Əbülfət MƏDƏTOĞLU: VƏTƏNSİZLİYİMİN 27-ci İLİNƏ ...
Axşam kəndim var idi,
Səhəri kəndsiz açdım...
Niyə ölüb - qalmadım,
Niyə evimdən qaçdım -
Sonda Vətənsiz oldum ?!
Axşam dünyaya baxan ,
Pəncərəm , qapım vardı...
Evimə sahib çıxan -
Məni kökdən qopartdı ! -
Sonda Vətənsiz oldum...
Axşam isti ocağım ,
Bağım , baxcam, çəpərim...
Səhər qanlı qucağım ,
Güllələnmiş təpərim ...
Sonda Vətənsiz oldum...
Axşam torpaq sahibi ,
Səhər qaçqın adlandım...
Öynəlik yardımlarla
Büküm , büküm qatlandım ...
Sonda Vətənsiz oldum!
... Bəlli axşamlar mənə
Ölüm hökmü oxuyur...
Oktyabrın sonu -
Vallah, Vətən qoxuyur!..
Allah Vətənsiz oldum...