ƏDƏBİYYATIN ƏBƏDİ ADAMI - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
112 | 2025-08-07 09:37

Yazmaq çox çətindir, lap çox çətin. Nə hava ilə bağlı deyil, nə söz qıtlığı ilə, nə də yazmaq imkanı ilə. Bu, yaşadığımla, indi içində olduğum ovqatla bağlıdı. İnana bilmirəm yaşadığıma, barışa bilmirəm ovqatımla, razılaşmıram fələklə. Çünki...

Həyatımda özəl yerləri olan və mənim yazı-pozu dünyasında öz yerimi tutmaqda məsləhəti ilə, diqqəti ilə, qayğısı ilə səbəb olan bir neçə nəfər var ki, onlar hər zaman, elə onda da, indi də, yəqin ki, sabah da mənimlə olublar və olacaqlar. İlk əl tutanım, yol göstərənim mərhum redaktorum Əlisəfa Məmmədov olub. “Təşviqatçı” jurnalında ştatdankənar müxbir, sonra müxbir kimi fəaliyyət göstərmişəm. Kənddən gələn bir uşaq tələbə ola-ola bu jurnalda imzasını tanıdıb oxucusuna. Nüsrət Kəsəmənli - bir ürək, bir ailə dostluğu yaşamışam onunla. Gənc bir şairi iştirak etdiyi əksər görüşlərdə yanında tutub. Ona da söz verib... Məcnun Namazəliyev – Füzulidə “Araz” qəzetində yaradıcılıq yoluma yaşıl işıq yandırdı. Özü də böyük ürəklə. Sonra barəmdə Xalq şairi Bəxtiyar Vahabzadə, böyük ədəbiyyat adamları, yaşıdlarım, həmkarlarım, dəyərli tənqidçilərimiz fikirlər söylədilər. Bütün bunlar ömrümün ayrı-ayrı seçilən və heç vaxt unudulmayan məqamlarıdı. Ancaq son illərdə mənimlə bağlı, daha doğrusu, yaradıcılığımla bağlı Azərbaycanın iki dəyərli ziyalısı, ədəbiyyatşünası, yazıçısı, alimi böyük səxavət, həm də böyük diqqətlə yazılar yazdılar. Onların biri Elçin Əfəndiyev, digəri isə Kamal Abdulla idi.

Mən bu xatırlatmanı ona görə edirəm ki, avqust başlayar-başlamaz sözümüzə, ədəbiyyatımıza, mədəniyyətimizə, ictimai həyatımıza əli baltalı gəldi. Və ədəbiyyatımızın, sözümüzün ən nəhənglərindən biri olan Elçin müəllimə qıydı. Böyük ADAMIN, böyük ürək sahibinin dünyamızı tərk etməsi xəbəri çoxlarımız kimi, özü də lap çoxlarımız kimi sarsıtdı məni. Çünki mən ilk öncə onun daimi oxucusu idim. Mətbuatda çıxan bütün yazılarını, məqalələrdən tutmuş xatirələrinə, hekayə, povest, romanlarına kimi hamısını bir-bir oxumuşam. Gücüm çatanda dərk etdiyim, duyduğum səviyyədə münasibət də bildirmişəm. Bu mənim bir oxucu özünüifadəm idi. Amma Elçin müəllimin mənim barəmdə yazdığı böyük məqalə və dövri mətbuatda çap olunan yazılarımla bağlı etdiyi telefon zəngləri, əlamətdar ad günlərimə göndərdiyi təbrik teleqramları həyatımın şah səhifələridi. Aldığım ən böyük mükafatlardı. Elə mükafatlar ki, onlar böyük ADAMIN mənimçün yandırdığı yaşıl işıq, mənə verdiyi xeyir-dua, mənə bağışladığı ümid idi. Məhz dəyərli şairimiz Çingiz Əlioğlunun vasitəsilə ilk üzbəüz təmasımızdan başlanan oxucu-müəllim anlaşmamız sonda Elçin müəllimin məni bir qələm adamı kimi öz böyük ürəyinin qiymətinə layiq gördü...

