23 Avqust 2021 15:11
2137
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU : "Mənə bircə gilə göz yaşı bəsdi"

Bu kitabın adı məni özünə çəkdi və düşündüm ki, əslində sevdiyinin, doğmanın göz yaşını arzulamaq, bu həqiqi sevgiyə yaraşmayan, uyğun gəlməyən bir istəkdi. Axı, göz yaşı ağrının, acının, həsrətin, ayrılığın ifadəsidi. Amma bir az da dərindən düşünəndə gördüm ki, xoşbəxtliyin də göz yaşı var, vüsalın da göz yaşı var, qovuşmağın da, şadlığın da. Hətta bir-biri ilə uzun ayrılıqdan sonra rəsmiləşən nigahın imzalanma mərasimindəki bir gilə göz yaşı da... başqa bir həyatdı!

Bax, mən bu yozumların içərisində şair qardaşım, dostum, necə deyərlər, öz saflığı ilə ürəyimə hakim olan İbrahim Yusifoğlunun kitabına verdiyi adın aurasında xəyala daldım. Axı, İbrahim Yusifoğlu sözə qarşı son dərəcə diqqətli və tələbkardır. Deməli o, seçdiyi adı min gözəlin, min çiçəyin adından, min sözün içərisindən seçib. Və elə kitabın üz qabığındakı bir bənd şeirə fikir versək, yanılmadığımıza əmin olarıq.

 

Göylərin üzünü aldı buludlar,

Hələ qəlb ürpədən külək də əsdi.

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan...bir gilə göz yaşı bəsdi.

 

Doğurdan da, kimsə kiməsə varlığını, duyğularını, ürəyini, həyatını, bütövlükdə özünü bağışlayırsa və o da bütün bunları alıb dolaba, kitab rəfinə, nəbilim, soyuducuya, əl damına, hara gəldi yığıb unudursa, ya da əhəmiyyət vermirsə, bunun məşəqqəti bilirsiz nə boydadı? Heç düşünmüsünüzmü, təmənnasız, ilahi bir istəklə verdiklərinizin yeri qarşılayanın, alanın ürəyindən başqa hər yerdə var! – Amma aid olduğu, daha doğrusu olacağı ürəkdə yoxdu. İstədiyin anda onu sənə hansısa bir küncdən, bucaqdan tapıb heç bir təəssüf hissi keçirmədən qaytarırsa... Onda bütün onların əvəzinə bir gilə göz yaşı qaytarsa yaxşı olar. Elə deyilmi?

Hə, mən deyəsən bir az çox dərinlərə baş vurdum. Ola bilsin bu da yaşadıqlarımın diqtəsidi. Amma bütün hallarda məni duyanlar, tanıyanlar bilir ki, sevgidən müqəddəs bir də sevgidi. Çünki onun yeri iki ürəyin birləşdiyi nöqtədir. Bu nöqtəni də birləşdirən Allahdı. İbrahim Yusifoğlunun mənə qardaş avtoqrafı ilə bağışladığı bu yeni kitabının mətbəə qoxusunu canına çəkə-çəkə şeirlərini də ruhuma hopdurdum. Çünki bu şeirlər şairin seçmələri idi. O, kitabın adına uyğun olaraq elə bir toplu yaradıb ki, onları oxumadan vərəqi çevirmək olmur. Yeri gəlmişkən xatırladım ki, kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızıdır. 5 bölümdən ibarət olan bu kitabda həyatımızın bütün sahələrinə poetik baxış yer alıb. Şair seçmələrinin ruhunun, ovqatının diktəsi kimi misralayıb. Onun «Arxamca boylanan baxışların var» şeiri və yaxud «Sən məni bənzətmə yaz yağışına» şeiri, həmçinin «İlahi, bu qızı bəd gözdən gözlə» və digər şeirləri çəmənlikdən tək-tək dərilən çiçəklərin bənzəridi. İbrahim Yusifoğlu yazır ki:

 

Otları saralmış, gülləri solmuş

Çəməndən, qırovdan, çəndən qorxuram.

İnadkar gözəltək gözləri dolmuş,

Buluddan qorxmuram, səndən qorxuram.

 

Qorxuram, adına söz gələr axı,

Sözlər sinəm üstə köz ələr axı.

Közlər ürəyimi pöşələr axı –

Qəlbinə çökəcək nəmdən qorxuram.

 

Gözlərin göy kimi durudur, duru,

Yanağın nəm deyil, qurudu, quru.

Üzündə günəşin nurudu, nuru –

Saçına ələnən dəndən qorxuram.

 

Bədnəzər dikilər boyuna sənin,

Qoymaram salalar oyuna səni.

Özüm gələcəyəm toyuna sənin -

Yoluma ələnən qəmdən qorxuram.

 

Əvvəldə vurğuladığım kimi, İbrahim Yusifoğlunun bu kitabında həyatımızın bütün məqamları, olayları şeirləşib. Bəli, onun 44 günlük müharibəmizin Böyük Zəfəri, Qarabağ kədərimiz və sevincimiz, Naxçıvan, Şərur gözəllikləri və özəllikləri, təbiətimiz, coğrafiyamız və bütövlükdə yurd sevgimiz, xüsusilə, Araz nisgilimizlə bağlı şeirləri birnəfəsə oxunur. Çünki bu şeirlərin, bu mövzuların hamısı duyğusal, Vətən övladlarının hər birinin içindən gəlib keçir. Deməli, İbrahim Yusifoğlu bizim iç dünyamızı yazır. Uğurlar olsun, qardaşım, kitabına da, özünə də!