"Ədalət"in vaxtı"nı bölüşənlərdən tövsiyələr
Yaşadığı dövrdə
tanınmaq - elə zəmanəsinin qəhrəmanı olmaq deməkdir. Xalq əslində zamanın
seçdiyini tanıyıb sevir, onun düşüncələrini, həyata baxışlarını bilmək istəyir.
Bəs seçilmişlərin zamana cavabı necə
olur?! Bu sualın cavabını təxminən bir il aradıq: "Ədalət”in vaxtı” nda Azərbaycanın
tanınmış simalarının zamanla bağlı düşüncələrini, onların əlahəzrət Vaxtla dost
ya düşmən olmalarını öyrəndik. Cavablar müxtəlif , zidd və maraqlı oldu. Azərbaycanın
tanınmış aktyorları, ədibləri, ictimai-siyasi fəalları hər həftə öz vaxtlarını "Ədalət”in
vaxtı”nda bölüşdülər. Azərbaycan mətbuatının 140-cı ildönümündə milli mətbuatımızın
əsas dayaqlarından, mübarizlərindən olan "Ədalət” qəzeti tanınmışların zamanla,
həyatla bağlı arzu və tövsiyələrini oxuculara təqdim edir:

Qənirə Paşayeva – Zamanın dəyərini bilin. Həyat çox qısadır. Bəzən bəlkə bir an qədərdir. Ömrün hər an sona yetə biləcəyini düşünərək həyatınızı maraqlı, faydalı qurun, dolu-dolu yaşayın.
Rəbiyyət Aslanova – Hər üzünüzə gələn sabahı xoş qarşılayın. Çünki hər sabahın açılışı və bunu sizə görmək imkanı Allahın bir lütfüdür. Vaxtı sevə-sevə yaşamaq lazımdır.
Telli Pənahqızı – Vaxtın fürsətindən yararlanmağı bacarın, bu günün işini sabaha saxlamayın və... özünüzü sevin, həyatınızı sevin.
Vüsalə Mahirqızı – Hansı yaşdasınızsa, ona uyğun yaşayın. Zamanı qabaqlamaq və ya gecikmək lazım deyil. Hər zamanın özünə görə qayda-qanunları var və buna görə davransaq çox yaxşı olar.
Sənubər İskəndərli – Cahil insan vaxtı öldürmək, aqil insan vaxtdan duzgun istifadə üçün vasitə axtarir. İnsan ona ayrılan vaxtın nə qədər olduğunu bilə bilməz. Odur ki, vaxtın qədrini bilək.
Cığatel İsaqızı – Qiraətə, təhsilə çox vaxt ayırın. Böyük sözü dinləyin. Nə zamandan, nə Allahdan küsün. Arzu etməyə davam edin, hər işin, hər olacağın öz zamanı var.
Gülüstan Əliyeva – Heç vaxt zamanı əldən verməyin! Həyatınızı bir göz qırpımında belə olsa, boş və mənasız keçirməyin.
Saodat Muhammedova – Hər dəqiqəni qiymətləndirin. Bu günü sabah tapmaq mümkün olmayacaq. Ona görə də zamanın qədrini bilin.
Söhrab Tahir – İndiki gəncliyin fəaliyyəti, yaşaması üçün gözəl şərait var. Bunlardan faydalanın, öyrənməyə həmişə meyilli olun. Həyata, ailəyə, hadisələrə daha müdrik, məntiqli yanaşın.
Rəşad Məcid – Zövqlə yaşamağa çalışın. Vaxtdan, yaşadığınız dövrandan, həyatdan zövq almağı bacarın. Arzularınızı həyata keçirməyə çalışın.
Səlim Babullaoğlu – Unutmayın ki, bu ömür bircə dəfə verilir və bitəndir. İnsan hər gün, bir dəfə də olsa öləcəyini xatırlamalıdır. Onda zamanı, ömrü, ona verilən imkanları daha düzgün dəyərləndirər.
Əjdər Ol – Hərənin öz baxtı, öz vaxtı var. Amma hər vəziyyətdə vaxtla dostluq edin, zamanla qol-boyun yaşayın. Xoşbəxt olmağa həyatda minlərlə səbəb var.
Əsəd Cahangir – Vaxtın qədrini bilin. Vaxt qızıldır, amma onun qədrini bilməsən nəinki gümüşə, hətta paslı dəmirə çevrilər.