Şuşada xeyli söhbətlərimiz oldu. Dövlət Dram Teatrında tədbirdə, yazıçıların qurultayında və digər tədbirlərdə... harda onu gördümsə yaxınlaşdım, ehtiramımı bildirdim. O da həmişəki təbəssümü və səmimiyyəti ilə mənə ən isti sözlərini söylədi, ağsaqqalməsləhətlərini verdi. Bir dəfə də olsun gözündən yayınmadım. Ətraf qələbəlik olanda aralıdan keçmək istədim. İstəyəndə başını qaldırıb məni yanına çağırırdı. May ayında Elçin müəllimin doğum günü ilə bağlı “Ədəbiyyatımızın Elçini” adlı məqalə yazdım. Qəzet ona çatan kimi yenə həmişəki üslubunda zəng edib təşəkkür etdi. Xüsusilə, məqalənin adı ilə bağlı ayrıca sağol da dedi. Son dəfə avqustun 1-də telefonla danışdım. Səhhətində narahatçılığı olduğundan hal-əhval tutmaq istədim. Hiss etdim ki, biraz yorğundu, amma büruzə vermək istəmir. Mənə son zəngimdə dedikləri indi də qulaqlarımda səslənir:

-İzləyirəm, oxuyuram. Elə-belə də davam elə. Yorulmaqdan qorxma. Yaz. Bəzən alınmaya bilər, amma yaz.

Bəli, bu dünyada mənim üçün ən böyük ADAM, ən böyük AYDINlardan biri olan Elçin Əfəndiyev indi Tanrı dərgahındadır. Həmişə deyirdi ki, söz adamlarının yeri Allahın yanındadı. Deməli, o, yenə öz yerindədi. Yenə öz sözü ilə bizim Allahımızın yanında oturub sözünü yaşadır. Təbii ki, bizim ürəyimizdə, tarixin yaddaşında, ədəbiyyatın tarixində! Kim nə deyir-desin, kim hardan və nə ilə baxır-baxsın, Elçin Əfəndiyev xalqın tarixində, ədəbiyyatında Elçin olaraq qalacaq. Mən may ayında Elçin müəllimin doğum günü ilə bağlı yazdığım yazını da bu beş-altı cümlənin sonuna əlavə edirəm. Çünki onun haqqında yazacağım, deyəcəyim sözlərin hələ ip ucunu tam tapa bilməmişəm. Ruhuna baş əyirəm, Elçin müəllim!

 

                                                           ***

Ədəbiyyatımızın ELÇİNİ 
 

Bu yazımı  UNUDULMAZ  Elçin Əfəndiyevin doğum gününə yamışdım.... Oxuyub  mənə təşəkkür də etmişdi...  

Azərbaycanın ədəbi  mühitinə  və bədii  sözün izləyicilərinə   bəlli  olan  bir  gerçəklik  var. Həmin   gerçəklik də  ədəbiyyatımızın cəfakeşi, yaradıcılarından ən öndə  gedənlərindən və  tanıdanlarından  olan Elçin  müəllimin doğum günü ilə  bağlıdı! Yəni, həm dolaysı, həm də  birbaşa  demək istəyirəm ki,  bu   il Elçinsevərlər özlərini   ədibin  yubley   notunda  kökləyiblər. İstər  ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda  Elçin müəllimi oxuyanlar   Azərbaycan yazıçısının  həyat  və  yaradıcılığı  özləri  üçün daxilən  yeniləyirlər.Bu  yubley  sanki  bizim yaddaşımıza  bir  göstəriş  verib  və  biz  də   həmin zəruri  göstərişə  uyğun olaraq yazıçı Elçini ilk hekayəsindən  bu  günümüzə  qədər cilidlənən  kitablarını  vərəqləyirik...

