adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Avqust 2019 11:20
21335
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: KƏNDİMİN ADINA DUA
























Söykənibdi Kirs dağının dizinə
Dan üzündən düşən şehlə yuyunur...
Qız - gəlini düşüb bulaq izinə -
Gözəlliyi hər baxışdan duyulur...

Xumarlanır kol dibində bənövşə
Yaşıllıqlar göz oxşayıb - can alır!
Bürünəndə çay kənarı gülüşə -
Qayaları, daşları da canlanır...

Quşlu dərə, Gilaslı bağ, Baş bulaq
Sağdan, soldan axıb gedən dağ çayı...
Çiçəklikdə məst olub dəsgah quraq -
Seyr eyləyək, gözəlliyi havayı...

Tarixinə şahid olan hər daşın,
Qarşısında həm susaq, həm danışaq...
Təzələyək yurdun qaçqın yaddaşın -
Tuğ kəndinin sabahına qarışaq!