Əbülfət MƏDƏTOĞLU: SEVMƏ
mən tumu acı bir baram
bəsdi özümə , öz yaram...
bilsən günah, saysan haram -
sevmə!..
bilsəm də yerin darlığın
daşıdım "dərdli!" yarlığın!
könlünə yüksə, varlığım -
sevmə!..
əridib ayın gününü
sovurdum göyə külünü...
sən bu yeriyən ölünü -
sevmə!..
sonuncu yalan xəbər tək
üstümdən çarpaz bir xətt çək...
adımı şoran yerdə ək -
sevmə!..
onsuz da ölüm - itim var
dünyada saysız yetim var...
məndə də belə idim var -
sevmə!..