseptual yanaşmanı təmin edəcəyini qeyd edib. Deputat qanun layihəsini dəstəklədiyini və təşəkkürünü bildirib.