Elçin Mirzəbəyli – Əlinizdə olan zamandan daha keyfiyyətli istifadə edin. Arzuladığınız ömrü yaşayın. Başqalarının arzu və istəklərinə qurban getməyin.
Qəşəm Nəcəfzadə – Ürəyiniz istədiyi kimi yaşayın, özünüzü qəlibə salmayın. Heç nəyin də dalınca qaçmayın, baş verən onsuz da olacaq.
Məmməd İsmayıl – Nəyi öldürsəniz də vaxtı öldürməyin. Özünü bilənə öldürülən vaxtın qisası yaman olur...
Sayman Aruz – Özünüzü vaxtın əsiri etməyin. Bəxt insanın qapısını bir dəfə döyər, xoş o adama ki, qapını vaxtında aça bilir.
Firuz Mustafa – Hərə çalışsın öz vaxtını yaşasın.
Yunus Oğuz – Vaxtınızı itirə bilərsiz, amma ruhunuzu itirməyin. Ruhunuz azad qalsın.
Məhəmməd Rza Çalğın – Elə bir iş görək ki, onunla zirvələrə qalxa bilək. Düşüncələrimizi tam təfsilatı, səmimiliyi ilə insanlara çatdıraq. Əgər bacarmasaq, bu, bizim zəifliyimizdir.
Aydın Mirzəzadə – Vaxtla dost olun. Vaxtdan öyrənin, eləcə də vaxta öyrədin. Vaxtı insanın özü yaradır. İnsan düşüncəsi zamanı reallığa çevirir. Elə isə o reallığı daha müsbət və dəyərli edin.
Fuad Muradov – Verilən imkanlardan, vaxtdan səmərəli istifadə edin. Sonrakı peşmançılıq itirilən, boşa keçən zamanı geri qaytarmayacaq.
Fazil Mustafa – Sizə verilən ömür vaxtı ərzində öz təyinatlarınızı doğru anlayın.
Tahir Əmiraslanov – Yaşamağı bacarın. Kainatı, özünüzü dərk edin.
Vaqif Bəhmənli – Yer üzündə hər şey tapılar, vaxtdan başqa. Vaxtın qiymətini bilin. Zamanla bərabər öz qədrinizi də bilin.
Mənsum İbrahimov – Zamanı düzgün dəyərləndirin. Zaman bizi gözləmir, biz ondan asılıyıq. Ona görə də zamanı boşa vermək olmaz.
Nurəddin Mehdixanlı – Unutmayın ki, hər nəfəs bizim üçün ayrılmış zamandır. O zamanı sərf etməyi bacarın. Xeyir işlər görün, başqalarını sevindirin.
Rafiq Əzimov – Cavanlar! Vaxtın qədrini bilin. Gənclik illərini hədər verməyin, faydalı işlər görün. Arzu və niyyətlərinizə vaxt itirmədən nail olun.
Ramiz Novruz – Vaxtdan qiymətli heç nə yoxdur. İçi boş sözlərə aldanıb zamanı qurban verməyin.
Yasin Qarayev – Zamanın axdığını unutmayın. Amma zamanı da yola salmağa tələsməyin. Ən əsası özünüzə vaxt ayırın.
Arif Quliyev – Çalışın, vaxtınızı səmərəli keçirin. Vaxt həyatımıza qoyulmuş sayğacdır, onu boşa sərf etməyin.
Ağəli İbrahimov – Edəcəyiniz hər əmələ görə cavab verəcəyinizi unutmayın. Həyatı, insanları, işinizi sevin. Hər şeyi öz vaxtında eləməyə çalışın.
Ağalar Bayram – Zamana sinə gərin. Zamana əyilməyin. Fikrən azad olun!
Biz də "Ədalətin” vaxtı”nı bölüşən qonaqlara, oxuculara Əlahəzrət Vaxtın onlarla həmişə ədalətli davranmasını arzu edirik.
Şəfiqə ŞƏFA
Digər Xəbərlər
19 Oktyabr 2021 18:07
Balıq mövsümünün "Omeqa-3" ilə zəngin yeməklər: Balıq şorbası, qızartması, soyutması...
10 Sentyabr 2021 12:10
Yaşamaq gözəldir!!!
21 Dekabr 2020 16:59
“Həkim personalı yetərincə deyil” - Pandemiyadan danışdılar
18 Dekabr 2020 11:29


Bakı -°C