Elə  buradaca  xatırladım ki, mənim  özümə  görə  yazmaq   vərdişim, üslubum var.  Adətən kiminsə barəsində yazı yazmağa başlayanda sözün hardan başlayıb harda bitəcəyini düşünmürəm. İçimdə, ağlımda olanları bir-birinin ardınca söyləyib yazımın məramını, məqsədini ortaya qoyuram. Və təbii ki, ürəyimin səsi, ağlımın hökmüylə yazdığım bu yazılarda qəhrəmanıma, yazımdakı obraza münasibətimi də olduğu kimi sərgiləyirəm. Necə deyərlər, özüm hansı haldayamsa, yazım da elə onun ifadəsinə çevrilir.Düşündüyüm, dərk etdiyim nədir, necədir onu  yazıram...Özgə  arşını  ilə  , kimin nə deyəcəyi ilə  yox  , öz  arşınımın   məndəki təsdiqlənmiş  nəticəyə  söykənib yazıram... Amma...

Amma  bu  gün   ağlımda  bir  əmma  var!  Düşünürəm ki, mən  bu  yazı  yükünün altından çıxa   biləcəmmi? Və  mən  Elçin müəllimin yubleyi  ilə  bağlı oxucu  sözünü  dilə  gətirməklə  ölçülərdən kənara  çıxmıram ki?

Bu  məqamda  bir  zəruri  qeyd  etməliyəm - Bəli, bu yazını  yazmaq mənim üçün çox çətindi.  Çünki artıq  Elçin müəllim məni tanıyır, Şuşaya,yəni  Vaqif poeziya  bayramlarına  səfərdə  onunla  həmsöhbət  olmaq, telefonla  fikir  bölüşmək  xoşbəxtliyim  və fürsətim olub! Bax, bu səbəbdəndi ki, hörmətli Elçin müəllimin doğum günündə bir oxucu, bir jurnalist və nəhayət, həm də bir şair kimi fikir söyləmək mənə çox çətindir.

Lakin  daxili istəyimin mənə  diqtəsi  ilə   bu yazını xalq yazıçısı Elçin Əfəndiyevin oxucusu olaraq onun doğum gününə ünvanlayıram. Və  bir  yazımda da  vurğuladığım kimi, hələ doğulduğum Tuğ kəndində, orta məktəbdə oxuduğum illərdən tanıyıb sevmişəm Elçin Əfəndiyev yaradıçılığını. Xüsusilə onun unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin oğlu olduğunu biləndən sonra ürəyimdə qəribə bir hiss baş qaldırmışdı. Özüm-özümə sual verirdim ki, görəsən iki yazıçı bir evdə mövzuları, yazdıqlarını müzakirə edirlərmi? Bir-birlərilə iki qələm adamı olaraq hansı mövzularda mübahisələri olur?

Məni qınamayın. Bu bir orta məktəb şagirdinin, bir cavan oğlanın tam səmimi duyğularından doğan sual idi. İllər keçdi və mən Elçin Əfəndiyevi həyatda da görməyə başladım. Müxtəlif tədbirlərdə çıxışlarını dinlədim. Xüsusilə İlyas Əfəndiyev cənnətə köçüb haqqa qovuşandan sonra İlyas müəllimlə bağlı keçirilən tədbirlərin böyük əksəriyyərtində iştirak etdiyimdən mən Elçin müəllimi orada yaxından görürdüm. Hətta bir dəfə şair dostum, qardaşım, ailəvi bağlılığım olan Çingiz Əlioğlu Milli Dram Teatrın foyesində tamaşaya gələn Elçin müəllimlə  əhvallaşanda  məni də yaxınlaşıb görüşməyə dəvət edir. Bir az ehtiyatla Elçin müəllimə yaxın gəldim və salam verdim. O da əlini uzatdı... Bax, bu mənim Elçin müəllimlə Şuşa  ziyarətimizə  qədər olan üzbəüz yeganə görüşüm   idi...

 

Elçin Əfəndiyev mənim üçün gözəl novellaların, xüsusilə "Baladadaşın ilk məhəbbəti"nin müəllifidi... Elçin müəllim mənim üçün "Bir görüşün tarixçəsi", "Ox kimi bıçaq", "Mahmud və Məryəm"... " “Bayraqdar”,  “Toyuğun diri qalması”, “Gümüşü furqon”, “Dolça” ,“Ağ dəvə”, “Ölüm hökmü”, " Baş"  romanını müəllifidi... Elçin müəllim ayrı-ayrı şəxslər barəsində xatirə yazıların müəllifidi... Hansı ki o yazılar - xatirələr  barəsində söhbət açılan şəxsləri bizlərə yenidən və həm də ətraflı şəkildə tanıdır...Elçin müəllim mənim üçün düşündürməyi və inandırmağı bacaran səhnə həyatı verdiyi obrazların müəllifidir... Elçin müəllim mənim üçün həm də ədəbi düşüncəylə fəlsəfi düşüncəni bir-birinə calaq edən yox, bir-birində ifadə edən yazıçı alimdi... nasir, həm də filosofdu... Ona görə də onun oxuduğum əsərlərini demək olar ki, hamısında mən hər bir sözün arxasında ikinci və bəzən də üçüncü sözün dayandığını görürəm. Sözlər qat-qatdı, bir -birinin  arxasında dayanan insanlar kimi. Oxuduğun anda sənə adi görünür. Sonra  həmin O görüntü səniyavaş  və  sakitcə  özünə tərəf  çəkir və başlayırsan gördüyünün ardınca getməyə. Gedib sonsuzluğa yox, işığa çatırsan. Sözün məbədində qaynayan o bulağın gözündə bütün rənglərin, bütün gözəlliklərin və həyatla insanın mücadiləsinin şahidinə çevrilirsən. Burda söhbət daha çox yaşatmaqdan, yaratmaqdan gedir. Dağıtmaq, məhv etmək istəyinə qarşı çıxmaqdan gedir. Və nəhayət, Elçin müəllimin bir nasir, bir dramaturq, bir ədəbiyyatşünas kimi oxucu önünə çıxardığı hər bir fikir, hər bir əsər dərhal müzakirə ünvanına çevrilir. Çünki təzə tərdi... Çünki hamının dediyi formada yox, məhz Elçinin dediyi formada ortaya qoyulubdu. Bu, özünəməxsusluqdu! Bu mənə görə həm də Elçinşünaslıqdı!

Mən Elçin Əfəndiyevin oxucusu olaraq özüm üçün bir gerçəkliyi də müəyyənləşdirmişəm və o gerçəkliyi özümün haqqım kimi qəbul etmişəm. Bu gerçəklik də mənə görə, bundan ibarətdir ki, Elçin Əfəndiyev pafos yazıçısı deyil. Elçin Əfəndiyev gerçəyin, yəni oxucunun yazıçısıdı! Və mən sevinirəm ki, bu gün Azərbaycan söz məkanından kənara çıxaraq Azərbaycan ədəbiyyatını tanıdanların önündə Elçin Əfəndiyev də var! Bu yer onun həm haqqıdır, həm də oxucularının ona verdiyi missiyadır! Bu gün Azərbaycan ədəbiyyatının öncüllərindən biri olan Elçin Əfəndiyev bizim üçün, Azərbaycan üçün, ədəbiyyatsevərlər üçün yazıb yaradır.

Bu  gün ömrünün 82-ci  baharını-yayını  yaşayan və yazıb-yaradan Elçin müəllim barəsində ən yüksək  mərtəbələrdə, səviyyələrdə fikir  bildirilir...münasibət  ifadə  olunur..təbriklər deyilir, yazılır...Bunların hamısı da  birmənalı  olaraq Elçin  müəllimin  halal  haqqıdır! Düşünürəm ki, bir  vətəndaş , bir  yazıçı  xoşbəxtliyi  Elçin  müəllimin ömürlüyünü  bəzəyib! Bu  xoşbəxtlik də onun  Şişanı, Füzulini, bütün  Qarabağı  işğaldan azad  görməsidi! Doğum gününüz də, bu  xoşbəxtliyiniz də mübarək olsun, əziz Elçin müəllim! 

P.S. Çox hörmətli Elçin müəllim, inanın ki, sizə ünvanladığım bu kiçik yazı istəklərimin tam səmimi ifadəsidir. O sizə layiq olmasada, hər halda, mən oxucunuz kimi  yaradıcılığınızla bağlı düşündüklərimi çatdırmağa çalışdım...

14.05.25

  • Avqust:
  • 1

TƏQVİM / ARXİV